Milli Məclisin sədri: Azərbaycan qadınların idarəçilikdə rolunda uğurlu nəticələr sərgiləyib
Dünya ciddi münaqişə və böhranlarla üzləşir və bunlar qadınların həyatına ciddi təsir edir. Gender bərabərliyi, qadınların bərabər imkanlara çıxışı daha yaxşı dünya üçün vacibdir.
Polise.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Qadınlar: Parlaq gələcəyə aparan yol” mövzusunda panel müzakirədə deyib.
Qadınların səlahiyyətlərinin artırılmasının vacibliyinə toxunan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan qadınların cəmiyyətdə və idarəçilikdə rolunda uğurlu nəticələr sərgiləyib.
Azərbaycan ötən əsrdə qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir.
Parlamentin sədri qeyd edib ki, qadınların cəmiyyətdə rolunun artırılması və bu istiqamətdə siyasətin formalaşması bizim milli prioritetlərimizdən biridir. Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəaldırlar. Qadınların cəmiyyətdə rolu daha da güclənir.
Polise.az