ABŞ-İsrail-İran üçbucağının vaxtı daralır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İran arasında dolayı danışıqlara ev sahibliyi edə bilər. Bu cür iddialar Yaxın Şərq ölkələrinin mediasında görünməkdədir. Bildirilir ki, məhz Əbu-Dabi bu ay ABŞ prezidenti Donald Trampın nüvə proqramı və digər məsələlərlə bağlı dialoqa çağırış mesajını Tehrana çatdırıb. İslam respublikasına müqavilə bağlamaq üçün iki ay vaxt verilib.

İranın regional rəqibi olan İsrail razılaşmanın mümkünlüyünə inanmır. İsrail nümayəndə heyəti ABŞ-ni güc tətbiq etməyə razı salmaq üçün Vaşinqtona gedib.

BƏƏ-nin ABŞ və İran arasında danışıqlara ev sahibliyi etmək istəməsi təbiidir. BƏƏ kiçik və firavan ərəb ölkəsidir, ancaq olduqca həssas bölgədə, Fars\Ərəb körfəzində yerləşir, İran və İsrail arasında sürəkli müharibə olsa, ayaq altında qalacaq. Ona görə də bu ölkə tam səmimi şəkildə regionda müharibə olmasını istəmir və müharibənin qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır.

140312181608451032331034.jpg (50 KB)

Tramp administrasiyası da BƏƏ-ni İran məsələsində mühüm vasitəçi hesab edərək eyni marağı nümayiş etdirir. “Amwaj” media qurumunun həmsöhbətlərinin fikrincə, dolayı danışıqlar prosesi təcrübəsi ilk baxışdan təsəvvür edilən qədər dolaşıq deyil. Sadəcə, hər iki tərəfdən məsləhətləşmələrin iştirakçıları bir binada toplaşır, danışıqların aparıcıları isə mövqelər haqqında məlumat ötürmək üçün iki otaq arasında hərəkət edir.

Bu yaxınlarda İranın xarici işlər naziri Abbas Araqçı İranın dolayı danışıqlara başlamağa hazır olduğunu bildirib. İran diplomatiyasının rəhbəri deyib: “Bu məsələdə bizim mövqeyimiz tamamilə aydındır: maksimum təzyiq siyasətinin, səslənən təhdidlərin altında İran qarşı tərəfin İrana və İran xalqına münasibətində dəyişiklik olmayana qədər ABŞ ilə birbaşa danışıqlara getməyəcək, lakin dolayı danışıqlar üçün yol açıqdır”.

rial.jpg (64 KB)

Belə bir düşüncə var ki, belə məsələlərdə heç zaman öz mövqeyindən 1 metr geri çəkilməyən və “dediyimiz dedikdir” ədası sərgiləyən İran “dolayı danışıqlar”a hazır olmasını bildirərkən öz milli iqtisadiyyatındakı vəziyyətə görə hərəkət edir. Çünki İran rialı martın 25-də antirekordunu yeniləyib – 1 dollar = 1 milyon rial. Yəni artıq İranda cibində 2 dolları olan hər kəs “milyonçu”dur. Rəsmi Tehran vəziyyətin daha da pisləşməsini istəmir. “Röyter” iddia edir ki, hökumət daxilində böhran göstəricilərinin cəmiyyətin etiraz potensialına necə təsir göstərə biləcəyi ilə bağlı fəal məsləhətləşmələr aparılır.

Martın 25-də erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışan Araqçı bildirib ki, Tehran hazırda Trampın mesajına cavabını formalaşdırır. “O, lazımi vaxtda və lazımi formada veriləcək”, – İran diplomatiyasının rəhbəri deyib.

Müasir dünyada bir mesaja sanballı və əsaslandırılmış cavab vermək bir-iki saatın içində mümkün olduğu halda İranın bu cavabı 2 həftə ləngitməsi, böyük ehtimalla, “dövlət qüruru” və ya təkəbbürlə bağlıdır, ancaq bunun danışıqların nəticələrinə mənfi təsir göstərəcəyi bəri başdan bəllidir. Belə davranışlarla müsbət nəticə əldə ediləcəyinə ümid etmək olmaz.

Trampın BƏƏ vasitəsi ilə İranın ali lideri Əli Xamneyiyə göndərdiyi xüsusi məktubda deyilir ki, İran danışıqlardan, razılığa gəlməkdən imtina edərsə, ona qarşı zor ssenarisi işə düşəcək. Trampın razılığa gəlmək üçün Tehrana iki ay müddət verməsi adamın niyyətinin ciddiliyindən xəbər verir. Bu vaxt ərzində İran tərəfinin hər şeyi ölçüb-biçib optimal qərara gəlməsi mümkündür. Ancaq belə görünür ki, Tehran ona verilmiş vaxtın son günlərinə qədər susacaq, Vaşinqtonun səbrini imtahana çəkəcək, sonra isə ya “razıyam” deyəcək, ya da “razı deyiləm” cavabı verəcək.

Amerika lideri danışıqların məxfi şəkildə, lazımsız reklam olmadan aparılmasına hazır olduğunu da bildirib.

nettram.JPG (43 KB)

İranla ABŞ arasında hər hansı dolayı və ya birbaşa danışıqların aparılması ehtimalı İsraili narahat edir. Çünki ortada danışıqlar varsa, qarşılıqlı güzəştlər olacağı yəqindir. Yəhudi dövləti isə İranla ABŞ-nin arasında olası qarşılıqlı güzəştlərin öz mənafeyinə zidd olacağını düşünür. Ona görə də, İsrail danışıqlar aparmaq üçün bu həftə Vaşinqtona nümayəndə heyəti göndərib. Vaşinqtonda fəaliyyət göstərən “Əl-Monitor” media qurumuna danışan İsrail rəsmisi deyib: “Məqsədimiz Trampa çatdırmaqdır ki, İranın altında saatlı bomba var və elə bir dövrdəyik ki, gözümüzü qırpa, nəzərimizi topdan çəkə bilmərik”.

O, İrana təzyiqi artırmağın, Tehranın vaxt udmasına icazə verməyin mümkün olmadığını düşünür, çünki İran bundan sürətli nüvə sıçrayışı üçün istifadə edə bilər, ondan sonra isə çox gec olar.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ni İrana qarşı hərbi ssenarini təsdiqləməyə inandırmaq istəyir. Üstəlik, İsrail Vaşinqtonun əməliyyatda fəal iştirak etməsinə qarşı deyil. “Al-Monitor” mənbələrindən biri deyir: “Biz amerikalıların bu işi görəcəyini xəyal edirik. Amerikalılar istənilən məsafədə çətin, uzun və effektiv kampaniya apara bilən yeganə insanlardır. Onlarda ağır bombardmançı təyyarələr var. Onların bütün dünyada hava çətiri və logistik infrastrukturu var. Təyyarə daşıyan gəmiləri var”.

Nəşrin həmsöhbətinin sözlərinə görə, amerikalıların İrana piyada qoşunlarını endirməsinə ehtiyac yoxdur – hər şeyi “havadan və dənizdən” etmək olar.

Güc ssenarisi ABŞ tərəfindən hesablanır, ancaq bu son çarə hesab olunur. Ağ Ev İrana qarşı belə bir əməliyyatın mümkün parametrləri haqqında çox mücərrəd danışır. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Uitkoff “Fox News”-a deyib: “Hər məsələni hərbi yolla həll etmək lazım deyil, lakin bu o demək deyil ki, əgər biz müəyyən nöqtəyə çatmağa məcbur olsaq, hərbi əməliyyatlara əl atmayacağıq”. Onun sözlərinə görə, Trampın mövqeyi ondan ibarətdir ki, İranın kütləvi qırğın silahları olmamalıdır. “Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik. Bu baş verməməlidir”, – Uitkoff izah edib.

Tehran rəqiblərinin potensial hücumundan qorxmadığını bütün gücü ilə nümayiş etdirir. “Ölkədə hazırlıq səviyyəsi həddən artıq yüksək, hətta yüz faiz olduğundan əminəm ki, ölkəmizə hücum etmək heç kimin ağlına belə gəlməz, çünki hamı bunun nəticələrini anlayır. Silahlı qüvvələrimiz, Fövqəladə Hallar Nazirliyi, hökumətimiz və xalq qüvvələrimiz tam hazırdır və bu, bizim üçün immunitet yaradır”, – deyə Araqçı bu yaxınlarda bildirib.

Beləliklə, vaxt gedir, vədə daralır, İsrail tələsir, ABŞ səbrlə gözləyir, İran təmkinli görünməyə çalışır, BƏƏ və digər region ölkələri isə çox narahatdır. \Araz Altaylı, Musavat.com\

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button