Azərbaycan diversantlara niyə humanist cəzalar verdi: ermənilərə və dünyaya mesaj

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünə hökm oxundu.

Xatırladaq ki, Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə mühakimə olunurdular.
Prokuror bugünkü məhkəmə iclasında çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.
Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi başa çatar-çatmaz erməni diversantlara humanist cəzalar təyin olunması sosial şəbəkələrdə müzakirəyə çıxarıldı.
Təbiidir, cəmiyyət üçün həssas məsələdir və odur ki, dərhal da buna soyuq təhlillər verilməsi zərurəti vardır. Təbii, məhkəmə hüquqi aspektləri əsas tutaraq hökm verib. 

Ancaq heç şübhəsiz ki, indiki həssas durumda məsələyə həm də siyasi və regional aspektlərdən yanaşma da doğru sayılır.

Öncə ona diqqət edək ki, Azərbaycan tərəfi bu məhkəmə prosesində bütün istəklərinə nail olub.
Əvvəla, məhkəmə prosesində Ermənistanın hərbi-siyasi rəhbərliyinin – cinayətkar rejim və dairələrin ölkəmizə qarşı davamlı olaraq aparmış olduqları terrorçuluq, təxribat hərəkətləri məhkəmədə təkzibedilməz sübutlarla təsdiq edildi. Məhkəmə zamanı şahid və təqsirlədirilənləri ifadəsi bunları bir daha sübuta yetirdi. Məhkəmə hökmü o deməkdir ki, Ermənistan beynəlxalq arenada artıq rəsmi sənədlə, sübutlarla terrorçu dövlət kimi xarakterizə ediləcək.
Yəni tarixən bizə məlum olan faktlar məhkəmədə bir daha öz təsdiqini tapdı və de-yure dünyaya bəyan ediləcək şəkildə arxiv formalaşdırıldı. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində də Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı, bəzilərini həyata keçirməyə cəhd etdiyi, qismən və müəyyən dərəcədə reallaşdıra bildiyi terror mahiyyətli cinayət əməlləri tam sübut edildi.
Ən vacib məqam ondan ibarətdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətdiyi və sübut olunan, erməni diversantların dilindən səslənən ifadələrlə təsbit edilən cinayət əməllərinə görə ayrıca bir cinayət işi başlanacaq. Belə ki, bunu üçün prokurorun vəsatəti əsasında məhkəmə xüsusi qərardad çıxarıb və prokurorluğa göndərilib.
Paralel olaraq məhkəmədə mühakimə olunan, hökm oxunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış da artıq elan edilib.
Həmçinin, məhkəmə prosesinin gedişində də aşkara çıxdı ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər. Bunu diversantlar ifadələrində təkrar-təkrar, xüsusi vurğu ilə deyir və çalışırdılar ki, protokola düşməsinə nail olsunlar. Onlar məhkəmə iclaslarında verdikləri sərbəst ifadələrində deyirdilər ki, onlar Qarabağda xidmətə zorla, ölümlə, həbslə təhdid edilərək göndəriliblər. Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Hətta diversantlar imdad diləyərək bildirirdilər ki, Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri, istəkləri olmayıb, buna zorən, ağır təhdidlərlə məcbur ediliblər.
Mühakimə olunan ermənilərlə bağlı bir məqam da diqqəti cəlb etdi. Onların anket məlumatları dəqiqləşdirilərkən üzə çıxırdı ki, demək olar ki, hamısı işsiz, ağır sosial şəraitdə yaşayan ermənilərdir. Bəziləri hamballıq, ağır işlərdə çalışmaq üçün dəfələrlə xarici ölkələrə gediblər, minimum ehtiyaclarını ödəmək üçün ən çətin işləri görüblər.
Bunu qeyd etməyimiz əbəs deyil. Çünki ermənilərin bu açıqlamaları bir daha təsdiqləyir ki, Ermənistanda sosial vəziyyət bizə bəlli olduğundan da pisdir, insanların əksəri yavan çörək üçün sözün əsl mənasında mücadilə edirlər. Bu, hələ müharibəyə qədər olan dövrdür. Müharibədə darmadağın olmuş Ermənistandakı indiki durumu təsəvvür etmək belə mümkün deyil…
Bu məhkəmə prosesi həm də erməni xalqına bir dərs oldu: Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri nəticəsində əksəri gənc olan şəxslər qurbanlıq kimi istifadə olunublar, sonda da məhkəmə qarşısında cavab verdilər!

Bu diversantlar faktiki olaraq bədbəxt, yazıq edilmiş erməni xalqının nümayəndələridir, onlar hətta bunu göz yaşları içində özləri etiraf edirdi.
Azərbaycan dövləti hər zaman bəyan edib ki, bizim məqsədimiz erməni xalqı ilə düşmənçilik aparmaq deyil. Ermənistanın hərbi-siyasi canilərinin cəzalandırılmasına və əməllərinin ifşasına nail olmaqdır. Həmçinin, qalib Azərbaycan öz məğrurluğunu, eyni zamanda humanizmini əsirgəməyib.
Həm diversantların məhkəmə prosesində Azərbaycan öz məqsədlərinə tam çatması, eyni zamanda daim humanizmə üstünlük verməsi, eyni zamanda bundan sonrakı mərhələdə – post-müharibə dövründə bölgədə sülh tərəfdarı olması səbəbindən öz prinsiplərinə sadiq qalıb.

Bu, bölgədə davamlı və dayanıqlı sülh istəyən Azərbaycanın daha bir jesti və həm Ermənistana, həm də dünyaya sülh mesajıdır!
Ümid edək ki, Ermənistan xalqı bundan özü üçün nəticələr çıxarmağa çalışacaq, ölkə rəhbərliyi isə uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə, regionda sabitliyin bərqərar olmasına doğru addımlar atacaq. Azərbaycan bu yöndə daha bir töhfəsini verdi…

Hamısını Göstər

Related Articles

Back to top button