Ailə cəmiyyətin lokomotividir. Ailəni qorumaq üçün cütlüklər “Sədaqət andı” içməlidirlər – II yazı

Əvvəli

1990-ildən başlayaraq  ailə-məişət zorakılıqlarına görə cinayət hüquq məsuliyyəti qətiləşməyə başladı. 1993-cü ildə BMT “Ailə zorakılığına qarşı mübarizə strategiyası”nı dərc etdi. Orada “Ailə həyatı, ailə üzvlərinə qarşı hər cürə qəddarlığı rədd edir və belə qəddar münasibətlər cinayət aktı kimi tövsif ediləcək”- ifadələri yer almışdı. Bu sənədin qəbuluna qədər ailədə uşaqların tərbiyə edilməsi məqsədilə onların döyülməsinə icazə verilirdisə, bundan sonra qadağalar qoyuldu.

Avropada ailə zorakılıqlarına qarşı mübarizəyə dair qəbul edilən ilk hüquqi akt İstambul konvensiyasıdır. Həmin sənədin 219-cu paraqrafında deyilir: Avropa Şurasının üzvü olan dövlətlərdə ailə-məişət zorakılıqlarına-münaqişələrinə dair kifayət qədər işlər var ki, məhkəmə təqibi ilə müzakirə predmetinə çevrilmir.

Tarixdən bəllidir ki, uşaqlar praktik olaraq heç vaxt valideyn zorakılıqlarından müdafiə oluna bilməmişlər. Dünyanın bəzi ölkələrində məs: Somalidə bu gün də uşaqlara qarşı dözülməz, ağır xəsarətlərin yetirilməsi adət halına çevrilib, aciz və köməksiz vəziyyətdə olan uşaqlar susmaqdan başqa çarələri qalmır. Fiziki təcavüz, seksual zorakılıqlar, qanunsuz həbs etmə, oğurlama, seksual istismara vermə və s. hallar dünyada narahatlıqla qarşılanır.

Bəs ailənin hansı inkişaf mərhələsində böhranlı vəziyyət yaşanır?

İlk növbədə və daha vacib faktorlar aşağıdakılardır:

  • Gənclərin ər-arvad kimi yaşamaq dövrünə alışa bilməməsi, ailənin nəyə qadir olduğunun fərqində olmaması, ailənin müqəddəsliyini anlamaması və ona sədaqət nümayiş etdirə bilməməsi ;
  • İlk uşağın doğulması, cütlüyün ata və yaxud ana  rolunun necə mənimsəməsi; (Bəzən ana uzun müddət uşağın sağlam böyüməsi üçün sağlamlığını qurban versə də, ata bunu görmür, öz həyatını yaşayır )
  • Növbəti uşaqların doğulması;
  • Uşağın məktəbə getməsi;
  • Uşaqlar yeniyetmə yaşına çatandan sonrakı vəziyyət;
  • Uşaqların böyüdükcə evdən uzaqlaşması;
  • Ər və arvadın orta yaşa çatmasından sonra yaranan  böhranlı vəziyyət;
  • Ər və arvadın təqaüdə çıxmasından sonrakı vəziyyət.

Qeyd etdiyim mərhələnin hər biri ailədə müxtəlif stress vəziyyəti yaşada və öz növbəsində  potensial  səbəblər kimi  ailə münaqişəsinə təsir edə bilər.

Ailədə  baş verən müxtəlif dəyişikliklərin və ailənin vəziyyətindəki  gərginliklərin yaşanması daha çox;

Ya boşanmağa və yaxud da, ər və arvadın ayrı yaşamasına;

Ərin (arvadın) yeni yaşayış yeri seçməsinə və ora köçməsinə;

Ərin (bəzən arvadın ) uzun müddətə uzaq məsafəyə  ezamiyyətə yollanmasına;

Başqa dövlətlərdə münasib  iş axtarışına çıxmasına apara bilər;

Təbii ki, bundan sonra tərəflərin bir-birinə olan qarşılıqlı münasibəti də dəyişir və bir yerdə yaşamağın  qeyri-mümkünlüyü üçün səbəb və şərait yetişir.

Təcrübədə ailə münaqişələrinin  müxtəlif növlərinə də rast gəlinir.

 Bura aiddir:

Xüsusi münaqişələr: Yəni, hətta sağlam  və mehriban ailələrdə də  müəyyən vaxtdan sonra  mübahisələr baş verir. Qarşıdurma, baxışların və məqsədlərin uzlaşmaması, fikir və xarakterlərin uyğun gəlməməsi. Amma bu mərhələdə  münaqişələr həllini tapa və ailə həyatı məcrasına yönələ bilər. Ailədəki ziddiyətlər həmişə və bütün səviyyələrdə yaşana bilər. (Yəni, qardaşlar, qardaş-bacı, bacılar  və   valdeyn  övlad arasında da baş verə bilər).

Gərginliklər: Təcrübə göstərir ki, münaqişələr tənzimlənmədikdə ailədəki gərginliklər artmağa başlayır. Həmin səbəblər ailədə hamıya bəlli-aşkar olur, lakin müəyyən vaxta qədər ört-basdır edilir. Bütün hallarda tənzimlənməyən münaqişələri doğuran səbəblər yığıldıqca neqativ emosiyalara, əsəb gərginliklərinə səbəb olur, aqressivliyə dəhliz açılır və nəticədə ailə üzvləri arasında əlaqə-kontakt itir.

Böhran: Ailədəki böranlı vəziyyət əksər hallarda ailənin dağılmasına səbəb olan kriteriyalardandır. Ər və arvadın qanunvericiliklə müəyyən edilən qarşılıqlı məsuliyyətin anlaşılmaması, ailənin müqəddəsliyinin qorunmaması (ər-arvad) borcu və yaxud  valideynlərin uşaqları qarşısında vəzifəsi lazımi qaydada yerinə  yetirilmir, bu öz növbəsində ailənin dağılmasına aparan bir səbəbdir.

Sadalananlar ailədə  konfiliktin əsas tiplərindəndir. Artırmaq da olar.

Ailə  münaqişələri və onları doğuran səbəblər həmişə bir-birləri ilə sıx bağlı olur. Münaqişəyə təsir edən səbəblər  ailədaxili əlaqələri sarsıdır, qarşılıqlı münasibətlərin keyfiyyətinə, ailənin rifahına və gələcək inkişafına psixoloji təsir edir.

Məs: Bəzən ailədə öz hisslərini, fikirlərini və sözünü deməyə imkan verməmək  ciddi fəsadlara zəmin yaradır. Qeyri-sağlam və psixoloji mühitdə olan ailə üzvləri  bir-birilərinə etibar etmədən hisslərini gizlədərək dərdini başqalarına izhar edir, qonşuya pənah gətirir. Bütün bunlar ürək ağrılarından uzaqlaşmaq və psixoloji zədələrdən qaçmağa görə edilir.

Əlaqələrin yoxluğu: Münaqişənin olduğu ailələrdə qohumlar və doğmalar arasında nadir hallarda açıq təmas və münasibət olur. Ailə münaqişələrinin simptomları əmələ gəldikcə  ailə üzvləri bir-birilərindən uzaqlaşır, üz-üzə gəlməkdən çəkinirlər, özlərinə qapanır, gözə görünməməyə , “ailədən qaçma” prinsipinə  üstünlük verirlər.

Yaranmış nifrətin biruzə verilməsi: Bəzən ailədə problem yarananda ailə mövcud problemi gizlətməyə çalışır, heç kimlə dərdini bölüşmür, məhrəm sayılan şəxslərə  yaxınlaşmır, onu mehribancasına dinləyənlər, məsələni  həll etməyə çalışanlar tapılmır. Belə ailələrdə bu və ya digər problemin həlli üçün kimin məsuliyyət daşıyacağı barədə mübahisələrə başlanılır, mübahisələr çox zaman qarşılıqlı nifrətə, hətta güc tətbiq etməsinə gətirib çıxarır. Ailədə tam özbaşınalıq hökm sürür, ailə üzvləri bir-birilərinə hörmət etmir, hissləri görmür və səslərini eşitməzliyə  vurur, yad adama çevrilirlər. Belə mərhələdə münaqişənin həlli çətinləşir, ocağın közərməsinə şərait yaranır.

“Şəxsi ərazinin” qeyri-dəqiq sərhədi: Bəzi ailə üzvləri (kim güclüdürsə və kimdən asılılıq varsa)  digərlərini “əsarətində” saxlayır, onların fərdiliyinə hörmət etmir, şəxsi sərhədlər pozur, “ailə zorakılığına” dəhliz açılır. Bəzən kobud hərəkətlərinin digərləri tərəfindən qəbul edilməsinə vadar edir.

Qarşılıqlı neqativ münasibət: Bəzən tərəflər-qohumlarla yaxınlaşmaq məqsədilə  söhbət etməyə və təmasda olmağa mövzu tapılmır, bir-birilərinə  şübhə ilə yanaşırlar, qarşılıqlı etibar və inam tədricən yox olur. Yumor hissinə  ehtiyac duyulsa da şərait olmur.

Sosial izolyaysiya: Əksər hallarda münaqişə başlanan ailələrdə tərəflər bir-birindən ayrı yaşayır, izolyasiya olunurlar. Mövcud  izolyasiya şəraitində daha çox əzab çəkən isə uşaqlar olur, nəticədə  antisosial davranışlara yol açılır, tədricən yaxınlar və dostlar da yadlaşırlar.

Ardı var

Şəmsəddin Əliyev
Polise.az media xəbər saytının Şef redaktoru

Hamısını Göstər

Related Articles

Back to top button