Dövlət Suverenliyi Günü: 23 saatda tamamlanan tarixi prosesin siyasi nəticələri

20 sentyabr Azərbaycan tarixində dövlət suverenliyinin tam bərpa olunması ilə bağlı xüsusi məna daşıyan gündür. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixində imzaladığı sərəncamla 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Bu tarixə gətirib çıxaran proses isə bir günün və ya bir ilin hadisəsi deyil. Onun kökləri Birinci Qarabağ müharibəsinə, Azərbaycanın ərazilərinin işğalına, etnik təmizləmə və ağır humanitar faciələrə, daha sonra isə 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatına gedib çıxır.
Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinin tələblərini pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirərək, hərbi gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, azərbaycanlı əhali etnik təmizləməyə məruz qalıb, şəhər və kəndlər dağıdılıb, Xocalı faciəsi də daxil olmaqla ağır cinayətlər törədilib. 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük Vətən müharibəsi bu uzunmüddətli prosesin əsas dönüş nöqtələrindən biri oldu. Müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, həmçinin Şuşa şəhəri işğaldan azad edildi, Ağdam, Kəlbəcər və Laçın rayonları 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın şərtləri çərçivəsində Azərbaycana qaytarıldı. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı.
Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürsə də, vədinə əməl etmədi. Ermənistan, xüsusilə, 2020-ci ildən sonra istehsal edilən silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıdı, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırdı. Bundan başqa, Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirdi. 2023-cü il sentyabrın 2-də isə bu hərbi prosesin siyasi davamı olaraq Paşinyan Ermənistanın təcavüzü nəticəsində yaradılan qondarma rejimin “müstəqillik bəyannaməsinin qəbulu günü” ilə bağlı təbrik müraciəti yayımladı. Üstəlik, sentyabrın 9-da qondarma rejimin rəhbərliyinə “seçki” keçirildi. Bu isə 2022-ci ildə Praqada əldə olunan razılaşmalarla tamamilə ziddiyyət təşkil edirdi.
Belə ki, Azərbaycan Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avorpa İttifaqının (Aİ) ovaxtkı prezidenti Şarl Mişel arasında 2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşdə qəbul edilən bəyannaməyə əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci illə bağlı hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı Alma-Ata Bəyannaməsi öhdəliklərini təsdiqləyirlər. Həmin bəyannamədə Müstəqil Dövlətlər Birliyinin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqlənir. Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə imzalanmış sazişə əsasən, MDB-nin yaranması elan olunur. Alma-Ata bəyannaməsində isə üzv respublikalar bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacağı, Respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməyəcəyi, Respublikaların suverenliyi prinsipinin mühafizə edilib saxlanılacağı və onların bir-birləri ilə bərabər statusa malik olacaqları, cəmiyyətin sülhə, azadlığa və insan hüquqlarına hörmət edəcəyi ilə bağlı öhdəliklər götürülür. Lakin Ermənistan bu öhdəliklərə də əməl etmir. Beləliklə, bir tərəfdən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edir, digər tərəfdən isə Qarabağdakı separatçı qurumun siyasi fəaliyyətinə dəstək nümayiş etdirir. Bütün bunlar da Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımadığını bir daha nümayiş etdirirdi.
Bütün bunların nəticəsi olaraq, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağiqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına start verildi. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Ordumuz respublikamızın suverenliyini tam bərpa etdi. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxmaq məcburiyyətində qaldılar və separatçı qurumun faktiki fəaliyyəti dayandı. Bu mərhələ Azərbaycan üçün yalnız hərbi deyil, həm də siyasi-hüquqi nəticələri olan hadisə idi. Çünki 2020-ci ildən sonra Qarabağın statusu ətrafında aparılan müzakirələr artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə söykənirdi. Məhz Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı dediyi kimi:
“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var”.
Beləliklə, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün tam olaraq təmin olunmasını təmin etdi və əldə edilən nəticələri sonrakı sülh danışıqlarının əsas reallığına çevrildi. Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ formalaşdı və 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı. Bir sözlə, Ermənistan və Paşinyan sülhə məcbur edildi. Çünki bu hadisələr Nikol Paşinyanın sülhpərvər olmadığını, işğalın davam etdirilməsi üçün sona qədər çalışdığını göstərdi. Sadəcə Prezident İlham Əliyevin qətiyyəti ona sülhə getməkdən başqa yol qoymadı.
Bu proses də Qarabağdakı separatçı qurumun tarixində son mərhələni formalaşdırdı. Bütün bunların məntiqi nəticəsi olaraq, 28 sentyabr 2023-cü ildə qondarma respublikanın “prezidenti” Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən qondarma rejim fəaliyyətini dayandırdı. Oyuncaq rejimin keçmiş rəhbərliyinin bir sıra yüksəkvəzifəli şəxsləri, o cümlədən Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan saxlanıldı və Bakıda məhkəmə qarşısına çıxarıldı. Beləliklə, 2023-cü ilin sentyabr hadisələri 30 ilə yaxın davam edən münaqişənin hərbi-siyasi mərhələsini faktiki olaraq başa çatdırdı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması isə bu prosesin simvolik yekunu oldu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağını ucaltması uzun bir tarixi mərhələnin simvolik yekunu olmaqla yanaşı, yeni mərhələnin başlanğıcını da ifadə etdi. Həmin gün Xankəndidə Prezident İlham Əliyev Qarabağ münaqişəsinin əvvəlki mərhələsində səsləndirilmiş bəzi təhdidlərə də cavab verərək bildirmişdi:
“Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında”.
Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin siyasi mahiyyəti də məhz burada görünür. Bu gün yalnız 23 saat davam edən hərbi əməliyyatın ildönümü deyil, bu gün Birinci Qarabağ müharibəsindən başlayan, 2020-ci ildə yeni mərhələyə keçən və 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun bərpası ilə yekunlaşan uzunmüddətli prosesin ədalətli təntənəsidir. Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində güclü Azərbaycan dövləti fenomeni formalaşıb. Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq. O Azərbaycan ki, vaxtilə işğal edilən, şəhərləri dağıdılan, ekologiyası zərər görən, mədəni irsi məhv edilən əraziləri azad ediləndən qısa müddət sonra öz hesabına geniş bərpa-quruculuq işləri həyata keçirir, “Böyük qayıdış” proqramı uğurla icra olunur. Uzun illər əvvəl öz doğma yurdlarından didərgin düşən soydaşlarımız, bu gün həmin torpaqlarda alnı açıq, başı dik və suveren Azərbaycanın vətəndaşları kimi yaşayırlar. /Oxu.az/
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button