Azərbaycandan Avropaya qaz nəqli başlandı

Şahdəniz konsorsiumu bu gün Xəzər dənizindəki Şahdəniz yatağından Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqlinin başlandığını elan edir. 

Bu barədə  “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Dünya səviyyəli layihə təhlükəsiz şəkildə və qrafikə uyğun həyata keçirilib. Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı  mənbəyi olacaq. 

CQD-nin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir.

Bu dəhliz zəncirinin son bölümü vasitəsilə nəql başlamazdan əvvəl Şahdəniz yatağından qaz həcmləri 2018-ci ilin ortalarından başlayaraq CQD-nin ilk iki hissəsi – genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə təhlükəsiz və etibarlı şəkildə regional bazara ixrac olunurdu. 

CQD Şahdəniz yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz ixracı planlaşdırılır. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin də dediyi kimi: 

“Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! 

7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır. 

Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq.”

Şahdənizin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz fikirlərinə görə:

“Azərbaycandan Avropaya qaz nəqlinin başlanması layihədə iştirak edən bütün ölkələrdən olan minlərlə insanın – işçi qüvvəsinin, icmaların, şirkətlərin, Azərbaycan hökumətinin və digər regional və beynəlxalq hökumətlərin, SOCAR və digər tərəfdaşların illərlə çəkdiyi  zəhmətin kulminasiyasıdır. Bu hər cəhətdən həqiqətən də dünya səviyyəli bir layihədir.

Biz birlikdə əldə etdiklərimizlə fəxr edirik. Layihənin bütün aspektlərinin – mühəndis layihə, texniki, coğrafi və geosiyasi  məsələlərin mürəkkəbliyinə baxmayaraq onu təhlükəsiz şəkildə, qrafikə uyğun və daha aşağı büdcə ilə  gerçəkləşdirdik. Bu tarixi bir hadisədir – Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı eneji xətti ilə birləşmişdir. Bu, bir daha sübut edir ki, biz birlikdə ən mürəkkəb meqa layihələri də uğurla həyata keçirə bilərik”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close