Ailədəki münaqişələr-zorakılıqlar və problemlər

“Ən yaxşı ailə- qadının kor, kişinin kar olduğu yerdədir”.
 Sokrat

Araşdırmalar göstərir ki, şəxsiyyətlərarası konfiliktlər daha çox ailədə baş verir. Ailənin  hər bir üzvü özünün həyata olan baxışları və özünə xas ideyaları ilə  yaşamaq istəyəndə, “özününkü yaxşıdır” – düşünür və digər yaxınlarını da zorən buna inandırmağa çalışır. Bəzən “razılaşmama” halları  ailədə münaqişələrə və zorakılıqlara yol açır. Bu, daha çox ər-arvad, valideynlə uşaq arasında baş verir. Kübar ailələrdə münaqişələrə “ocaq” olmur. Zorakılıqlar onda başlayır ki, ailə üzvləri müxtəlif baxışlara və inama malik olurlar. Necə deyərlər, münasibətlər səmimilikdən kənara çıxır. Fikir ayrılıqları, bir-birilərini anlamamaq və yaxud, “Mənim dediyim olmalıdır” və s. hallarla tərəflər artıq razılaşmırlar. “Böyüklük” iddiası ailənin bəlasına çevrilir. Məhz belə yanaşma pretenziyalar və incikliklər doğurur, dinc yolla məsələnin həlli unudulur, arzuolunmaz yola üstünlük verilir.

Qədim yunan filosofu Sokrat deyib ki, ən yaxşı ailə-arvadın kor, ərin kar olduğu yerdir. Belə olarsa umu-küsülərə də yer qalmır. Və yaxud, “Biri od olanda, digəri su olmalıdır” atalar məsəlinə hörmətlə, adət-ənənələrə uyğun yanaşılmalıdır.

Lev Nikolayeviç Tolstoy  vaxtilə müdrikcəsinə qeyd etmişdi ki, “…..Hər bir bədbəxt ailə özünə xas bədbəxtdir”. Münaqişələr barədə də eyni sözü demək olar:  “Müxtəlif ailələrdə baş verən münaqişələrin  səbəbləri  də müxtəlif olur.”

Ailəni uşaqlarsız təsəvvür etmək çox ağırdır. Amma zorakılıqlar bəzən daha çox uşaqların gözü qarşısında törədiləndə oğlan uşağı gələcəkdə atasına, qız isə anasına-ananın zorakılıqlara necə tab gətirdiyini özündə formalaşdırmağa, ona oxşamağa çalışar. Bəzən qadın uşaqların və ictimai rəyin xətrinə qadın ləyaqətini və iffətini qurban versə də ailələnin təməlini qoruya bilmir, min bir əziyyətlə qurulan “isti yuva” hörümçək yuvası tək dağılır. Sonra əmlak, aliment mübahisələri insan həyatını gözdən salır.

Rus filosofu, mütəfəkkiri və yazıçısı Fyodor Dostoyevskiy yazır: “Uşaqlarsız insanlığı sevmək mümkün olmazdı”. Amma, acı təəssüf hissi ilə qeyd etmək istərdim ki, boşanan ailələr çox vaxt uçaqların gələcəyini düşünmədən qərar verirlər. İkinci dəfə ailə hayatını quran belə cütlüklərin özlərilə apardığı və yaxud, valideynlərinin himayəsində qoyduqları uşaqların taleyini  gözlərimizin önünə gətirək… Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi bu vaxta qədər nikah və nikahın pozulmasına dair statistik rəqəmləri açıqlamaqla fəaliyyətini davam etdirib. Ailənin qorunması üçün həyata keçirilən Kompleks tədbirlərin səmərəsi hiss olunmur. Və yaxud, NK-nin tərkibinə daxil olan digər qurumların, Təhsil, İdman və Gənclər nazirliklərinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hətta KİV-lərin bu mühüm institutun qorunmasıda rolunu cəmiyyət görmür. Nikahlarına xitam verilmiş ailələr tam unudulur, “ictimai tullantı”ya çevrilirlər. “Sahibsiz” qalan qadın azyaşlılarını saxlamaq üçün nə edəcəyini bilmir… İctimai mənaviyyatsızlığa yol belə başlayır… “Avropalaşırıq”. Bəlkə “ikiarvadlılıq”a imkan verilsə məsələ tədricən həllini tapar? (!)

Münaqişələr nikahın bağlanmasından qısa vaxtdan sonra da ailədə özünə yuva sala bilir. Müsəlmanlığa xas, ali-nəsihətamiz bir cəhət var. Qız atası ürəyinin bir parçası – övladını həsrətlə gəlin gözləyən evə-yeni ocağa yola salınan anda ona xeyir-duadan sonra öyüd verər: “Qızım, şübhəm yoxdur ki, Sən, yeni ocaqda böyüyüb başa çatdığın ailəmizin əsl insani keyfiyyətlərini təqdir edəcək, qaynataya “ata”, qaynanaya “ana” deyər, qaynını “qardaş”, baldızını “bacı” kimi tanıyar, onların hər birinə hörmət və ehtiramla yanaşacaqsan… ” Amma çox təəssüf ki, kürəkənə belə öyüd verilmir. Alışmışıq, tamaşalarda və lətifələrdə qaynanaları zarafat hədəfinə çevirməyə… Evdə oğlanın valideynləri yanında gəlinin ləyaqətinə xələl gətirilir, gəlin təhqir olunur, valideynlərinin ünvanına xoşagəlməz ifadələr işlədilir. Belə davranış qaydaları əslində cinayət hüququnun yurisdiksiyasına aiddir. Buyurun, baxın, ailə münaqişələrinin közərməsinə təsir edən faktorlar necə və nədən ərsəyə gəlir? Amma, bu amillərə adi hal kimi baxırıq. Olmaz! Qəbulediməzdir. Valideynlərinin təhqir oldunduğu ailədə mehribanlıq və qarşılıqlı hörmət gözləməyə dəyməz. Axı, gəlin kölə deyil! Onun da yaşamaq haqqı, istirahət,əmək və digər hüquqları var?Deməli, belə ailələrdə ailə hüququ vecsiz bir əşyaya çevrilir!

Gəlin tarixə nəzər salaq: 1800-cü ilin ortalarına qədər əksər ölkələrin hüquq sistemi ərin arvadı üzərindəki hökmranlığını – onu döyməyi mümkün sayırdı. Amma burada istisna hallar da nəzərdə tutulurdu. Məs: 1641-ci ildə Massaçuset körfəzinin”Azad Bədən”kalonistlərinin qəbul etdiyi aktda bəyan edilirdi ki, nikahda olan qadın “bədən xəsarətlərindən azaddır”. Hətta ər arvadın istəyinə zidd  ona “təcavüz” edə bilməzdi. Sonralar, XİX əsrdə Feminizm siyasi hərakatının tələbləri, 1845-ci, 1850-ci və 1878-ci illərdəki aktlar qadına qarşı olan zorakılıqları, işkəncələri qanuna zidd hesab edirdi. Artıq XX əsrdə ABŞ polisinin ailə zorakılıqlarına müdaxilə etmək hüquqları qanunla qorunurdu. Amma əvvəlki kimi  günahkar nadir hallarda ailədən təcrid və həbs olunurdu. 1990-cı ildən başlayaraq  ailə-məişət zorakılıqlarına görə cinayət hüquq məsuliyyəti qətiləşməyə başladı. 1993-cü ildə BMT”Ailə zorakılığına qarşı mübarizə strategiyası”nı dərc etdi. Orada”Ailə həyatına, ailə üzvlərinə qarşı hər cürə qəddarlığı rədd edir və belə qəddar münasibətlər cinayət aktı kimi tövsif ediləcək”-ifadələri yer almışdı. Bu sənədin qəbuluna qədər ailədə uşaqların tərbiyə edilməsi məqsədilə onların döyülməsinə icazə verilirdisə, bundan sonra isə qadağalar qoyuldu.

Avropada ailə zorakılıqlarına qarşı mübarizəyə dair qəbul edilən ilk hüquqi akt İctambul konvensiyasıdır. Həmin sənədin 219-cu paraqrafında deyilir: Avropa Şurasının üzvü olan dövlətlərdə ailə-məişət zorakılıqlarına-münaqişələrinə dair kifayət qədər işlər var ki, məhkəmə proseslərinin müzakirə predmetinə çevrilmir.

Tarixdən bəllidir ki, uşaqlar praktik olaraq heç vaxt valideyn zorakılıqlarından müdafiə oluna bilməmışlər. Dünyanın bəzi ölkələrində məs: Somalidə bu gün də uşaqlara qarşı dözülməz, ağır xəsarətin yetirilməsi adət halına çevrilib, aciz və köməksiz vəziyyətdə olan uşaqlar susmaqdan başqa çarələri qalmır. Fiziki təcavüz, seksual zorakılıq, qanunsuz həbs etmə, oğurlama, seksual istismara vermə və s. halları narahatlıqla qarşılanmışdır.

  Bəs ailənin hansı inkişaf mərhələsində böhranlı vəziyyət yaşanır?

İlk növbədə:

  -Gənclərin ər-arvad kimi yaşamaq dövrünə alışa bilməməsi, ailənin nəyə qadir olduğunun fərqində olmaması, ailənin müqəddəsliyini anlamaması və ona sədaqət nümayiş etdirə bilməməsi ;

  -İlk uşağın doğulması, cütlüyün ata və yaxud ana  rolunun necə mənimsəməsi; (Bəzən ana uzun müddət uşağın sağlam böyüməsi üçün sağlamlığını qurban versə də  ata bunu görmür, öz həyatını yaşayır )

  -Növbəti uşaqların doğulması;

  -Uşağın məktəbə getməsi;

  -Uşaqlar yeniyetmə yaşına çatandan sonrakı vəziyyət;

  -Uşaqların böyüdükcə evdən uzaqlaşması;

  -Ər və arvadın orta yaşa çatmasından sonra yaranan  böhranlı vəziyyəti;

  -Ər və arvadın təqaüdə çıxmasından sonrakı vəziyyət.

  Qeyd etdiyim mərhələnin hər biri ailədə müxtəlif stress vəziyyəti yaşada və öz növbəsində  potensial  səbəblər kimi  ailə münaqişəsinə təsir edə bilər.

Ailədə  baş verən müxtəlif dəyişikliklərin və ailənin vəziyyətindəki gərginliklərin yaşanması daha çox ;

  • Ya boşanmağa və yaxud ,ər və arvadın ayrı yaşamasına;
  • Ərin (arvadın) yeni yaşayış yeri seçməsinə və ora köçməsinə;
  • Ərin (bəzən arvadın )uzun müddətə uzaq məsafəyə  ezamiyyətə yollanmasına;
  • Başqa dövlətlərdə münasib  iş axtarışına çıxmasına apara bilər;

Təbii ki, bundan sonra tərəflərin bir-birinə olan qarşılıqlı münasibəti də dəyişir və bir yerdə yaşamağın qeyri- mümkünlüyü üçün səbəb və şərait yetişir.

Təcrübədə ailə münaqişələrinin  müxtəlif növlərinə də rast gəlinir.

 Bura aiddir:

  • Xüsusi münaqişələr: Yəni, hətta sağlam  və mehriban ailələrdə də  müəyyən vaxtdan sonra  mübahisələr baş verir. Qarşıdurma, baxışların və məqsədlərin uzlaşmaması, fikir və xarakterlərin uyğun gəlməməsi. Amma bu mərhələdə  münaqişələr həllini tapa və ailə həyatı məcrasına yönələ bilər.
    Ailədəki ziddiyətlər həmişə və bütün səviyyələrdə yaşana bilər.(Yəni , qardaşlar, qardaş-bacı, bacılar  və  valdeyn  övlad arasında da baş verə bilər).
  • Gərginliklər:  Təcrübə göstərir ki, münaqişələr tənzimlənmədikdə ailədəki gərginliklər artmağa başlayır. Həmin səbəblər ailədə hamıya bəlli-aşkar olur, lakin müəyyən vaxta qədər ört-basdır edilir. Bütün hallarda tənzimlənməyən münaqişələri doğuran səbəblər yığıldıqca neqativ emosiyalara, əsəb gərginliklərinə səbəb olur, aqressivliyə dəhliz açılır və nəticədə ailə üzvləri arasında əlaqə-kontakt itir.
  • Böhran: Ailədəki böranlı vəziyyət əksər hallarda ailənin dağılmasına səbəb olan kriteriyalardandır. Ər və arvadın qanunvericiliklə müəyyən edilən qarşılıqlı məsuliyyətin anlaşılmaması, ailənin müqəddəsliyinin qorunmaması (ər-arvad) borcu və yaxud  valideynlərin uşaqları qarşısında vəzifəsi lazımi qaydada yerinə  yetirilmir, bu öz növbəsində ailənin dağılmasına aparan bir səbəbdir.

Sadalananlar ailədə  konfiliktin əsas tiplərindəndir. Artırmaq da olar.

  Ailə  münaqişələri və onları doğuran səbəblər həmişə bir-birləri ilə sıx bağlı olur. Münaqişəyə təsir edən səbəblər  ailədaxili əlaqələri sarsıdır, qarşılıqlı münasibətlərin keyfiyyətinə , ailənin rifahına və gələcək inkişafına psixoloji təsir edir.

  Məs: Bəzən ailədə öz hisslərini, fikirlərini və sözünü deməyə imkan verilməyəndə  ciddi fəsadlara zəmin yaradır. Qeyri-sağlam, gərgin psixoloji durumu olan ailə üzvləri  bir-birilərinə etibar etmədən hisslərini gizlədir, dərdini başqalarına izhar edir,qonşuya pənah gətirir. Bunu bir növ ürəyini boşaltmaq, ağrılarından uzaqlaşmaq və psixoloji zədələrdən qaçmağa görə edirlər.

  • Əlaqələrin yoxluğu: Münaqişənin olduğu ailələrdə qohumlar və doğmalar arasında nadir hallarda açıq təmas və münasibət olur. Ailə münaqişələrinin simptomları əmələ gəldikcə  ailə üzvləri bir-birilərindən uzaqlaşır, bir daha qarşılaşmamağa çalışır, kənara çəkilib özlərinə qapanır, gözə görünməməyə“ailədən qaçma” prinsipinə  üstünlük verilir.
  • Nifrətin yaranması və biruzə verilməsi: Bəzən ailədə problem yarananda ailə mövcud problemi gizlətməyə çalışır, heç kimlə dərdini bölüşmür, məhrəm sayılan şəxslərə  yaxınlaşmır, onu mehribancasına dinləyənlər, məsələni  həll etməyə çalışanlar tapılmır. Mübahisələr üçün “ocaq qalanır” və belə şərait çox zaman qarşılıqlı nifrətə, hətta güc tətbiq etməsinə gətirib çıxarır. Ailədə tam özbaşınalıq hökm sürür, ailə üzvləri bir-birilərinə hörmət etmir, hissləri görmür və səslərini eşitməzliyə  vurur, yad adama çevrilirlər. Belə mərhələdə münaqişənin həlli çətinləşir, ocağın közərməsinə şərait yaranır.
  • Şəxsi ərazinin”  qeyridəqiq sərhədi: Bəzi ailə üzvləri ( kim güclüdürsə və kimdən asılılıq varsa)  digərlərini “əsarətində” saxlayır, onların fərdiliyinə hörmət etmir, şəxsi sərhədlər pozulur, “ailə zorakılığına”dəhliz açılır. Bəzən edilən naqis hərəkətlər digərləri tərəfindən qəbul edilməsinə vadar edilir. “Güc” kimdədirsə o, da “qalibdir”.
  • Birbirilərinə qarşı neqativ münasibət: Bəzən tərəflər- qohumlar arasında söhbət etməyə və təmasda olmağa mövzu tapılmır, bir-birilərinə şübhə ilə yanaşırlar, qarşılıqlı etibar və inam tədricən yox olur. Yumor hissinə heç bir ehtiyac qalmır.
  • Sosial izolyasiya : Əksər hallarda belə ailələrdə tərəflər- hər birilərindən ayrılıqda yaşayır, izolyasiya olunurlar. Mövcud  təcridolma şəraitində daha çox əzab çəkən isə uşaqlar olur, nəticədə  antisosial davranışlara yol açılır, tədricən yaxınlar və dostlar da yadlaşırlar.

Mən, Konstitision müddəadan çıxış edərək belə qənaətə gəlirəm ki, “…ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğuna” görə ailədaxili münaqişələri doğuran səbəb və şəraitin öyrənilməsinə və bu səbəblərin akademik tədqiqatına böyük ehtiyacı var. İlk növbədə ölkədə “Aliment fondu” yaradılmalıdır. Alimentdən yayınan, onu ödəyə bilməyən (istəməyən yox ) şəxsləri həbs etməklə ailənin maddi vəziyyəti düzəlmir. Əksinə, həbs olunan tərəf bir az da ailəsinə qarşı aqressivləşir və residivləşir. İmkanı olan şəxs alimenti ( valideynə, arvadına və uşağına ) ödəməkdən yayınırsa onu həbsxana həyatı ilə islah etmək çətindir. Belələrini bacardığı işlə təmin etmək lazımdır ki, alimentin öhdəsindən gələ bilsin.

Qeyd etdiyim kimi  Aliment fondundan alimentin miqdarı tərəfə ödəməklə, gələcəkdə bu məbləği işləyən tərəfin hesabından tutmaq olar.

  Başqa təklifim ondan ibarətdir ki, AMEA-nın nəzdində ümumiyyətlə cinayətkarlığı və ailə münaqişələrini doğuran səbəb və şəraitin öyrənilməsi üçün ElmiTədqiqatİnstitutu yaradılmalı, səbəblər elmi cəhətdən tədqiq olunduqdan sonra onun aradan qaldırılması istiqamətində NK-yə müvafiq təkliflər verilməlidir ki, vəziyyət pik həddinə çatmasın. Belə olarsa, ailənin əsasını qorumaqla Azərbaycan dövlətinin  təməlini qoruya bilərik.

Bu baxımdan  Milli Elmlər  Akademiyasında  ailə münaqişələrini doğuran səbəb və şərait Elmi tədqiqatın predmetinə çevrilməli və həmin istiqamətdə birgə iş aparılmalıdır.

Sovetin dövründə boşanmalar demək olar ki, yox idi. “Kommunist” ailəsinə də sədaqət nümayiş etdirir, boşanardısa vəzifəsi ilə vidalaşardı… Ailəsini yola verə bilməyən, vəzifəsini davam etdirə bilməzdi.

Digər təklifim də var: Nikah ittifaqı zamanı gələcək ər-arvad “Ailəyə sədaqət” ruhunda and içsinlər. Andı pozmaq, ailənin müqəddəsliyinə, cəmiyyətin əsas özəyinə xəyanət kimi dəyərləndirilsin. Məs: Dövlət rəmzlərinə hörmətsizlik etmək, vətənə sədaqət andını pozmaq və s. konstitusion vəzifələr necə qorunursa, ər və yaxud, arvadın valideyn vəzifələrinə sədaqətsizlik nümayiş etdirməsi qanunla təqib olunsun. Təbii, burada bəzi istisnalar ola bilər. (ərin və yaxud, arvadın ictimai mənəviyyata zidd hərəkətləri – ailə xəyanətləri) Qanunun “Dur”demək  gücü yoxdursa, boşanmaların sayı artımla davam edəcək. Ailə qanunvericiliyində ailənin qorunub saxlanılması üçün yaxşı heç nə yoxdur. Diqqət edin: Birgə nikah dövründə nə alınıbsa onu mübahisələndirmək olar. Təcrübədən məlum olur ki, 10-20 il birgə həyatdan sonra boşanma zamanı sən demə, ərin adına heç nə yoxmuş. Qadın məhkəmə qərarı ilə boşanıb himayəsindəki uşaqlarla ya ata evinə qayıtmalı, ya da kirayəyə ev axtarmalıdır. Qız ata  ocağından “Vağzalı” ilə çıxanda oğlan evinə yanında uşaq aparmamışdı. Bəs boşanandan sonra körpələri ilə ata evinə necə qayıtsın?! Məsələnin görünməyən tərəfi də var. Təmiz, gül qoxulu İffəti və yad əlin toxunmadığı can ilə evdən çıxan gəlinin boşanandan sonra halını gəlin birgə düşünək. Bütün hallarda nikahın pozulması ərin təşəbbüsü ilə baş verərsə hakim sosial ədaləti bərpa etmək və hamıya görk olsun deyə qadının keçmişini və gələcəyini diqqətlə nəzərə almalı, qəbul olunan məhkəmə aktı daha çox arvadın (artıq qızın yox) həyatını nəzərə almalıdır. Qadının evlə təmini və aliment məsələsi həll olunmalıdır. Boşanma ərə qarşı sərt qərarla elan olunanda bəzilərini bu fikirlərindən yayındirmaq olar.
Rəvayət edirlər ki, Sokratın arvadı çox deyingən və eybəcər bir xanım imiş. Amma Sokratın zərb məsələlərindən görünür ki, Onun məşhur filosof olmağında xanımının əvəzsiz rolu olmuşdur.

Sonda nə demək istərdim; Ailə institutu hər bir cəmiyyətin lokomotividir. Əgər ailədə qarşılıqlı hörmət və məhəbbət varsa, ailənin müqəddəsliyi dərk olunarsa – həmin ailə daimidir, özülü möhkəmdir. Ailədə səbr, dözüm nümayiş etdirilməli, çox sözü eşitməməli və daha çox danışılmamalıdır. Necə deyərlər; biri kar, biri isə lal olmalıdır.

Təbiətin canlanması və vəcdə gəlməsi günəşin çıxmasından və yağmurdan nə dərəcədə asılıdırsa, ailənin də qarşılıqlı hörmət və məhəbbətə ehtiyacı var. Əslində mütləq sevgi və məhəbbət yoxdur. Mütləq sevgi Allahadır, Allaha! Müdriklərin dediyi kim sevgini şairlər və yazıçılar əsərlərində uydurublar. Quranda deyildiyi kimi, şairlər xəyallar aləmində dərbədərdirlər, onlar etmədikləri  şeyləri  deyirlər, yazarlar, zənnə qapılarlar. Zənn isə həqiqət sayıla bilməz.

Həyat özü-özlüyündə gözəl bir nağıldır. Onu faciəyə çevirən, bir növ dramatikləşdirən isə biz insanlarıq. Çalışaq, həyatımızı dramatikləşdirməyək. Başa düşməliyik ki,tənhalığın müalicəsi və məlhəmi yoxdur. Fərdin inkişafı və şəxsiyyətin formalaşdırılmasının bünövrəsi də ailədən başlayır. O İlahi bir nemətdir. Onu qorumağa məhkumuq.

Məsəl var deyirlər: Qadın,ona həssas və təbəssüm göstərəcək kişini sifətindən tanıyır-Dənizçi açıq dənizin “xarakterinə” bələd olduğu kimi…

Bilməli, anlamalıyıq ki, qadınlar onların xətrinə dəyənləri sevmir və görmək də istəmirlər… Qınamayaq! Axı, onlar anadırlar-Peyğəmbərləri, dahiləri, müdrik insanları, vətən uğrunda həlak olanları və bizi də bətnlərində ərsəyə gətirib həyata bəxş edən analar!

Ona görə ailə hər şeydən güclü, hər şeydən müqəddəs və hər şeydən deyilməyən həddə üstündür. Vətəndən də! Vətəni iffətimizə və namusumuza görə qoruyur, yolunda canımızı fəda edirik ki, ailəni, vətəni qəsbkarlardan  qoruyaq!

Onore de Balzakın da gözəl bir deyimi var: “Kim qadını idarə edə bilirsə, dövlətlə də bacara bilər.” Təbəssüm göstərsək “idarəçilik” çətin olmaz.

Şəmsəddin Əliyev
hüquqşünas

Hamısını Göstər

Related Articles

Back to top button
Close