ABŞ nəşri “Hayastan” Fondunu ifşa etdi: Xeyriyyə adı altında törədilən cinayətlər

İqtisadi inkişafa yardım məqsədi daşıyan xeyriyyə təşkilatının korrupsiya, cinayətkarlıq və hətta hərbi fəaliyyətlərlə əlbirliyinin zəngin tarixə malikdir. İndi isə bu təşkilatın fəaliyyəti ilə bağlı insanlarda suallar yaranır.

Ermənilər arasında “Himnadram” kimi də tanınan “Hayastan” Ümumerməni Fondunun üzərini qara buludlar alıb. Hələ 1992-ci ildə yaradılan təşkilat beynəlxalq erməni diasporunu öz doğma ölkələri ilə əlaqələndirmək məqsədi daşıyır, bütün bunlar isə məhz elə Ermənistanın özünün iqtisadi inkişafını dəstəkləmək üçün edilir. Bütövlükdə, təşkilatın mövcud olduğu müddət ərzində təxminən bir milyon Ermənistan vətəndaşı toplanmış 400 milyon dollara yaxın vəsaitdən bu və ya digər şəkildə istifadə edib.

“Himnadram” söz verdiyi kimi 2020-ci ilin payızında ölkə qonşusu Azərbaycanla münaqişəyə girdiyi zaman Ermənistanın köməyinə gəldi. Fond qlobal telemarafonlar vasitəsilə 200 milyon dollardan bir qədər az vəsait toplayıb tarixinin ən uğurlu illərindən birini yaşadı. ABŞ, Avropa, Avstraliya və dünyanın digər yerlərindən 750 minə yaxın insan Azərbaycana qarşı müharibədə ermənilərə yardım etmək üçün fonda töhfə verib. Fondun nizamnaməsində Ermənistan hökumətinin birbaşa vəsait alıcısı ola bilməyəcəyi açıq-aydın göstərilsə də, toplanan məbləğin təxminən 60 faizi “təcililik” səbəbindən birbaşa dövlət büdcəsinə köçürülüb.

Müharibə bitəndə isə emosional yüksəliş öz yerini rasionallığa verdi və donorlar 200 milyon dolların necə və hansı formada xərcləndiyini öyrənmək istədilər. Müharibədən sonrakı erməni siyasi mühitində bu məsələ sadə maraq dairəsi sərhədlərini aşdı və yalnız siyasi şantaj adlandırıla biləcək bir məsələyə çevrildi. Ermənistanın hazırkı hökuməti siyasi rəqibləri, xüsusən də keçmiş prezident və “Himnadram” idarə heyətinin üzvü Robert Koçaryan tərəfindən maliyyə vəsaitlərini israf etmək və mənimsəməkdə ittiham olunur.

Mübahisəyə son qoymaq üçün Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan “Himnadram”dan müstəqil yoxlama tələb edib və yoxlama zamanı pozuntu aşkar edilərsə, bütün ianələri geri qaytarmağı təklif edib. Fondun icraçı direktoru Haykak Arşamyan bu qərarla razılaşıb. Bununla belə, yekun yoxlamanın məzmunu hələ ictimaiyyətə açıqlanmayıb. Arşamyan hesab edir ki, iddialar süni şəkildə siyasiləşdirilir, hətta “Himnadram”a qarşı hücumların bəzi dairələr tərəfindən “onlayn trol ordusu”ndan istifadə edərək həyata keçirildiyini iddia edir.

Sui-istifadənin Problemli Tarixi

“Himnadram”ın özünün siyasətlə heç bir əlaqəsi olmadığını iddia etməsinə baxmayaraq, ortada olan faktlar tamamilə fərqli mənzərəni ortaya qoyur. “Himnadram” yarandığı gündən siyasətlə məşğul olub. 1992-ci ildə fondun əsası qoyulanda ona o vaxtkı prezident Levon Ter-Petrosyanın çoxdankı dostu və müttəfiqi Manuşak Petrosyan rəhbərlik etdi. Onu məşhur edən təkcə Petrosyanın prezidentlə şəxsi əlaqələri və ya onunla eyni vaxtda istefa verməsi deyildi: rəhbərlik etdiyi altı il ərzində hansısa yollarla topladığı sərvət, o cümlədən dəbdəbəli evləri, mağazaları və restoranları bu məsələdə rol oynadı. Bundan əlavə Petrosyanın fondla münasibəti onun istefası ilə sonlanmadı. “Himnadram”dan ayrıldıqdan sonra o, “Spektr” adlı tikinti şirkətini qurdu. Sonradan bütün mümkün şirkətlər arasından fond məhz həmin şirkətlə Gümrü Uşaq İncəsənət Mərkəzinin tikintisi üçün müqavilə bağladı.

Kaliforniyada millətçi Daşnak Partiyasının gənclər federasiyasına rəhbərlik edən diaspor ermənisi Raffi Ovannisyan fondun yeni icraçı direktoru təyin olunanda ona Ter-Petrosyanın dövründə pisləşən diaspor daşnakları ilə Ermənistan hökuməti arasında münasibətləri düzəltmək tapşırıldı. 1999-cu ildə “Azg Daily”ə verdiyi müsahibədə Ovannisyan “Himnadram”ın siyasiləşdirildiyini etiraf etdi və açıq şəkildə “əlbəttə, müəyyən qədər siyasiləşmə olub” fikrini səsləndirdi. O, hətta bu cür siyasiləşdirilmənin diaspora ermənilərinin layihələrini həyata keçirmələrinə necə maneə olmasına dair nümunə də göstərib:

“Bir neçə il əvvəl yunan-erməni icması Ermənistana ianə üçün 300 min dollar toplamışdı. Siyasi səbəblərə görə ianə daim təxirə salınırdı”.

“Himnadram”la bağlı narahatlıq fondun tərəfkeşlik nümunələri sərhədini aşır, bu həm də onun vəsaitlərinin necə xərclənməsi məsələsidir. Məsələn, 2007-ci ildə “Himnadram” Sevan gölünün çimərliklərində yerləşən “Kaputak Sevan” kurort kompleksində vindsörfinq mərkəzinin tikintisini maliyyələşdirib. Kurort isə “təsadüfən” keçmiş prezident Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryana məxsus olub. Fond həmçinin obyekt üçün tələb olunan avadanlıqların alınmasını da maliyyələşdirib. İndiki məqamda sual doğuran mərkəzin tikinti büdcəsinin fond tərəfindən rəsmi olaraq tamamilə fərqli şəkildə izah edilməsidir. Hətta Koçaryanın vindsörfinqə şəxsi marağının da bu cür mərkəzin tikintisinə nə dərəcədə təsir etdiyini ehtimal etmək olar.

Digər uyğunsuz hallar da kifayət qədərdir. Fondun 2013-cü ildə keçirdiyi illik telemarafondan sonra məlum oldu ki, Qarabağda Ermənistanın dəstəklədiyi separatçı rejim üçün dəbdəbəli xidməti avtomobillər alınıb, həmçinin bu rejimə bağlı şəxslərin şəxsi bank kreditləri ödənilib.

Bundan əlavə, “Himnadram”ın digər bir icraçı direktoru Ara Vardanyan 2018-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən mənimsəmə və vəsaitdən sui-istifadədə şübhəli bilinərək həbs edilib. MTX-nin məlumatına görə, Vardanyan onlayn-qembling (qumar oyunları) üçün “Himnadram”ın 20 milyon dram (təxminən 41 500 dollar) limiti olan kredit kartından istifadə etdiyini etiraf edib. O, sonradan kredit kartı hesabını ianə edilmiş pullarla doldurub. Daha sonra öz ifadəsində Vardanyan bildirib ki, o, çatışmayan pulları ört-basdır etmək üçün şəxsi pullarından istifadə etməli olub.

Demək ki, burada potensial çirkli pulların yuyulması məsələsi də var. İllik 300 milyon dollarlıq qara bazara sahib, dünyanın vergidən yayınan ölkələri sırasında ilk pillələrdə olan Ermənistan və onilliklər ərzində beynəlxalq inspeksiyanın mümkün olmadığı leqal boz zona olan Qarabağ uzun müddət “Himnadram”ın geniş və mürəkkəb çirkli pulların yuyulması şəbəkəsi üçün etibarlı sığınacaq olub. Unutmayın ki, “Himnadram”ın on altı ölkədəki filialları xeyriyyə təşkilatının bir hissəsi olduqları üçün vergilərdən azaddırlar. Uzun illər ərzində bəzi erməni oliqarxları bu vergisiz statusdan geniş istifadə ediblər. Araşdırmaçı jurnalistlər belə bir hadisənin üstünü açıblar:

İnvestorlar Dağlıq Qarabağda otel tikmək niyyətinə gəliblər. Qondarma respublikanın ağır iqtisadi vəziyyətini nəzərə alaraq, bu, təhlükəli bir iş idi. Onlar sövdələşməni aşağıdakı şəkildə həyata keçirirlər: investorlar ABŞ-dakı “Hayastan Ümumerməni Fonduna külli miqdarda vəsait ianə edir və onu Qarabağda geri alırlar, bu zaman fonda da müəyyən faiz ayırırlar ki, bu da onların ABŞ-a ödəməli olacaqları gəlir vergisi məbləğindən əhəmiyyətli dərəcədə az idi.

“Himnadram” Qarabağda

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan, lakin 2020-ci il müharibəsinə qədər Ermənistan hərbi qüvvələrinin effektiv nəzarəti altında olan Qarabağ bölgəsi Kim Kardaşyan və Serj Tankyan kimi məşhurların da fəal şəkildə dəstəklədiyi “Himnadram”ın otuz illik fəaliyyətinin mərkəzində dayanıb.

“Himnadram” Ermənistan və Qarabağı birləşdirən iki magistral yolun tikintisini maliyyələşdirib: biri Azərbaycanın insansızlaşdırılmış Şuşa və Laçın rayonlarından, digəri isə Kəlbəcərdən keçir. Qarabağda bir sıra digər yollar, o cümlədən Araz çayının cənub sahillərini Ermənistan Respublikası ilə birləşdirən Şimal-Сənub yolu da asfaltlanıb. Bu yol əvvəllər əsasən narkotik və silah ticarəti üçün istifadə olunub.

Bu yollar zahirən insanların və yüklərin hər iki istiqamətdə gediş-gəlişini asanlaşdırdığına görə hamı üçün faydalı olsa da, həm də Ermənistan və Qarabağın faktiki olaraq vahid iqtisadi məkanda birləşməsini təmin etmək üçün nəzərdə tutulmuşdu. Digər hallarda bu yollar Ermənistanın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərini faktiki ilhaqına şərait yaradırdı.

Bundan əlavə bu layihələrin hərbi-strateji nəticələri də var. 1994-cü ildə Ermənistanın birinci Dağlıq Qarabağ müharibəsində qələbəsindən sonra müharibə dövründə arxa cəbhə təminatında çoxsaylı çətinliklərlə üzləşən erməni silahlı qüvvələri nəzarətləri altında olan ərazilərdə ilk növbədə hərbi təyinatlı yolların tikintisinə başladılar. Həmin yolların əksəriyyətini məhz “Himnadram” maliyyələşdirdi: fondun ikinci, üçüncü, beşinci, altıncı, yeddinci, on altıncı və on yeddinci telemarafonlarının hamısı yol tikintisi üçün vəsait toplamağa həsr olunmuşdu və bununla təxminən 67 milyon dollar toplanmışdı.

“Himnadram”ın Qarabağdakı fəaliyyəti təkcə yol tikintisi ilə məhdudlaşmır. “Qarabağ kəndlərinin məskunlaşdırılması” layihəsi çərçivəsində Qarabağa qanunsuz köçürülməyə sponsorluq edib. Xüsusilə azərbaycanlıların tarixən məskunlaşdıqları yerlərdə əhalinin yenidən məskunlaşdırılması cəhdlərinin həyata keçirilməsi onu göstərir ki, layihənin məqsədi evsizləri yaşayış yeri ilə təmin etməkdən daha artıq olub: məqsəd azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq, ərazidə yeni demoqrafik vəziyyət yaratmaq və fakt qarşısında qoymaq idi.

Pullar hara xərclənib?

“Himnadram”ın de-fakto Ermənistanın hərbi işğalını gücləndirmək və beynəlxalq səviyyədə dəstəklənən sülh təkliflərinin həyata keçirilməsinə mane olmaq məqsədi daşıyan Qarabağda onilliklər ərzində göstərdiyi səyləri nəzərə alsaq, fondun 2020-ci il Qarabağ müharibəsi zamanı toplanmış ianələrinin məhz necə xərcləndiyini soruşmaq məntiqlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, “Himnadram”ın Ermənistan hökumətinə etdiyi ianələr hökumətin hərbi xərclərinin təqribən yarısını ödəyib. Bu isə öz növbəsində yenə də qanuniliyi şübhə altında olan, fondun nizamnaməsinə birbaşa zidd olan məqamdır. Maliyyə naziri Vazgen Arutyunyan KİV-in suallarına cavab olaraq bildirib ki, rəhbərlik etdiyi qurum müharibə boyu əsgərlərə tibbi yardım göstərmək və mühüm infrastrukturun saxlanması üçün müxtəlif dövlət qurumları vasitəsilə pul vəsaitlərinin göndərilməsinə nəzarət edib.

“Himnadram”ın əvvəlki fəaliyyəti, eləcə də Paşinyan və Arutyunyanın açıqlamaları “Himnadram”ın topladığı bir sentin belə hərbi məqsədlər üçün xərclənmədiyinə” inanmağı mümkünsüz edir. Əgər Ermənistanın müharibə xərclərinin “təxminən yarısı” beynəlxalq ianələr hesabına qarşılanıbsa, o zaman yəqin ki, vəsaitin bir hissəsi təkcə hərbi texnikanın alınmasına deyil, həm də müharibə zamanı Azərbaycan şəhərlərini atəşə tutan erməni artilleriya qoşunlarının dislokasiya bazalarının, eləcə də müharibə zamanı zədələnmiş hərbi texnikanı təmir edən təmir zavodlarının saxlanmasına istifadə olunub. 

Xeyriyyə pullarının hərbi fəaliyyətləri maliyyələşdirmək üçün istifadə edildiyi sübut olunarsa, “Himnadram”ın bir çox hüquqi yurisdiksiyalarda vergidən azad statusu sual altına düşə bilər. Uzun illər aparılmış araşdırmalar ABŞ-da yerləşən xeyriyyə təşkilatlarının insanları necə aldatdığını və hətta terror təşkilatları üçün ianə topladığını ortaya çıxarıb. Beləliklə, “Ermənistan” fondunun vergisiz statusunun başda ABŞ olmaqla müxtəlif ölkələrdə yaşayan müxtəlif əlaqədar qrupların yoxlama olmadan insanlardan pul almaq və yekun nəticədə həm dar çərçivədəki oliqarx maraqlarını, həm də hərbi cinayətlər də daxil olmaqla, hərbi məqsədləri dəstəkləmək üçün istifadəyə imkan verdiyini ehtimal etməkdə qəribə heç nə yoxdur.

Odur ki, təkcə diaspor erməniləri deyil, həm də azərbaycanlılar da “Himnadram”ın vəsaitlərinin necə istifadə edildiyini öyrənməyə can atırlar. Bunun əsasında isə fondun fəaliyyətinə hüquqi qiymət vermək mümkün olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button