“Bu da həmin insanların silahlarını gətirib polis bölmələrinə verilməsində öz təsdiqini tapır”

Son günlər ölkənin müxtəlif yerlərindən əhalidən çoxlu sayda avtomat, tapança və tüfənglər müxtəlif yollarla və ya könüllü şəkildə müsadirə olunur. Bəlkə də indiyə qədər bu qədər fakt olmamışdı.

“Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Herbiand.az-a bildirib ki, burada qeyri adi bir şey yoxdur. Respublika Daxili İşlər Nazirliyi bütövlükdə ölkədə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə ictimai asayişin mühafizəsi və ictimai qaydaların qorunması istiqamətində yaddaqalan fəaliyyət istiqamətləri həyata keçirir:

“Bu silahların vətəndaşlarda olması zaman-zaman olub. Döyüş bölgələrinin ətraf rayonlarında yaşayan insanlar başqa yerlərə getdikdən sonra və 44 günlük müharibədən sonra tərxis olunmuş döyüşçülərimizdən odlu silahların vətəndaşa ötürülməsi ehtimal olunur. Görünür bununla bağlı Daxili İşlər Nazirliyində əhalidə kifayət qədər odlu silahların qanunsuz olması ilə bağlı məlumatlar gerçək olduğundan belə çağırışlar edirlər. Belə çıxır ki, əldə olunan məlumatlar da öz təsdiqini tapır. Bütövlükdə məqsəd qeyd etdiyim kimi, ölkədə təhlükəsizliyin tam təmin olunması, sabitliyin dayanıqlı və davamlı olması, həm də ölkədə insan hüquq və azadlıqlarına yönələ bilən qəsdlərin qarşısının alınmasından ibarətdir”.

Təqaüddə olan polis polkovniki bu silahların haradan olması ilə bağlı yuxarıda qeyd etdiyi faktlardan əlavə deyib ki, bəzən Ovçular cəmiyyətinin üzvü olan bəzi silah sahibləri dünyasını dəyişəndən sonra həmin silah uzun müddət kiminsə adına keçirilmədiyindən sahibsiz qalır:

“Belə silahlardan müxtəlif növ cinayətlər törədilə bilər. Təbii ki, onu törədən şəxsiyyətin öyrənilməsi ilə bağlı kifayət qədər vaxta və zamana ehtiyac qalır. Bütün bunların hamısı cinayətkarlıqla mübarizədə çətinlik yaradır. Ona görə Daxili İşlər Nazirliyi bu sahədə çox ciddi, prinsipial mövqe ortalığa qoyub. Bu silahlar yəqin ki, müxtəlif qanunsuz yollarla əldə edilib. Nazirliyin çağırışında belə müraciət forması yer alıb ki, qanunsuz odlu silahları könüllü təhvil verənlər məsuliyyətdən azaddırlar. Bu da həmin insanların könüllü şəkildə silahlarını gətirib ərazi üzrə polis bölmələrinə verilməsində öz təsdiqini tapır. Ona görə düşünürəm ki, bu çox doğru addımdır, vətəndaşlar özləri də buna könüllü qoşulurlar. Hətta kimdəsə yenə belə qanunsuz silahlar varsa, həmin vətəndaşla bağlı anonim də olsa polis orqanlarına məlumat versinlər ki, vaxtında həmin şəxslər bir növ “zərərsizləşdirilsin””.

“Polisə Dəstək” İctimai Birliyinin sədrinin sözlərinə görə, ümumiyyətlə, silahların əldə edilməsi bilavasitə ərazi üzrə polis orqanlarının razılığı ilə olmalıdır:

“O silahlar kimə təhkim olacaqsa psixi durumu öyrənilir, bununla bağlı mütəxəssislərdən rəy alınır. Onların görmə qabiliyyəti və başqa qüsurları varsa tam araşdırıldıqdan sonra ərazi üzrə polis orqanının razılığı ilə təhkim olunur və onlara bu silahların daşınması, saxlanması ilə bağlı bilet təqdim olunur. Amma silahları daimi üzərində gəzdirməyə icazə verilmir. Çünki heç kim zəmanət verə bilməz ki, üzərində odlu silah olan vətəndaş bunu hardasa istifadə etməyəcək. Ona görə bu inam olmadığından insanlar ancaq qanuni yolla silah ala bilərlər. Silahları evdə saxlamaq üçün xüsusi saxlanc yerləri də olmalıdır. Polis vizual qaydada evə baxış keçirərək mənzildə silahın saxlanması üçün əlçatmaz bir yerin olduğunu aydınlaşdırır. Çünki istifadə etmək hüququ olmayan kənar şəxslərin silaha müdaxiləsi əlçatan olmamalıdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button