ABŞ-da azərbaycanlılara hücum edən ermənilərlə bağlı araşdırma aparılıb

ABŞ-ın Los-Anceles şəhərində iyulun 21-də ermənilər tərəfindən azərbaycanlılara qarşı hücumları araşdıran beynəlxalq işçi qrupu hesabat hazırlayıb.

Bu barədə işçi qrupun onlayn konfransında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev məlumat verilib.

Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 tanınmış hüquqşünas alim iştirak edib.

Hesabatda ermənilər tərəfindən zorakı Los-Anceles hücumunun Kaliforniya qanunları ilə və beynəlxalq hüquqi müstəvidə nifrət cinayəti hesab edilib-edilməməsi barədə mülahizələr yer alır. Hesabatda qeyd edilib ki, 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə üzbəüz 3 000-5 000 erməni etiraz aksiyası keçirərkən buna 30-60 azərbaycanlı etirazçı çıxışı edib.

Getdikcə gərginliyin  artdığını görən Los-Anceles polisi azərbaycanlılara təhlükəsiz təxliyə dəhlizi yaratmaq qərarına gəlir. Lakin 200-300 aqressiv erməni azərbaycanlıları təqib edib, etiraz aksiyası yerindən, təxminən, 300 metr aralıda nifrət hissi ilə onları zorakılığa məruz qoyub.

Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta dəyənək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə ediblər. Hücum nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalıb, o cümlədən 7 azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri alıb, onlardan dördü tibbi müalicə alıb. Bir nəfər ikinci dərəcəli beyin silkələnməsi diaqnozu ilə evdə üç həftə müalicə alıb. 

Üç şahid bildirib ki, etiraz zamanı bir neçə erməninin qadağan edilmiş erməni terror təşkilatı ASALA-nın loqosu və adı olan paltar geyindiyini görüblər. Bu fakt foto və video sübutları ilə də təsdiqlənib.

Hadisədən sonra ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşıb, etnik türklərin və azərbaycanlıların ünvanlarını tapmaqda kömək edənlərə 500 ABŞ dolları mükafat təklif edib, azərbaycanlı hamilə qadınlarının qətlə yetirilməsinə dair çağırış ediblər.

Daha sonra Məhəmməd Quluzadə qeyd etdi ki, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığı Kaliforniyanın federal qanunvericiliyində, eləcə də milli və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qadağan edən insan hüquqlarına dair beynəlxalq sənədlərdə əks olunmuş nifrət zəminində cinayətlər anlayışının əhatə dairəsinə açıq-aydın düşür.

Şəffaflıq Azərbaycan təşkilatının rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, qeyd edilən zorakılıq faktlarına görə Los-Ancelesin hüquq mühafizə orqanlarının nifrət zəminində cinayət maddəsi üzrə cinayət işi başlaması və iyulun 21-də ermənilər tərəfindən törədilmiş “kütləvi zorakılığı” nifrət zəminində cinayət kimi araşdırması üçün tam olaraq qanunverici və faktoloji əsas var.

Digər çıxış edənlər – hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə hesabatın əhəmiyyətini və beynəlxalq praktikaya söykəndiyini qeyd ediblər.

Hesabat Azərbaycan və ingilis dillərində dərc edilib. Hesabatın ABŞ-da, Azərbaycanda və digər ölkələrdə 100-dən çox milli və beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button