Tbilisidə Orta Dəhlizin inkişafı istiqamətində mühüm sənədlər imzalanıb
Dördüncü İpək Yolu Beynəlxalq Forumu çərçivəsində geniş müzakirələr aparılıb, bir sıra sənədlər, o cümlədən Orta Dəhlizin inkişafı və təşviqi istiqamətində çox mühüm sənədlər imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Levan Davitaşvili Tbilisidə keçirilən İpək Yolu Forumunun ikinci günündə jurnalistlərə açıqlamasında bildirib.
“Biz demişdik ki, Gürcüstanda Azərbaycan və Qazaxıstanın dəmir yollarının iştirakı ilə Çindən gələn konteyner yüklərinə xidmət göstərəcək birgə şirkət yaradılacaq. İpək Yolu Forumu çərçivəsində bununla bağlı saziş imzalanıb ki, bu da Orta Dəhlizdə koordinasiya və səmərəliliyin artırılması baxımından mühüm və konkret nəticədir”, – deyə Levan Davitaşvili vurğulayıb.
Onun sözlərinə görə, belə sinxronlaşdırılmış əməliyyatlar və daha geniş koordinasiya ilə rəqabət qabiliyyəti daha da artacaq.