Məhkəmə ekspertləri üçün ali təhsil tələbləri rəsmiləşdiriləcək

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyətinə dair qanunvericiliyə yeni tələb əlavə edilməsi təklif olunur.
Polise.az xəbər verir ki, dəyişikliyə əsasən, məhkəmə eksperti ixtisaslarının və həmin ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edəcək.
Bu müddəanın “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinə əlavə edilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklə məhkəmə ekspertlərinin hansı ixtisaslar üzrə ali təhsilə malik olmalı olduqları ayrıca siyahı əsasında müəyyənləşdiriləcək.
Layihə, həmçinin qanunun müvafiq müddəalarında terminoloji dəyişikliklərin aparılmasını nəzərdə tutur.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Polise.az



