Putinlə iranlı generalın mübhəm Azərbaycan müzakirəsi

Moskva və Tehran Azərbaycan üzərindən qaz nəqli planlaşdırır – Bakı sanksiya riskləri qarşısında hansı qərarı verməlidir?

Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvada keçirilən son danışıqlar zamanı Azərbaycan barəsində də danışıblar. Rusiya və İran iki ölkənin enerji sahəsində əməkdaşlığını, o cümlədən Azərbaycan üzərindən qaz nəqli məsələlərini ətraflı müzakirə ediblər. Bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali TASS-a açıqlamasında bildirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə sualı cavablandıran İran səfiri deyib: “Cənab Rezayinin cənab Putinlə görüşü səmimi və konstruktiv şəraitdə keçdi və təxminən üç saat davam etdi. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektri müzakirə olundu və nəzərdən keçirildi. İqtisadi və infrastruktur əməkdaşlığı sahəsində regionlararası əlaqələrin inkişafı baxımından mühüm və strateji layihələrdən biri olan Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsinə və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanmasına xüsusi diqqət yetirildi. Həmçinin Rusiya qazının İrana nəqli layihəsinin həyata keçirilməsi ilə bağlı praktiki məsələlər və iki ölkənin enerji sahəsində əməkdaşlıq istiqamətləri ətraflı nəzərdən keçirildi”.

Səfirin sözlərinə görə, qaz kəmərinin tikintisini nəzərdə tutan uzunmüddətli layihə ilə yanaşı, qısamüddətli əməkdaşlığın inkişafı üçün Azərbaycan üzərindən svop üsulu ilə qaz nəqli variantı da müzakirə edilib.

Pressklub.az saytı öz təhlilində yazır ki, Moskva və Tehranın Azərbaycan ərazisində birgə nəqliyyat və qaz layihələrinin həyata keçirilməsi ilə bağlı rəsmi ritorikası dəyişməz olaraq qalır.

Bəs ölkənin nəqliyyat şəbəkəsinə birbaşa qoşulması nəzərdə tutulan bu dəmir yolu magistralının çəkilməsi Azərbaycanın milli maraqlarına cavab verirmi? Yəni bu nəqliyyat-logistika və enerji layihələrinin praktik olaraq reallaşdırılması faktiki baxımdan Bakının sanksiyalar altında olan iki dövlətə birbaşa iqtisadi yardım göstərməsi və onlar arasında əməkdaşlığa şərait yaratması deməkdir. Azərbaycan tərəfinin daha əlverişli şərait yaranana, konkret olaraq Rusiya və İranda siyasi rəhbərlik dəyişənədək bu təşəbbüslərdə iştirakını dayandırmasının vaxtı çatmayıbmı?

Əli Orucov: “Müxalifət də, elə şəxslər var ki, onlar qarşıdurmaya, təfriqəçiliyə meyllidir”

Əli Orucov

Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi arasında Moskvada keçirilən görüşdə Azərbaycanın adının çəkilməsi və ölkəmizin ərazisindən keçməklə qaz nəqli məsələsinin müzakirə olunması Bakının qarşısında yeni geosiyasi və iqtisadi seçimlər meydana çıxarır. Söhbət sadəcə iki dövlət arasında enerji əməkdaşlığından getmir. Burada Azərbaycanın tranzit imkanlarından, nəqliyyat infrastrukturundan və geostrateji mövqeyindən istifadə etməklə Rusiya-İran iqtisadi əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur: “İlk baxışdan bu təşəbbüslər Azərbaycanın tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsi, əlavə gəlirlər əldə etməsi və regional nəqliyyat xəritəsində əhəmiyyətinin artması baxımından cəlbedici görünə bilər. Ancaq məsələnin digər tərəfi də var: həm Rusiya, həm də İran genişmiqyaslı beynəlxalq sanksiyaların təsiri altındadır. Belə bir şəraitdə Azərbaycan ərazisindən enerji və yük daşımalarının həyata keçirilməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlərinə, Qərb tərəfdaşları ilə əlaqələrinə və maliyyə sisteminə müəyyən risklər gətirə bilər.

Bu məsələyə yalnız iqtisadi mənfəət prizmasından yanaşmaq düzgün olmazdı. Azərbaycanın milli maraqları baxımından əsas sual ondan ibarətdir ki, bu layihələr ölkəmizə nə qazandıracaq, əvəzində hansı siyasi, iqtisadi və reputasiya riskləri yaradacaq və həmin risklərin qarşısını almaq üçün hansı təminatlar mövcud olacaq?

İranın Moskvadakı səfiri Kazım Cəlalinin açıqlamasından aydın olur ki, Rusiya və İran arasında enerji əməkdaşlığının bir neçə istiqaməti müzakirə olunur. Bunlardan biri Rusiya qazının İrana Azərbaycan üzərindən svop mexanizmi ilə çatdırılmasıdır. Təklif edilən sxemə görə, Rusiya qazı Azərbaycanın şimalına daxil olacaq, müqabilində ekvivalent həcmdə qaz Azərbaycanın cənubundan İrana ötürüləcək. Digər istiqamət isə uzunmüddətli perspektivdə Rusiya qazının İrana çatdırılması üçün ayrıca boru kəməri layihəsinin reallaşdırılmasıdır.

İran tərəfinin açıqlamalarında bu layihənin ilkin mərhələdə illik 55 milyard kubmetr, perspektivdə isə 110 milyard kubmetr ötürmə gücünə malik olması nəzərdə tutulur. Burada Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Rusiya ilə İran arasında quru nəqliyyat və enerji əlaqələrinin inkişafı üçün təbii tranzit imkanlarına malikdir. Tərəflər də məhz bu üstünlükdən istifadə etməyə çalışırlar.

Lakin bir məqamı unutmaq olmaz ki, Azərbaycanın ərazisindən qazın tranzit edilməsi ilə Azərbaycan qazının İrana satılması eyni şey deyil. Svop mexanizmində ölkəmiz müəyyən həcmdə qazı qəbul edib başqa həcmdə qazı qarşı tərəfə ötürə bilər. Bunun kommersiya baxımından sərfəli olması üçün tranzit haqqı, qazın qiymətləndirilməsi, texniki itkilər, balanslaşdırma və ödəniş mexanizmləri dəqiq müəyyənləşdirilməlidir.

Əgər Azərbaycan bu əməliyyatdan real iqtisadi gəlir əldə edəcəksə, qaz təchizatının daxili bazara təsiri olmayacaqsa və beynəlxalq maliyyə məhdudiyyətləri ilə bağlı risklər idarə ediləcəksə, layihənin iqtisadi tərəfi müzakirə oluna bilər. Ancaq bunlar olmadan sadəcə tranzit ölkə statusuna görə layihəni milli maraqlara uyğun hesab etmək olmaz”.

Əli Orucov deyib ki, məsələyə şəxslərin hakimiyyətdə qalması və ya dəyişməsi prizmasından deyil, konkret risklərin qiymətləndirilməsi əsasında yanaşmaq daha məntiqlidir. Bununla belə, Azərbaycanın layihələrə dərhal və qeyd-şərtsiz qoşulması da məqsədəuyğun yanaşma sayıla bilməz: “Svop əməliyyatının ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiya rejimlərinə uyğunluğu əvvəlcədən müəyyənləşdirilməlidir. İştirak edən şirkətlərin və maliyyə institutlarının sanksiya statusu yoxlanılmalıdır. Azərbaycanın tranzit xidmətlərindən əldə edəcəyi gəlir və iqtisadi fayda dəqiq hesablanmalıdır. Ölkənin daxili qaz tələbatı və mövcud ixrac müqavilələrinin icrası risk altına düşməməlidir.

Azərbaycan beynəlxalq tərəfdaşları qarşısında özünün enerji təchizatçısı və etibarlı tranzit ölkə statusunu riskə atmamalıdır. Ölkəmizin sanksiya rejimlərinin pozulmasında vasitəçi kimi görünməsi, beynəlxalq maliyyə institutları ilə münasibətlərdə problemlər yaşaması və Avropa enerji bazarındakı etibarlı tərəfdaş statusunun zədələnməsi ehtimalı xüsusi nəzərə alınmalıdır. Ona görə də Azərbaycanın bu layihələrə münasibəti nə avtomatik razılıq, nə də bütün əməkdaşlığın qeyd-şərtsiz dayandırılması üzərində qurulmalıdır. Hər bir layihə ayrıca iqtisadi, hüquqi və geosiyasi ekspertizadan keçirilməlidir. Azərbaycanın coğrafi mövqeyi onun strateji üstünlüyüdür, lakin bu üstünlük ölkəmizin xarici dövlətlərin geosiyasi və iqtisadi problemlərinin həllində alətə çevrilməsi üçün istifadə edilməməlidir. Əsas meyar Moskvanın və Tehranın maraqları deyil, Azərbaycanın uzunmüddətli milli maraqları olmalıdır. Azərbaycan dövləti öz milli maraqlarını üstün tutur və bundan sonra da tutacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button