Azərbaycan-İran münasibətlərində yeni çalarlar – Qarşılıqlı səfərlərin məqsədi nədir?
Politoloq: “Artıq elə bir reallıq yaranıb ki, Azərbaycanla gərgin münasibət İranın dövlət maraqlarına ziddir”
İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif ötən həftə Bakıda oldu. Prezident İlham Əliyev daxil, bir sıra dövlət, hökumət rəsmiləri ilə görüşdü. Hazırda isə Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Şahin Mustafayev Tehrandadır və görüşlər keçirir. O deyib ki, rəsmi Bakı hazırda Azərbaycan-İran əlaqələrinin “yüksələn xətlə inkişaf etdiyi” qənaətindədir.
Bir sıra siyasətçilər, siyasi analitiklər isə hesab edir ki, cənub qonşumuzla münasibətimizin “yüksələn xətlə inkişafı” yaxşıdır. Amma İran yenə Ermənistana bu və başqa formada qahmar çıxacaqmı, yardım edəcəkmi, nəfəslik rolu oynayacaqmı? Və bunları Azərbaycana inad, Azərbaycan xalqının mənafeyinin ziddinə edirmi?
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, ümumiyyətlə, Azərbaycanın yaxın qonşusu olan, eyni zamanda Cənubi Qafqaz regionunda daim ciddi maraqları olan İranın Azərbaycanla münasibətləri 1990-cı illərdən başlayaraq müəyyən xətt üzrə inkişaf edib:
“Təbii ki, bu müddətdə zaman-zaman İranla Azərbaycan arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları, ziddiyyətli məqamlar yaranıb. Məsələn, Xəzərin statusu ilə bağlı məsələlərdə, Qarabağ məsələsi ilə bağlı zaman-zaman fikir fərqliliyi olsa da hər iki dövlətin, xüsusilə də Azərbaycan dövlətinin yürütdüyü diplomatik siyasət nəticəsində münasibətlərdə konsensus əldə edilib, ziddiyyətli durumlar aradan qaldırılıb. Xüsusilə Azərbaycan üçün ən ümdə məsələ Qarabağ məsələsi olub ki, bu məsələ ilə bağlı İran daxilində müəyyən dairələr Azərbaycanın maraqlarına zidd olaraq ermənilərə dəstək verilməsində maraqlı olublar. Hətta İran dövləti ilə Azərbaycan dövləti arasında çox kritik münasibətlərin yaradılmasına cəhdlər də olub. Amma iki dövlətin rəhbərlərinin çevik, ağıllı siyasəti nəticəsində bu cür planlar baş tutmayıb.
Bütün dünya bilir ki, Ermənistan özünün yanlış, təcavüzkar siyasətinə görə blokada vəziyyətinə düşüb. Nəticədə Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayıb. Azərbaycan dövlətini həmişə qıcıqlandıran məqam o olub ki, İrandan faşizm mövqeyində olan, təcavüzkarlığı dövlət siyasətinə çevirən dövlətə dəstək verilir”.
Politoloq qeyd etdi ki, Azərbaycan dövləti və xalqı İranla dost münasibətlərində həmişə maraqlı olub. Lakin İrandakı müəyyən dairələr sanki Azərbaycana inad, Azərbaycan xalqının mənafeyinə zidd mövqelərində daim qalırlar:
“Bu dairələr daim çalışırlar ki, İran-Azərbaycan münasibətləri korlansın. İran dövləti belə dairələrə imkan yaratmamalıdır. Artıq elə bir reallıq yaranıb ki, Azərbaycanla gərgin münasibət İranın dövlət maraqlarına ziddir. İranın dövlət maraqları Azərbaycanla daha sıx münasibətlər qurulmasını, əməkdaşlığın dərinləşdirilməsini tələb edir.
44 günlük müharibədən sonra artıq dünya dövlətləri, həmçinin İran daxil, region ölkələri yeni reallığı qəbul etməkdədir. İran Azərbaycanı torpaqlarını azad etdiyi üçün təbrik elədi və azad edilən torpaqlarda quruculuq işlərində Azərbaycanla birlikdə işləməyə hazır olduğunu bəyan elədi. Azərbaycan-İran münasibətlərinin daim yüksək səviyyədə olmasında Azərbaycan maraqlıdır. Eyni mövqeyi İran da daim səmimi olaraq ortaya qoyarsa, münasibətlərdə heç bir problem meydana gəlməz”.