Azərbaycan Ermənistan qarşısında Zəngəzur tələbini qaldıra bilər – gözlənti

Beynəlxalq hüquq üzrə ekspertlərdən maraqlı şərh: “Belə bir iddianı irəli sürsək…”

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov maraqlı təkliflə çıxış edib. Deyib ki, İrəvan sülh sazişini imzalamağı uzun müddət ləngitməkdə davam eləsə, Bakı “simmetrik siyasət” tətbiq edə bilər: “Məsələn, Zəngəzur və digər rayonların Ermənistana bolşeviklər tərəfindən qanunsuz verilməsi siyasətini həyata keçirə bilərik. Praktikada bu siyasəti necə tətbiq edəcəyik:

– Məsələyə Azərbaycan Milli Məclisi baxacaq;

– Ermənistan parlamentinə tarixi ədaləti bərpa etmək üçün müzakirə aparılması tələbi ilə müraciət qəbul ediləcək;

– Azərbaycan dövlətinin tərkibinə qaytarılması üçün bu ərazilərə xüsusi status təklif ediləcək ki, iki xalqın nümayəndələrinin sülhlə yaşaması təmin edilsin;

– O ərazilərdəki ölkəmizin tərkibində yaşamaq istəməyən şəxslərə kompensasiya ödənilməsinə təminat veriləcək”.

Sabiq nazirə görə, göstərilənlər tarixi ədalətin bərpası mövzusunun regionda münaqişədən sonrakı nizamlanmanın siyasi gündəliyinə gətirilməsini təmin edəcək”.

Bəs hüquq nə deyir, parlamentdə belə bir məsələ qaldırıla bilərmi Ermənistan qarşısında? Onu da unutmaq olmaz ki, Konstitusiyaya görə, hazırkı Azərbaycan Respublikası məhz AXC-nin hüquqi varisidir.

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ekspert Araz Aslanlı bildirdi ki, bu məsələni hələ 1990-cı illərdə Türkiyədə tələbəlik illərində ilk qaldıranlardan biri olub: “Ankarada belə bir ideya ilə çıxış etmişdim ki, Xalq Cümhuriyyətinin hüquqi varisi olduğumuz üçün onun əraziləri ilə bağlı hüquqi iddia qaldırmalıyıq. Amma daha sonrakı yanaşmam bundan ibarətdir ki, sırf beynəlxalq hüquq tərəfindən baxsaq bu gün belə bir məsələnin qaldırılması müəyyən hüquqi problemlər yaşamağımıza səbəb ola bilər. Bu məsələ təkcə hüquqi mövzu deyil, həm də siyasi-hüquqi məsələdir.

Araz Aslanlı: “Muxtariyyətin ləğvi münaqişənin həllinə nə mənfi, nə də müsbət təsir etdi” | Hokm.Az

Araz Aslanlı 

Azərbaycanın indi bu məsələni qaldırmasının xeyrimizə daha çox siyasi təsirləri ola bilər. Ermənistan sülh sazişini imzalamaqdan, sərhədlərin müəyyənləşdirilməsi prosesindən yayınır, vaxt uzatmağa çalışır, eyni zamanda hələ ”Artsax” söhbətindən əl çəkmir. Azərbaycanın Ermənistana cavablarından biri məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki mövcud olmuş, sonradan Ermənistana qanunsuz verilən ərazilərimizin məsələsinin qaldırılması ola bilər. Azərbaycan tələb edə bilər ki, sərhədlərin delimitasiya və demarkasyası prosesində məhz Azərbaycan Xalq Cümhuriyyətinin dövründə olan xəritəyə istinad olunmalıdır. Bunun üçün hüquqi əsaslar var. Bununla Azərbaycan Ermənistan üzərində siyasi təzyiq mexanizmi əldə edə bilər.

Konkret sənədlər, sübutlar var ki, Zəngəzur Azərbaycan ərazisi olub və qanunsuz olaraq Ermənistana verilib, sovet dövründə Azərbaycanın bir sıra əraziləri qanunsuz və Azərbaycan xalqının iradəsi əleyhinə olaraq Ermənistana verilib. Azərbaycan bu məsələni Milli Məclisin müzakirəsinə çıxara və bir sənəd qəbul edə bilər. Azərbaycan ən azından beynəlxalq səviyyədə hüquqi məsələ qaldıra bilər ki, həmin ərazilərdən zaman-zaman zorla deportasiya olunmuş yerli azərbaycanlı əhali öz tarixi torpaqlarına qaytarılmalıdır və onlara status verilməlidir. Bu tələbi rəsmi olaraq irəli sürməyə beynəlxalq hüquq imkan verir. Azərbaycan bu ideya ilə çıxış etsə, beynəlxalq hüquq ona daha çox yaşıl işıq yandıra bilər, nəinki hazırda de-yure Ermənistan ərazi sayılan ərazilərin Azərbaycana birləşdirilməsi iddiasını qaldırsa. Bu məqamı nəzərə almaq lazımdır”.

O adamlardan polisə şikayətə edin, cərimələtdirin... - Fərhad Mehdiyev

Fərhad Mehdiyev 

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev isə bildirdi ki, Azərbaycan Ermənistanın da üzv olduğu beynəlxalq təşkilatlara üzv olanda Ermənistanın ərazi bütövlüyünə hər hansı qeyd-şərt irəli sürməyib: “Buna görə də Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığı qəbul olunur. Ona görə də bu gün bizim Ermənistanla mübahisələndirəcəyimiz sərhəd xəttinin haradan keçməsidir, hansı xəritə ilə müəyyənlənşdiriləcəyidir. Biz bunu mübahisələndirə bilərik. Hamı yaxşı bilir ki, Zəngzəzur bolşeviklər tərəfindən ermənilərə qanunsuz verilib. Amma Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonrakı dövrlərdə beynəlxalq təşkilatlara üzv olanda Ermənistana ərazi ilə bağlı şərt irəli sürmədiyi üçün onun ərazisini tanımış sayılır. Ona görə də indi biz Ermənistana qarşı rəsmi şəkildə iddia irəli sürsək beynəlxalq hüquq bizə müsbət cavab verməyəcək. Ermənistanı sülh sazişini imzalamağa məcbur etmək üçün Azərbaycanın əlində başqa imkanları var. Onlardan biri Laçın dəhlizinin bağlanmasıdır. Bunu Prezident İlham Əliyev də bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı şərtlərimiz və 10 noyabr bəyanatında əksini tapan tələblər yerinə yetirilməyəcəksə, Azərbaycan Laçın dəhlizini Ermənistanın üzünə qapayan addımlar atar. Beynəlxalq hüquqa görə, Azərbaycanın 10 noyabr üçtərəfli bəyanatından imtina səlahiyyəti də var. Zəngəzuru, hətta İrəvanı mübahisələndirmək isə sadəcə sırf siyasi addım, Ermənistana siyasi təzyiq olaraq atıla bilər.

Azərbaycan Ermənistanla sərhədlərin müəyyənləşməsində Xalq Cümhuriyyəti dövründəki xəritələrə istinad olunması məsələsini isə həm siyasi, həm də hüquqi baxımdan tələb edə bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button