Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Sentyabrın 20-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

Polise.az  xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış edib. Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Qeyd olunub ki, bu günədək hər iki ölkənin maraqlarına uyğun sazişlər və memorandumlar imzalanıb. Hazırda Səudiyyə-Azərbaycan əlaqələri bir çox sahədə, xüsusilə ticarət sahəsində inkişaf yüksək səviyyədədir.

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan Prezidentinin və Hökumətinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir. “Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçılarının səyi nəticəsində əlaqələrimiz daha da inkişaf edir. Hər iki ölkənin əməkdaşlığı bir çox beynəlxalq təşkilatlarda da birlikdə inkişaf edir. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edir. Xüsusilə, ticarət sahəsindəki inkişaf bizi sevindirir. Eyni zamanda, bu ölkə Qarabağda bərpa və quruculuq işlərinə öz töhfəsini verir. Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə dəstək verib və buna görə Ermənistanla əlaqələr qurmamışdır”, – deyə nazir vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button