Cozef Bayden ÇXR lideri ilə görüşü mümkün hesab edir
ABŞ Prezidenti Cozef Bayden Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) noyabrda San-Fransisko şəhərində keçiriləcək zirvə görüşü zamanı Çin lideri Si Cinpinlə görüşün mümkün ola biləcəyini açıqlayıb.
Cozef Bayden belə bir görüşün hələ təsdiqlənmədiyini, amma reallaşması üçün imkan olduğunu deyib.
Əgər görüş baş tutarsa, bu, “Böyük iyirmi”lərin ötən ilin noyabrında İndoneziyadakı zirvə görüşündən sonra ilk Bayden-Si görüşü olacaq.
“Washington Post” qəzeti Bayden administrasiyasındakı mənbəyə istinadla Ağ Evin noyabrda San-Fransiskoda Bayden-Si görüşü üçün iş apardığını yazıb.
Bildirilir ki, ABŞ və Çin diplomatları sentyabrda Vaşinqtonda görüşərək, San-Fransisko zirvə görüşünə dair danışıqlar aparıblar.
Polise.az