“Azərbaycan məsələsi” Rusiya Təhlükəsizlik Şurasının müzakirəsində

Putin toplantının media üçün açıq olan hissəsində deyib ki, Təhlükəsizlik Şurası Rusiya ilə “coğrafi  qonşu olan dövlətlərlə” bağlı  məsələləri də müzakirə ediləcək

Xəbər verildiyi kimi, avqustun 28-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının(TŞ) iclasını keçirib. Musavat.com  Rusiya Təhlükəsizlik Şurasının rəsmi saytına istinadən xəbər verir ki, videofomatda keçirilən qapalı iclasda baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə prezidentin  nümayəndəsi Sergey İvanov iştirak ediblər. 

Rəsmi məlumatda bildirilir ki, TŞ qapalı toplantısında Rusiya gündəmindəki aktual daxili məsələlərlə yanaşı,  Belarusla əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Putin isə media üçün açıq olan hissədə deyib ki, toplantıda  Rusiya ilə “coğrafi  qonşu olan dövlətlərlə” əlaqələrə  dair məsələlər də müzakirə ediləcək.

Aydındır ki, daxili məsələlər dedikdə Navalnının zəhərlənmə diaqnozu ilə Almaniyaya aparılmasından tutmuş sentyabrın 15-də bir sıra vilayətlərdə keçiriləcək yerli seçkilərədək məsələləri əhatə edə bilər.

Əsas müzakirənin isə Belarusun daxili sabitliyi qorumaq və xarici müdaxilələrdən sığortalanmaq üçün Rusiyada güc yardımı istəməsi olduğu  şübhəsizdir. Çünki Rusiya Belarusda vəziyyətin gərginləşəcəyi təqdirdə ilk növbədə qonşu ölkəyə güc yardımının hüquqi bazasını əsaslandırmağın qayğısına qalmalıdır. Məlumdur ki,  Lukaşenkonun yardım istəməsindən sonra Qərb Rusiyanın Belarusa mümkün hərbi müdaxiləsindən ciddi narahat olub.

TŞ-nın gündəminə Putinin də dediyi kimi, “coğrafi yaxınlığı olan dövlətlə” bağlı müzakirələr də daxil edilib ki, bu, həm də Azərbaycanla bağlı yaranmış gərginliyin müzakirə olunduğuna işarə ola bilər. Məlumdur ki, Rusiyanın Ermənistana yenidən silah göndərməsi  Bakı ilə Moskva arasında gərginliyə səbəb olub.

Avqustun 25-də müdafiə naziri Sergey Şoyqu Bakıda bu istiqamətdə müzakirələr aparıb. Azərbaycanın  xarici işlər naziri Ceyhun Bayramov isə avqustun 26-da nazir statusunda ilk dəfə Moskvada səfərdə olub, rusiyalı həmkarı Sergey Lavrov görüşüb.  

Aydındır ki, həm Şoyqunun, həm Bayramovun keçirdiyi görüşlərdə  əsas müzakirə Ermənistana verilmiş silah məsələsi olub. Şoyqu Bakıda deyib ki, “sərhəddə baş verən olayları və  bazamıza uçuşlarla əlaqədar yaşanan narahatlıqları bilirik”. Şoyqunun Bakıda verdiyi izahat- hərbi təyyarələrlə guya Ermənistana yox, Gümrüdəki Rusiyanın 102-ci bazasına taxta-şalban daşınması kimi izahatına aydındır ki, Bakıda inanan olmayıb. Bu səbəbdən böyük ehtimalla, həm Şoyqu, həm Lavrov silah məsələsi ətrafında yaranmış gərginlklə bağlı Putinə və Təhlükəsiz Şurasının üzvlərinə məruzə ediblər.

Qarabağ danılşıqlarının dalana dirənməsi, Ermənistan rəhbərliyinin başıpozuqluluğu ucabatından sərhəddə də vəziyyətin hələ də gərgin qalması rəsmi Moskvanı narahat etməyə bilməz. Çünki münaqişənin həllində həlledici rol Rusiyaya aiddir. Rusiya isə Ermənistanı son silahlandırıması faktının üzə çıxması ilə strateji müttəfiqi olan Azərbaycanla  münasibətlərdə arzulanmayan gərginliyin yaranmasına səbəb olub. Bu isə rəsmi Moskvanın maraqlarında deyil…

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button