ABŞ Kəşfiyyatında Zəngəzur dəhlizi uğrunda müharibənin olması barədə məlumatlar var?

ABŞ Kəşfiyyatının yeni hesabatında “Azərbaycan və Ermənistan arasındakı münasibətlərin çox güman ki, gərgin olaraq qalacağı” vurğulanır.

Hesabatda deyilir ki, Azərbaycanın Qarabağı geri alması ilə qeyri-sabitlik səngisə də, Azərbaycanın Ermənistana hərbi təzyiq etmək istəyi davam edir.

“…rəsmi sülh sazişinin olmaması, orduların bir-birinə yaxın yerləşməsi, etibarlı atəşkəs təminatı mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda ölçülüb-biçilmiş hərbi təzyiqdən istifadə etmək istəyi olduğu kimi qalacaq”, hesabatda deyilir.

ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycanın Naxçıvanla birləşmək üçün quru dəhlizinə sahib olmaqda israr etməsi “silahlı münaqişə ehtimalını” artırır.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-yə hesabatı şərh etmədiklərini bildirib.

Jurnalist Könül Şahin Zəngəzur koridoru uğrunda müharibə ola bilərmi sualını regionun təhlilçilərinə verib – aşağıda oxuyun.

Son həftələrdə Azərbaycan Qərbdən ardıcıl olaraq, Ermənistanla bağlı xəbərdarlıq alır. Sonuncu belə xəbərdarlıq ötən həftə Avropa Parlamentindən gəlib: əgər Azərbaycan Ermənistana hücum edərsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir, avropalı deputatlar bildiriblər.

Rəsmi Bakı Ermənistana qarşı hər hansı hücum etmək planının olduğunu təkzib edir. Prezident İlham Əliyev bunu Azərbaycanın “demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsi” sayır.

Bəs bu xəbərdarlığa əsas verəcək nə baş verib?

Bəzi təhlilçilərə görə, Azərbaycan və Ermənistan arasında hələ də razılaşdırılmamış Zəngəzur dəhlizi yeni gərginliyin səbəbi ola bilər.

Azərbaycan bir hissəsi olan Naxçıvana Ermənistandan keçməklə sərhəd-gömrük nəzarəti olmayan dəhliz istəyir. Ermənistan rəsmi Bakıya yol verməyə hazırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nəzarət etmək istəyir və onun bu istəyi də 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb.

Həllini tapmayan bu məsələ ilə bağlı yeni müharibə baş verə bilərmi?

“Bu, Azərbaycanın risk edib-etməyəcəyi məsələsi deyil”

Ermənistanın siyasi çevrələrində və mediasında Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyi ilə bağlı müzakirələr davam edir.

Fevral ayında Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanda hökumətin həftəlik iclasında bildirib ki, Ermənistanın kompromislərə hazır olmasına baxmayaraq, Azərbaycan tərəfi daha çox Ermənistan ərazisini “ələ keçirmək” və Yerevandan digər güzəştlər əldə etmək üçün “hərbi zorakılıq siyasəti” həyata keçirir.

Paşinyan, eyni zamanda “France 24” telekanalına müsahibəsində “Rəsmi Bakının bəyanatlarını təhlil edəndə belə qənaətə gəldik ki, həqiqətən də Ermənistana hücum ehtimalı yüksəkdir” deyib.

Bir çox ermənilər kimi, Ermənistanda mənzillənən siyasi şərhci Hakop Badalyan da bölgədəki nəqliyyat əlaqələrinin hərbi güc yolu bərpa edilməsini “kifayət qədər yüksək ehtimal” sayır. Siyasi təhlilçi əlavə edir ki, bölgədə stabilliyin pozulması regional güclər olan İran və Rusiyanın istəmədiyi bir şeydir, amma Azərbaycan Ermənistana hücum edərsə, Rusiya və İran Azərbaycan və Türkiyəyə qarşı hərbi qarşıdurmaya girməyəcəklər, əksinə, ortaq məxrəcə gəlməyə çalışacaqlar”.

“Vəziyyət riskə doğru inkişaf edərsə, onu idarə etməyin asan olması üçün Ermənistan Qərblə əməkdaşlıq etməyə çalışır”- Hakob Badalyan deyir.

Bu ilin yanvarında Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Ermənistanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu və bu, baş verərsə, bunun Azərbaycan və Avropa İttifaqı münasibətləri üçün ciddi nəticələr doğuracağını bəyan edib.

Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifadə etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayır ki, bunu güc yolu ilə həyata keçirmək istəmir.

“Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, – Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib və bu açıqlamanı Azərbaycana qarşı “pərdələnmiş təhdid” kimi qiymətləndirib.

“Moskva Yerevanı cəzalandırmaq üçün Bakıdan istifadə edə bilər”

Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin – AVİM baş şərhcisi Dr.Turqut Kərəm Tuncelin fikrincə, Moskva Qərbə yaxınlaşmaq siyasəti aparan Yerevanı Bakı vasitəsilə cəzalandırmaq üçün Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlara sövq edə bilər və Bakının burada “diqqətli olması” lazımdır:

“Ermənistana qarşı işğal Azərbaycanın beynəlxalq aləmdə təcavüzkar və günahkar tərəf kimi qəbul edilməsinə səbəb yaradacaq bir hadisə olar. Ona görə də Bakının bu cür təxribatlara qarşı ayıq-sayıq olması məqsədəuyğundur.

Nəticə etibarilə, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalı o qədər də yüksək olmaya bilər. Lakin sərhəd xəttində kiçik miqyaslı münaqişələr gözlənilən hadisələrdir”, – o vurğulayıb.

Amma şərhçi onu da əlavə edir ki, Yerevanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyini iddia etməkdə məqsədi həm Qərb dövlətlərindən siyasi və hərbi dəstək qazanmaq, həm də Azərbaycanı Qərb ictimaiyyətinin nəzərində “şeytanlaşdırmaqdır”.

Avropa Parlamenti fevralın 28-də açıqladığı “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” adlı illik hesabatında qeyd edib ki, Ermənistanın ərazi bütovlüyünə hər hansı bir hərbi təcavüz edilərsə, Prezident Əliyevin hərbi və siyasi əhatəsinə sanksiyalar elan olunmalı, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır. Sənəddə, eyni zamanda Avropa İttifaqı olmayan ölkələrin Azərbaycana yardımları pislənib.

Avropalı deputatlar, həmçinin Ermənistanla daha sıx əməkdaşlığa və Ermənistana özünü müdafiəsi üçün hərbi dəstək göstərməyə çağırıblar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button