Azərbaycan Şimali Kirpi dəstəkləməkdə davam edəcək

İlham Əliyev uzun zamandır ki, Şimali Kiprlə əlaqələrin qurulmasında maraqlıdır
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatar ilə görüşüb. Söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb.
Dövlət başçısı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd edib. Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını bildirib. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək. Ersin Tarar deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu səfərə dəvət edib: “Səfər sentyabrın ilk həftəsinə planlaşdırılır. Bakıya səfır zamanı mühüm bir tədbirdə çıxış edəcəm”.
ŞKTC-nin Baş nazirinin köməkçisi, turizm naziri Fikri Ataoğlu deyib ki, Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması ilə bağlı tədbir keçiriləcək. O bildirib ki, Azərbaycan ŞKTC üçün çox əhəmiyyətli ölkədir: “Qarşıdakı günlərdə Azərbaycanda siyasi məsləhətləşmələrimiz olacaq. Ondan sonrakı dövrdə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması ilə bağlı tədbir keçiriləcək. Bu tədbir Azərbaycandakı qardaşlarımızla ŞKTC-də olan qardaşlarımız arasında gəliş-gedişin artması yönündədir”. Xatırladaq ki, Azərbaycan Prezidenti ADA-da keçirilən beynəlxalq Forumda çıxışı zamanı Şimali Kipr Türk Respublikası ilə əlaqələrdən danışmışdı. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb: “Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir”. Ölkə rəhbəri birmənalı bəyan etmişdi ki, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır: “Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”.

Politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, keçən ilin fevralında Azərbaycan Prezidenti Milli Məclisdəki çıxışında Azərbaycanın xarici siyasət prioritetlərindən danışarkən əsas istiqamətin türk dünyası olduğunu bəyan etdi. Dövlət başçısı vurğuladı ki, bizim bir ailəmiz var, o da türk dünyasıdır:
“Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti də budur. Prezident İlham Əlyevin Anlatyada Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Ersin Tatarla görüşü çox vacib məqamdır. Azərbaycan dövlət başçısı uzun zamandır Şimali Kiprlə əlaqələrin qurulmasında maraqlıdır. Orada yaşayan qardaşlarımızın hüquqlarının qorunmasında və Şimali Kiprin tanınması yönündə çalışmışıq. Heç təsadüfi deyil ki, keçən il Azərbaycanın təşəbbüsü ilə Ersin Tatar Azərbaycana dəvət oldundu və Türk Dövlətləri başçılarının qeyri-rəsmi toplantısından iştirak etdi. Bu, önəmli hadisə idi. Bugünki görüşdə və ötən gün ADA universitetində Prezidentin çıxışında bu məsələ xüsusi vurğulandı. Bundan sonra da Azərbaycanın Şimali Kiprin tanınması istiqamətində öz dəstəyini əsirgəməyəcəyini və bunun Şimali Kipr xalqının haqqı olduğunu bəyan etdi”.
Analitik vurğulayıb ki, dövlət başçısı Şimali Kiprə münasibətdə Qərbin ikili standartlarından da söz açdı:
“Xatırladım ki, 2004-cü ildə BMT-nin o zamankı baş katibi Kofi Annanın təşəbbüsü ilə Kipr arasında referendum keçirildi. Referendumda yunanlar adanın birləşməsinin əleyhinə çıxdılar. Türk tərəfi isə birliyə “hə” dedilər. O zaman Qərb dövlətləri, Avropa İttifaqı Türkiyə qarşısında öhdəlik götürmüşdülər ki, əgər yunanların birləşməyə “yox” deməsinə baxmayaraq, Şimali Kipr xalqı bu referendumda “hə” deyərsə, o halda Şimali Kiprin beynəlxalq səviyyədə tanınması ilə bağlı prosedur başlanacaq. Amma biz tamamilə bunun əksini gördük. Şimali Kipr kənarda saxlanıldı, yunan Kipri isə Avropa İttifaqının üzvü oldu. Bugün də Cənubi Kipr Türkiyəyə qarşı fəaliyyət icra etməkdədir. Prezident İlham Əliyevin Ersin Tatarla görüşü həm də bizim dost-qardaş türk cümhuriyyətlərinin rəhbərlərinə də bir mesajdır. Məlumdur ki, Orta Asiya ölkələrinin Cənubi Kiprdə səfirlik açması Azərbaycan və Türkiyə ictimaiyyətində təəssüf hissi doğurdu. Görünən odur ki, Orta Asiya ölkələri Avropanın, Fransanın təsir və təhrikləri ilə belə bir addım atıblar”.
Polise.az