Azərbaycan regional əməkdaşlığın yeni xəttini formalaşdırır ŞƏRH

Prezident İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Qırğızıstana işgüzar səfəri ölkələrimiz arasında dinamik inkişaf edən strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən mühüm siyasi hadisə kimi yadda qalacaq. Bu yaxınlarda – iyul ayında Prezidentin Qırğızıstana dövlət səfəri zamanı dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi mühüm siyasi hadisə oldu. Cəmi bir ay sonra isə Azərbaycan Prezidenti yenidən Qırğızıstandadır. Lakin bu dəfə başqa formatda – ŞƏT-in tədbirlərində iştirak edir. Bu iki səfəri bir-birindən tamamilə ayrı hadisələr kimi qiymətləndirmək əvəzinə, onları eyni siyasi xəttin iki müxtəlif müstəvisi kimi nəzərdən keçirmək daha doğru olardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

O, ilk növbədə, səfərin ikitərəfli əlaqələrə əsas təsirlərini dəyərləndirib: “Birincisi, siyasi dialoq və qarşılıqlı dəstək: Azərbaycan və Qırğızıstan arasında ali səviyyəli mütəmadi görüşlər siyasi etimadın ən yüksək həddə olduğunu göstərir. İkincisi, nəqliyyat-logistika: Mərkəzi Asiya regionunun Avropaya çıxışında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) çəkisinin artmasına təsiri. Üçüncüsü, iqtisadi əməkdaşlıq: Azərbaycan-Qırğız İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi. Dördüncüsü, mədəni-humanitar inteqrasiyanın xalqlarımız arasındakı dostluq bağlarını daha da möhkəmləndirməsi”.

Siyasi şərhçi qeyd edib ki, son illərdə Bakı-Bişkek münasibətləri siyasi, iqtisadi, humanitar və strateji baxımdan yeni mərhələyə yüksəlib. Lakin Prezident İlham Əliyevin hazırkı səfərinin əhəmiyyəti daha geniş regional kontekstlə bağlıdır. Dövlətimizin başçısı Bişkekə, eyni zamanda, regional məsələlərin müzakirə olunduğu ŞƏT platformasında iştirak etmək üçün gedib. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin artıq ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, çoxtərəfli regional diplomatiya müstəvisində də inkişaf etdiyini göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin sürətli inkişafında Xəzər dənizi, Orta Dəhliz, nəqliyyat-logistika, enerji, ticarət və investisiya əməkdaşlığı mühüm rol oynayır. Ölkəmizin Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən coğrafi mövqeyi isə bu münasibətlərə xüsusi geoiqtisadi məzmun qazandırır. Beləliklə, Mərkəzi Asiya Azərbaycan üçün yalnız yeni tərəfdaşlıq imkanları deyil, həm də Avrasiyanın nəqliyyat və iqtisadi əlaqələrinin formalaşmasında mövqeyini möhkəmləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin Bişkek səfərinin ŞƏT sammiti ilə eyni vaxta təsadüf etməsi Azərbaycanın regional və çoxtərəfli diplomatiyasının genişləndiyini nümayiş etdirən mühüm məqamdır.

Ə.Abbasbəyli hesab edir ki, səfərin diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüşü olub. Görüşün əhəmiyyəti yalnız Azərbaycan–Ermənistan münasibətləri ilə məhdudlaşmır. Bişkek görüşündə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzit, ticarət və enerji əməkdaşlığı, həmçinin TRIPP layihəsinin həyata keçirilməsi müzakirə olunub. Bu, Azərbaycan–Ermənistan gündəliyində təhlükəsizlik və münaqişə məsələləri ilə yanaşı, ticarət, tranzit, enerji və regional bağlantıların da ön plana çıxdığını göstərir. Bu baxımdan görüşü Cənubi Qafqazın yeni regional iqtisadi reallıqlara keçidinin mühüm elementlərindən biri kimi qiymətləndirmək olar. Səfər çərçivəsində Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İran Prezidenti Məsud Pezeşkianla görüşləri də diqqət çəkib. Bu təmaslar Azərbaycanın regional gündəliyinin yalnız Qırğızıstanla münasibətlərlə məhdudlaşmadığını və səfərin daha geniş geosiyasi və iqtisadi çərçivə daşıdığını nümayiş etdirir.

“Beləliklə, Bişkekdə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Avropa arasında bağlantılarla bağlı bir neçə istiqamət bir araya gəlir. İyulda Bakı–Bişkek münasibətlərinin müttəfiqlik çərçivəsi möhkəmləndirildi, avqustda isə bu əlaqələr Azərbaycanın daha geniş regional diplomatik gündəliyi ilə tamamlandı. Bu, Azərbaycan-Qırğızıstan münasibətlərinin Türk dünyası və Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələri baxımından artan əhəmiyyətini göstərir”, – deyə siyasi şərhçi əlavə edib.

O sonda vurğulayıb ki, ümumilikdə Bişkek səfərinin daha geniş mənası var. Azərbaycan bir tərəfdən Qırğızıstanla müttəfiqlik münasibətlərini inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrini dərinləşdirir. Eyni zamanda, Cənubi Qafqazda sülh və bağlantı gündəliyinin formalaşmasında fəal iştirak edir. Deməli, Bişkek bu gün Azərbaycan diplomatiyası üçün sadəcə bir coğrafi məkan deyil, o, Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş Avrasiya məkanı arasında qurduğu əlaqələrin kəsişmə nöqtələrindən biridir. Azərbaycan artıq yalnız regiondakı proseslərə reaksiya verən ölkə kimi deyil, müxtəlif regional prosesləri bir-biri ilə əlaqələndirən və öz maraqları ətrafında yeni əməkdaşlıq imkanları formalaşdıran aktor kimi çıxış edir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button