“Bakının yüklənməsini azaltmaq istəyiriksə…” – Komitə sədri xalqın gözləntilərini açıqladı

“Vətəndaş bilməlidir ki, onun şəxsi təsərrüfatı və ailəsi barədə məlumatların toplanması hansı hüquqi məqsədə xidmət edir”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Musavat.com-un suallarını cavablandırıb. Deputat 2027-ci ilin dövlət büdcəsi ətrafında müzakirələrdən, deputatların təşəbbüslərinə hökumətin münasibətindən, Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığından və Ermənistanla sülh prosesinin gələcəyindən danışıb, olduqca maraqlı açıqlamalar verib.
– Zahid bəy, büdcə müzakirələrində, elə hökumət üzvlərinin də iştirak etdiyi komitələrin birgə iclasında vətəndaşların xeyli hissəsinin maraqlarını əhatə edən təşəbbüslər, təkliflərlə çıxış etdiniz. Həmin təkliflərə iclasdan sonra rəsmi qurumlardan reaksiyalar gəldimi? Necə bilirsiniz, 2027-ci ilin büdcə sənədində təşəbbüsləriniz nəzərə alınacaqmı?
– Əvvəlcə bir mühüm məqamı qeyd etmək istəyirəm. Büdcə müzakirələri xalqımızın tarixi Zəfərinin altıncı ildönümünə təsadüf edir. Uzun onilliklər ərzində dövlətin maliyyə imkanları, siyasi və hərbi resursları torpaqlarımızın işğaldan azad olunmasına, müdafiə və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmişdi. İndi Azərbaycan fərqli tarixi şəraitdə yaşayır. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlətin qarşısında yeni iqtisadi və sosial vəzifələr dayanır. Təbii ki, xalqımızın gözləntiləri də əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Bir vaxtlar “Qarabağ boyda dərdimiz var” deyirdik. Haqlı ifadə cəmiyyətimizdə yalnız böyük milli faciənin təsviri deyildi, müəyyən mənada dövlətlə xalq arasında ictimai anlaşmanın da ifadəsi idi. İnsanlar yolların, məktəblərin, xəstəxanaların tikintisinə, sosial problemlərin həllinə zaman tanıyırdılar. Hamı qəbul edirdi ki, dövlətin qarşısında daha böyük tarixi missiya dayanır. İndi isə Qarabağ azaddır, Böyük Qayıdış həyata keçirilir, azad torpaqlarda yeni şəhərlər, kəndlər və istehsal müəssisələri qurulur. Qarabağ məsələsini həll edən dövlətdən vətəndaş daha yüksək rifah, keyfiyyətli xidmət, güclü iqtisadiyyat və sosial ədalət gözləyir. Belə tələblərin yaranması təbiidir və onları düzgün qiymətləndirməliyik.
– Amma Dövlət Statistika Komitəsinin açıqlaması xeyli çaşqınlıq yaratdı və çıxışınızda bu barədə danışdınız. Məsələnin mahiyyətini aça bilərsinizmi?
– Noyabrın 6-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərlə görüşləri, ailələrə yeni mənzillərin açarlarının təqdim olunması, istehsal müəssisələrinin açılması dövlətimizin hansı böyük quruculuq işlərini həyata keçirdiyini göstərirdi. Lakin elə həmin günlərdə informasiya məkanında tamam başqa mövzu geniş yayılmışdı. Guya insanların evlərindəki kompüterlər və digər əşyalar qeydiyyata alınacaq, sonradan onlara görə vergi və əlavə ödənişlər müəyyən ediləcək. Sosial şəbəkələrdə minlərlə istehzalı, narazı və bəzən hətta təhqiramiz şərhlər meydana çıxdı. İnsanların bir qismi yeni qaydaları ev təsərrüfatlarına əlavə maliyyə yükü kimi qiymətləndirirdi. Əslində isə Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri yenilənib, yeni qaydaların yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Uçotun aparılması əsla özlüyündə yeni vergi öhdəliyi məqsədilə aparılmır. Təsərrüfatlarda istehsal olunan məhsulların, o cümlədən ailələrin şəxsi istehlakı üçün saxladıqları kənd təsərrüfatı məhsullarının uçotu ümumi daxili məhsulun hesablanması və sosial-iqtisadi göstəricilərin dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Lakin məsələni yalnız statistik rəqəmlərlə izah etmək də doğru olmaz. Vətəndaş bilməlidir ki, onun şəxsi təsərrüfatı, yaşayış şəraiti və ailə üzvləri barədə məlumatların toplanması hansı hüquqi məqsədə xidmət edir, həmin məlumatlara kim çıxış əldə edə bilər və gələcəkdə hansı qərarların qəbulunda istifadə olunacaq. Üstəlik, parlament komitələrində kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mövcud 100 faizlik gəlir və mənfəət vergisi azadolmasının 90 faizlik güzəştlə əvəz olunması barədə qanunvericilik təşəbbüsü də müzakirəyə çıxarılmışdı. İctimaiyyət həmin xəbərləri bir-biri ilə əlaqələndirirdi. Halbuki statistik uçotla aqrar istehsalçıların vergitutma rejiminin dəyişdirilməsi iki ayrı hüquqi prosesdir.
– Sizcə, anlaşılmazlığı yaradan nə olub?
– Dövlət Statistika Komitəsi qərarın mahiyyətini vaxtında, sadə və anlaşıqlı dildə izah etməli idilər. Dövlətin qərarı barədə yaranan informasiya boşluğunu sonradan təkzib və bəyanatlarla doldurmaq daha çətindir. Rəsmi məlumat gecikəndə onun yerini şayiələr, uydurma xəbərlər və ən müxtəlif yozumlar tutur. Burada yalnız sosial medianı günahlandırmaq düzgün olmaz. Parlamentdə həmin məsələyə xüsusi diqqət çəkdik. Dövlət büdcəsi kimi mühüm maliyyə sənədinin müzakirə edildiyi vaxtda ictimai rəyin əsassız vergi iddiaları ətrafında formalaşması nə dövlətin, nə də cəmiyyətin maraqlarına uyğundur.
– Büdcə sənədində diqqətinizi çəkən və xüsusi önəm verdiyiniz digər məqamlar barədə nə deyə bilərsiniz?
– İkinci böyük məsələ vergi siyasətidir. Maliyyə naziri Sahil Babayevin təqdim etdiyi ortamüddətli hədəflərə görə, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz mənbələri hesabına formalaşması, 2030-cu ilədək isə cari xərclərin qeyri-neft gəlirləri ilə qarşılanması nəzərdə tutulur. Əlbəttə, ölkənin neft gəlirlərindən asılılığının azaldılması mühüm strateji məqsəddir. Prezident İlham Əliyev hələ 2015-ci ildə qeyri-neft iqtisadiyyatının gücləndirilməsini vacib vəzifə kimi müəyyən etmişdi. Ancaq dövlət büdcəsinin gəlirləri cəmi 1,7 faiz artırıldığı halda, vergi daxilolmaları 6,5 faiz, yaxud 1 milyard 395 milyon manat artırılaraq 22 milyard 786 milyon manata çatdırılır. Vergilərin büdcə gəlirlərindəki payı 58 faizə yüksəlir. Mənim qaldırdığım əsas sual həmin artımın hansı iqtisadi mənbələr hesabına təmin olunacağı ilə bağlı idi. Əgər büdcəyə daha çox vergi daxil olacaqsa, bilmək istəyirik: ölkədə daha çox müəssisə yaradılacaq, yeni iş yerləri açılacaq, istehsal və ixrac genişlənəcək, yoxsa mövcud sahibkarların vergi öhdəlikləri artırılacaq? Dövlət üçün hər iki halda vergi gəliri arta bilər. Lakin iqtisadiyyat və vətəndaş üçün nəticələr fərqlidir. Hesablama Palatasının təqdim etdiyi başqa bir rəqəm isə ciddi narahatlıq doğurur. 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcları oktyabrın 1-də 4 milyard 248 milyon manata yüksəlib. Doqquz ay ərzində artım 939,3 milyon manat, yaxud 28,4 faizdir. Növbəti il daha çox vergi toplamağı planlaşdırdığımız halda, mövcud öhdəliklər üzrə borcların belə sürətlə böyüməsi ayrıca araşdırılmalıdır.
Vergi borcları yalnız özəl müəssisələrdə yaranmır. Dövlət sektoruna aid ödəyicilərin borcu doqquz ay ərzində təxminən üç dəfə artaraq 715,5 milyon manata çatıb. Neft-qaz sektorunda da, qeyri-neft dövlət müəssisələrində də böyük məbləğlər mövcuddur. Özəl sektora aid vergi ödəyiciləri üzrə borc isə 3 milyard 234,9 milyon manatdır. Burada ədalətli yanaşma tələb olunur. Dövlət sahibkardan vergi borcunu vaxtında ödəməyi tələb edirsə, dövlət müəssisələrinin yığılıb qalan borclarına da eyni prinsiplərlə yanaşılmalıdır. Bir tərəfdən vergi daxilolmalarını artırmaq istəyirik, digər tərəfdən vergi ödəyicilərinin borcları çoxalır. Səbəbləri bilmədən problemi həll etmək çətin olur. Digər istiqamət dövlətin əsaslı vəsait qoyuluşlarının icrası idi. Hesablama Palatasının rəyinə görə, 2025-ci ildə büdcə xərcləri nəzərdə tutulandan 2 milyard 803 milyon manat az icra olunub. 2026-cı ildə isə 800 milyon manatdan artıq vəsaitin icrasız qalacağı gözlənilir. Xüsusilə 26 sifarişçi təşkilatın 76 investisiya layihəsi üzrə nəzərdə tutulmuş 295,3 milyon manat vəsaitdən doqquz ay ərzində ödəniş aparılmaması ciddi məsələdir.
– Hər il parlamentdə qəbul olunan dövlət büdcəsi sənədində infrastrukturun qurulmasına da kifayət qədər vəsait ayrılır. Təəssüf doğuran budur ki, abadlaşan kəndlərimiz də boşalır. Bunun əsl səbəbi nədir?
– Məktəb, yol, su, enerji infrastrukturu ilə bağlı layihələrin vaxtında başa çatdırılması insanların həyatına bilavasitə təsir edir. Vəsaitin ayrılması hələ layihənin icrası demək deyil. Eyni zamanda, ödənişin aparılmaması heç bir hazırlıq işinin görülmədiyini avtomatik sübut etmir. Ona görə hökumət gecikmələrin səbəblərini, icra qrafikini və məsul qurumları açıqlaması büdcə müzakirələrini daha düzgün istiqamətdə aparmağa kömək edər.
Səhiyyə sahəsində də mühüm məsələlər qaldırdıq. Son aylarda idarəetmə sistemində qəbul edilmiş qərarlar, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi, icbari tibbi sığorta üzrə struktur dəyişiklikləri tibbi xidmətlərin təşkili baxımından yeni imkanlar yarada bilər. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımları da yüksək qiymətləndiririk. Lakin səhiyyə sisteminin fəaliyyətini yalnız idarəetmədəki struktur dəyişiklikləri ilə ölçmək olmaz. Vətəndaş həkimə vaxtında müraciət edə bilirmi, müayinədən keçimi, dövlət xəstəxanasında zəruri tibbi xidmət göstərilirmi? Müqaviləli özəl klinikalara göndərişlərin gecikməsi, təkrar müayinələr, həkim seçimi ilə bağlı müraciətlər diqqətdən yayınmamalıdır. Tibbi xidmətin əlçatanlığı xəstə üçün idarəetmə strukturundan daha vacibdir. Əgər dövlət müəssisəsində avadanlıq işləmirsə və ya gözləmə xəstənin sağlamlığına risk yaradırsa, qanunvericiliyin imkan verdiyi alternativ xidmət mexanizmləri işə düşməlidir.
– Sizin bölgələrimiz, ucqarlarda yaşayan vətəndaşlarımızla bağlı təklifləriniz də çoxlarının ürəyindən oldu…Əslində bu təkliflər cənab Prezidentin əhalinin mərkəzlərə axınının qarşısını almaqla bağlı tapşırıqlarının məntiqi davam sayıla bilər, elə deyilmi?
– Bəli. Nəhayət, kəndlərin gələcəyi və bölgələrimizdə məskunlaşma məsələsini qaldırdıq. Azərbaycanda 4 244 kənd yaşayış məntəqəsi var. Dağlıq və sərhədyanı rayonlarda əhalinin azalması məktəblərin, tibb məntəqələrinin, poçt və digər xidmətlərin fəaliyyətinə birbaşa təsir edir. Məsələn, kənd tibb məntəqələrinin sayı 2024-cü ildəki 1 603-dən 2025-ci ildə 1 512-yə düşüb. Eyni dövrdə müraciətlərin sayı 1 milyon 263 mindən 1 milyon 414 minə yüksəlib. Deməli, xidmətə tələbat artdığı halda, məntəqələrin sayı azalır. Gədəbəydə üç məktəbin ləğvi barədə qərar da mövcud çətinliklərin nümunəsidir.
Bir kənddə məktəb bağlananda yalnız həmin təhsil müəssisəsi fəaliyyətini dayandırmır. Uşaqlı ailələrin kənddə qalmaq imkanları da zəifləyir. Ardınca tibb məntəqəsinin, poçtun və digər xidmətlərin saxlanılması çətinləşir. Nəticədə insanlar yaşayış yerini dəyişməyə başlayırlar. Ona görə sərhəd və yüksək dağ kəndləri üçün fərqli kommunal tariflər, qaz və elektrik istehlakına tətbiq edilən limitlərə yenidən baxılması, müəllim və həkimlərə əlavə ödənişlərin müəyyən edilməsi kimi təkliflər irəli sürdük. Kənddə yaşamağı çətinləşdirən səbəbləri aradan qaldırmadan daxili miqrasiyanın qarşısını almaq mümkün deyil. Paytaxtın yüklənməsini azaltmaq istəyiriksə, bölgələrdə insanların işləməsi, gəlir əldə etməsi və ailələrinin gələcəyini doğma yaşayış məntəqələri ilə bağlaması üçün şərait yaratmalıyıq. Təkliflərimizin qarşılanmasına gəldikdə, parlamentlə hökumət arasında müraciətlərin müzakirəsi və cavablandırılması üçün mövcud mexanizmlər işləyir. Amma konkret təşəbbüslərin büdcənin yekun variantında hansı həcmdə nəzərə alınacağını indidən söyləmək doğru olmaz. Büdcə hələ müzakirə edilir. Əsas məsələ qaldırdığımız problemlərin həlli üçün hansı qərarların qəbul olunacağıdır. Hökumətdən də gözləntimiz məhz konkret nəticələrdir.
(Davamı var )
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button