Ankaradan İrəvana hədə kimi çağırış – “Sözdən işə keçmək zamanıdır, əks halda…”
Ermənistan rəhbərliyinin sülh oyunbazlığı davam edir. Bunu hər şeydən öncə rəsmi İrəvanın 10 noyabr kapitulyasiya aktına münasibətindən görmək olar. Azərbaycan ərazisində hələ də qanunsuz erməni silahlı dəstələrinin qalmasına israrla çalışan, “Dağlıq Qarabağ konfliktinin bitmədiy” təbliğatını aparan və bunda israr edən İrəvanın Bakı ilə böyük sülh müqaviləsi imzalanması yönündə ciddi addımlarını gözləmək sadəlövhlük olardı.
Erməni yalanları, sayı-hesabı bilinməyən erməni hoqqaları və oyunbazlığı artıq Türkiyəni də bezdirib. Bu narazılıq qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Anadolu” agentliyinə srağagünkü müsahibəsində “qırmızı xətt” kimi keçir.
*****
“Ankara hələ ki İrəvandan konkret addımlar görmür”, – deyə Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi barədə danışarkən söyləyib.
Çavuşoğlu daha sonra İrəvandan fərqli olaraq, Ankara və Bakının öz niyyətlərində səmimi olduğunu nəzərə çatdıraraq bildirib: “Biz Ermənistanın da nə qədər səmimi olduğunu praktikada görmək istəyirik. Hələlik isə ortada yalnız quru mesaj və bəyanatlar var. Doğrudur, təzyiq var – xaricdən erməni diasporu, daxildə fanatiklər qrupu. Ancaq biz Ermənistanın nə qədər səmimi olduğunu görmək istəyirik. Biz bu konkret addımları hələ görməmişik. Başqa layihələrdə, o cümlədən Zəngəzur layihəsində, yaxud hərtərəfli sülh sazişi məsələsində görməmişik. Ermənistan hakimiyyəti, Nikol Paşinyan hökuməti bu məsələlərdə sülh üçün müsbət addımlar atmalıdır. Sözlər artıq yetərli deyil”.
Türkiyə baş diplomatı həmçinin vurğulayıb ki, Ankara Azərbaycanla koordinasiyada Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini həyata keçirir. “Regionda atılacaq addımlar hamının xeyrinədir. Biz Ermənistandan bununla bağlı konkret addımlar gözləyirik”, – deyə Çavuşoğlu bir daha vurğulayıb.
*****
Diplomatik dildən tərcümədə bu açıqlama kifayət qədər sərt tonlu sayıla bilər. Diqqət edildi yəqin, cənab Mövlud Çavuşoğlu erməni tərəfdən sülhə əngəl yaradan obyektiv səbəbləri də göstərib: xaricdəki erməni diasporu, daxildəki fanatik qruplar. Yəni radikal-revanşistlər. Ancaq onlar azlıqdadır. Gerçək belədir ki, son parlament seçkilərində erməni toplumunun əksəriyyəti Nikol Paşinyanın partiyasına səs verərək onu qalib edib. Sülh üçün ona mandat tanıyıb. Demək, Paşinyan istəsə, sülhlə, barışıqla bağlı gündəliyi irəli apara bilər. Ayrı sözlə, siyasi iradə məsələsi. Türkiyə XİN rəhbəri də elə buna işarə vurub.
Əfsus ki, Paşinyan və komandası da keçilmiş fəlakətli yoldan uzaqlaşa bilmir. İki ildir sülh danışıqları əvəzinə, onun imitasiyası ilə məşğul olur.
Məsələn, avqustda Moskvada Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclası keçiriləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisində məlumat verilib. “Lakin görüşün dəqiq tarixi hələ dəqiqləşdirilməyib”, – ofisdən bildirilib.
Təxminən eyni gündə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qrqiroyan müsahibə verərək, bildirib ki, daha Ermənistandan Qarabağa hərbi çağırışçılar göndərilməyəcək, amma “Dağlıq Qarabağda yerli çağırışçıların separatçıların ”müdafiə ordusu”nda xidmətə çağırışı davam edəcək”.
Beləcə, İrəvan Azərbaycanın ərazi bütövlüyünü nəinki tanımamaq kursuna davam edir, üstəlik, Qarabağ anklavında qanunsuz şəkildə möhkəmlənmək planlarından əl götürmür. O zaman 2-3 aydan bir toplaşıb vaxt itirməyə dəyərmi?
*****
Yaxud rəsmi İrəvanın Minsk Qrupunu diriltməyə yönəlik bitməyən israrlı cəhdləri.
Yeri gəlmişkən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel öz Twitter səhifəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin az öncə Tiflisdə baş tutmuş ilk ikitərəfli görüşünü alqışlayaraq yazıb: “Bu, hərtərəfli həll yolunda mühüm addımdır. Avropa İttifaqı dinc, təhlükəsiz və firavan Cənubi Qafqazın tərəfdarıdır. Normallaşmaya, barışığa yalnız birbaşa dialoq vasitəsilə nail olmaq olar”.
Məhz birbaşa dialoq, vasitəçi siz-filansız! Oxşar fikirlər bir qədər sonra Vaşinqton və Parisdən səslənib: “Birbaşa dialoq Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarını həll etməyin ən etibarlı yoludur”.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitter hesabında yazıb: “Cənubi Qafqazda davamlı sülhə nail olmaq əzmində olan Fransa bu görüşü alqışlayır. Fransa Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bir daha bəyan edir və ümid edir ki, bu iki ölkə münasibətlərinin normallaşması üçün əlverişli şərait yaradacaq”.
Bu sitat isə Fransa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatdandır.
Bütün bunlar o anlama gəlir ki, artıq ABŞ və Fransa da Rusiyanın ardınca Minsk Qrupunun “kliniki ölümü” ilə barışır. Yoxsa onların hamısı Bakı və İrəvan arasında birbaşa dialoqun tərəfdarı kimi çıxış eləməzdi. Daha nə olmalıdır ki, İrəvan reallıqla barışsın, “Minsk Qrupu” xülyasından əl çəksin, Bakı və Ankara ilə danışıqlarda Bakı və Ankara qədər səmimi olsun?…