Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz Mehdiyevdən alırdı

Bir neçə gün əvvəl mətbuatda hazırda Londonda yaşayıb fəaliyyət göstərən vəkil Qurban Məmmədova Nərimanov rayonu ərazisində ev verilməsiylə bağlı məlumatlar dərc olunub.

Həmin məlumatda bildirilir ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edib.

Nəticədə, Q.Məmmədovun 150 kvadrat metrlik köhnə mənzili sanki “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadrat metr olan mənzillər verilir. Hazırda Q.Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayırlar. Qeyd olunur ki, Q.Məmmədova Bakının mərkəzində  dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı R.Mehdiyev və Ə.Həsənov olsa da, bu işin icrasını Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev həyata keçirib. 

Sözügedən məsələlərlə bağlı Qafqazinfo-ya daha maraqlı faktlar daxil olub. 

Məlumata görə, həqiqətən də Q.Məmmədova ev verilməsi Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin sabiq müdiri Ə.Həsənovun diktəsi ilə baş tutub. Belə ki, Ə.Həsənov Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyevə zəng edərək Qurban Məmmədova bu qədər əmlakın saxta yollarla verilməsi ilə bağlı göstəriş verib.

A.Fərzəliyev tərəddüd edərək daha yuxarı instansiyaya, yəni sabiq PA rəhbəri R.Mehdiyevə müraciət edib. R.Mehdiyev A.Fərzəliyevə ona verilən tapşırıqların dərhal yerinə yetirilməsi ilə bağlı göstəriş verib. Bundan sonra Fərzəliyev həmin qeyri-adekvat ərazini  Q.Məmmədova verilməsi ilə bağlı sənədləşməni həyata keçirib və evlər ona verilib. 

Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, bir neçə il bundan qabaq  xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Q.Məmmədov əslində təlimatları birbaşa Prezident Administrasiyasında vəzifə daşımış R.Mehdiyev və Ə.Həsənovdan alıb.

Bununla bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən xüsusi araşdırma aparılır və müəyyən faktlar ortaya çıxıb. Bundan əlavə, mətbuatda indiyə qədər Q.Məmmədovun Ə.Həsənovla tələbə yoldaşı olması, vaxtilə  bir yerdə qalması və birgə məclislərdə iştirak etməsi ilə bağlı fotolar və sensasiyalı materiallar dərc olunub. 

Elə ötən ay qəfil DTX tərəfindən həbs olunan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsinin də məlum hadisələrlə əlaqəli olmasına dair məlumatlar var. Belə görünür ki, Azərbaycanda hökumət daxilində şəbəkələşmiş xəyanət qrupu bir neçə fərqli istiqamətlərdə kurasiya olunurmuş.

Onu da bildirək ki, hazırda Ə.Həsənov müalicə almaq adı ilə ölkəni tərk edib. R.Mehdiyev isə nəvəsinə karantin dövründə nümayişkəranə toy keçirtdiyinə və bununla bağlı cəza tədbirləri görüldüyünə görə hökumətə meydan oxumaqda davam edir. Belə ki, R.Mehdiyev üzr istəyib geri çəkilmək əvəzinə hökumətə meydan oxumaqda, ağsaqqal adlandırılmasına baxmayaraq, bu titula adekvat olmayan şəkildə davranışlar sərgiləyib açıqlamalar verməkdə, ölkədəki problemlərin onunla heç bir əlaqəsinin olmadığını iddia etməklə bir qədər də qarşıdurmaya meyilli olmaqda israr edir.

Demək olar ki, AMEA-nın rəsmi saytını şəxsi bloq səhifəsinə çevirərək hər gün açıqlamaları ilə müxtəlif qurumları, dairələri şantaj edir. Azərbaycanda dövlətin və onun idarə olunması praktikasına nəzər salsaq, Prezident İlham Əliyev bu kimi məsələlərdə heç vaxt xəyanəti bağışlamayıb. Belə ki, ölkə başçısının güzəştə getmədiyi yeganə faktor xəyanətdir.

Biz buna indiyə kimi ayrı-ayrı məmurların simasında şahid olmuşuq. Bu dəfə də məsələnin xəyanət olduğu sübut edilib. Q.Məmmədova çoxlu sayda R.Mehdiyev və Ə.Həsənov tərəfindən A.Fərzəliyevin icrası ilə mülkiyyət verilməsinin xəyanət olduğu sübuta yetirilib və bu fakt bağışlanmayacaq!

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close