Ağcabədidən Türkiyəyə qardaş köməyi

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş və böyük dağıntılara, on minlərlə insan itkisinə səbəb olmuş zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına Ağcabədi rayonu da qoşulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yardım aksiyasına idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət qoşulub. Əsasən isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar toplanıb.

Vətəndaşlar tərəfindən ianə olunan bütün isti geyimlər və lazımi əşyalar GTM Qarabağ ofisində könüllülər, qazilər, idmançılar tərəfindən çeşidlənərək qutulara yığılıb və iritutumlu maşınlara yüklənərək YAP Ağcabədi Rayon Təşkilatı tərəfindən qardaş ölkəyə yollanmaq üçün Bakıdakı məntəqəyə təhvil verilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button