Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır

Macarıstanın Baş naziri Viktor Orban cümə günü mühüm Aİ sammiti ərəfəsində mümkün kompromisə aparan yolları qeyd edərək, Avropa İttifaqının Ukrayna ilə üzvlük müzakirələrinə başlamaq əvəzinə, ilk növbədə strateji tərəfdaşlıq sazişi imzalamalı olduğunu bildirib.

Polise.az Reuters agentliyinə istinadla xəbər verir ki, Aİ ölkələrinin 27 lideri dekabrın ortalarında Avropa Komissiyasının Kiyevi İttifaqa üzvlük danışıqlarına başlamağa dəvət etmək tövsiyəsini qəbul edib-etməmək barədə qərar verməlidir. Belə mühüm qərarın qəbulu blokun 27 üzvünün yekdil səsini tələb edir və bu məsələdə Macarıstan əsas potensial maneə kimi görünür. Macarıstanın Baş naziri dəfələrlə bildirib ki, onun ölkəsi Avropa Komissiyasının təklifini indiki formada dəstəkləməyəcək.

Viktor Orban cümə günü Ukrayna ilə üzvlük danışıqlarına başlamazdan əvvəl bir neçə məsələnin aydınlaşdırılmasının lazım olduğunu təkrarlayıb. Onun sözlərinə görə, Ukraynanın üzvlüyünün bloka hansı nəticələr verəcəyini qiymətləndirmək qeyri-mümkündür. Macarıstan hökumətinin başçısı əlavə edib: “Əgər bunun hansı nəticələrə gətirib çıxaracağını bilmiriksə, o zaman danışıqlara başlamamalıyıq… Ona görə də mən Aİ-nin əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalaması təklifini irəli sürəcəyəm”.

Viktor Orban qeyd edib ki, sazişin müddəti 5-10 ilə qədər davam edə bilər, həmin müddətdə Ukrayna Aİ-yə daha yaxın olacaq və hazırda mövcud olan böyük ziddiyyətlər aradan qaldırılacaq. “Gəlin birlikdə işləmək üçün vaxt verək və görəndə ki, birgə işləyə bilərik, o zaman üzvlük məsələsini gündəmə gətirək”, -deyə o vurğulayıb.

Baş nazirin təklifi Macarıstan hökumətinin cümə axşamı Aİ rəsmilərinin Budapeştin ölkədəki demokratik nəzarət və tarazlıqlara zərər vurması ilə bağlı Brüsselin dayandırdığı milyardlarla avro Aİ fondlarına çıxışı açmağa yaxın olduğunu bəyan etməsindən sonra irəli sürülüb.

Viktor Orban Ukraynada atəşkəsə çağırıb və bildirib ki, Brüssel Kiyevə daha çox pul vermək istəyirsə, hökumətlərarası razılaşma əsasında Aİ büdcəsindən kənarda ayrıca maliyyə fondu yaratmalıdır. “Hər kəs istədiyi məbləğdə pul ayırmalıdır, biz də (bu fonddan) pulu Ukraynaya göndərməliyik”, – deyə o əlavə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button