Azərbaycan-Türkiyə təlimləri intensivləşir: səbəb… – Səfir

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçının Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Cənab səfir, Qarabağda 44 günlük əməliyyatların birinci ildönümü yaxınlaşır. Ölkə başçısı və Azərbaycan cəmiyyəti haqlı savaşımızda Türkiyənin siyasi, mənəvi, hərbi dəstəyini yüksək qiymətləndirir. O günləri necə xatırlayırsınız?

– Öncəliklə təşəkkür edirəm. Təbii ki, Qarabağ sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının, türk yurdlarının, bir sözlə, dünyanın harasında türk varsa, hamısının ortaq kədəri idi. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Çox şükür, 30 il keçdi, amma sonda bu kədər sevincə çevrildi.

Bütün türk dünyası və türk toplumunun Qarabağda yaşananlarla, Xocalı soyqırımı və işğal dövründəki digər qətliamlarla ürəyi dağlandı. Qafqazdan Ərzuruma, Sivasa qədər dərdlər ortaqdır, amma dərdlərin ortaq olduğu bir dövrdə bir-birimizə edə bildiyimiz yardımlar çox məhdud idi.

Türkiyə 1974-cü ildə bir sanksiya ilə qarşı-qarşıya qalmışdı, 1991-ci ildə bu embarqo ləğv edildi. Buna baxmayaraq, Türkiyə bu şərtlər altında Azərbaycanın haqlı davasını və ərazi bütövlüyünü müdafiə etdi. Amma sovet hökumətinin dağıldığı bir dövrdə bu işğalın qarşısını almaq mümkün olmadı.

Ümummilli lider Heydər Əliyevin övladlarına və Prezident İlham Əliyevə ən önəmli, bəlkə də ən böyük, hətta ən başlıca vəsiyyəti Qarabağın azad olunması idi. Qəhrəman ordunun və cənab Prezidentin əzmkarlığı, iradəsi və Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Qarabağ erməni işğalından azad olundu. Artıq ağrı-acılar geridə qalıb.

Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi haqqında “Biz” adlı tarixi-sənədli film nümayiş olunurdu. Orada bir şəhid anasının çıxışını heç unutmuram. Dedi ki, “bir gözümüz ağlayır, digəri gülür. Bir gözümüz ağlayır, çünki mən bir şəhid anasıyam, körpə balaları var, onlar bizə, Azərbaycana əmanətdir. Biz bu kədəri keçəcəyik, sızıltı içimizdə qalır. Bir gözümüz gülür, çünki artıq Qarabağ azaddır”. Bu baxımdan ağrı-acılar geridə qaldı, indi artıq sevinclə irəliyə baxmaq, inkişaf etmək zamandır.

İkinci Vətən müharibəsinin birinci ildönümünü yaxınlaşır. Bu zəfər münasibətilə Azərbaycan xalqını, qalib Ordunu və Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevi təbrik edirəm.

– Azad olunan torpaqlarımızda bir neçə dəfə səfərdə olmusunuz. 30 il işğal altında qalan Azərbaycan torpaqlarında gördükləriniz barədə danışmanızı istərdik, Qarabağda hansı dəyişikliklərin şahidi oldunuz?

– Şuşaya ilk gedən səfir mənəm. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri zamanı Füzulidə, Şuşada oldum. Həqiqətən də dəhşətli mənzərələrin şahidi olduq. Füzuli rayonunun Qaraxanbəyli kəndindəki ilk postdan keçəndə mina sahələrini, sipərləri, ətrafa dağılan top-tank batareyalarını, mövqeləri görəndə dəhşətə düşmüşdüm. Yüzlərlə kilometr dərinlikdə olan mina sahələrinin arasından keçərək öncə Füzuliyə, daha sonra Çanaqçı, Daşaltı kəndlərini keçib Şuşaya çatdıq.

Şuşanı təsvir etmək olduqca çətindir. Qədim şəhərdir, min illərdir adət-ənənəsi olan Qafqazın ən məşhur məkanıdır. Mənim deyimimlə Qarabağ Azərbaycanın ürəyidir, amma Şuşa Qafqazın incisidir, tacıdır.

Doğrudan da ilk görəndə duyğularımı ifadə edə bilmədim. Biz ora gedəndə yol yox idi, 8-10 saatlıq yorucu bir səfər etmişdik. Hər tərəfdə inşaat işləri gedirdi, Zəfər yolunun da inşasına yeni başlanılmışdı. Bu qədər yorğun olmağıma rəğmən, o gecə tez yatmaq istəmədim. Şuşanın səssizliyini, quşların səsini dinləmək, Qafqazın o gözəl havasını içimə çəkmək istədim.

Səhər oyananda isə sanki dincəlmişdim. Bunları unuda bilmərəm. İnşallah, qismət olarsa, bunları bir xatirə kitabı şəklində yazmağı düşünürəm.

– Son zamanlarda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlər intensivləşib. Bu intensivlik nədən xəbər verir?

– Əslində, bunlar davamlı həyata keçirilən təlimlərdir. İllərdir Türkiyənin Azərbaycanla hərbi sahədə əməkdaşlığı var. Bu əməkdaşlığın əsası 1990-cı illərə, hətta ondan öncəyə söykənir. Son dövrlərdə qardaş Pakistan, Azərbaycan və Türkiyə çoxlu hərbi təlimlər keçirir. Bunlar təbii proseslərdir. Bu təlimlərin bir qismi də Türkiyədə baş tutur. Güclü bir Azərbaycan ordusu var. Azərbaycanın bu qüdrətli ordusunun hərbi təlimləri Türkiyə və Pakistanla imzaladığı müqavilələr çərçivəsində keçirilir.

– Türkiyə Müdafiə naziri Hulusi Akar son çıxışında bildirdi ki, Şuşa Bəyannaməsi gələcəkdə iki ölkə arasında atılacaq addımların başlanğıcıdır. Sizcə, Azərbaycan və Türkiyə buna uyğun olaraq, hansı yol xəritəsini izləyə bilər, nə kimi yeniliklər bizi gözləyir?

– Hələ uzun illər Şuşa Bəyannaməsi haqqında danışılacaq. Beynəlxalq əlaqələr üzrə mütəxəssislər, siyasi şərhçilər, tarixçilər Qars müqaviləsindən sonra Şuşa Bəyannaməsinin nə məna verdiyi ətrafında çox müzakirələr aparacaqlar. Mənə görə, Şuşa Bəyannaməsinin bir cümlə ilə xülasəsi budur – Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi və dərinləşdirilməsidir. Türkiyə-Azərbaycan əlaqələri müttəfiqlik səviyyəsindədir. Sənəd bütün sahələrdə – parlamentlər arasında, mədəni, təhsil, səhiyyə, o cümlədən hərbi, ticari və media sahəsindəki əməkdaşlıqları inkişaf etdirməyi və xüsusilə dərinləşdirməyi ehtiva edir.

Neft-qaz sektorunu saymasaq, qeyri-neft sektoru üzrə ticari əlaqələrdə Türkiyə ilə Azərbaycan birinci sıradadır. Bu baxımdan biz hər sahədə neftlə qazı da daxil edərək, iki ölkə arasında ticari əlaqələrdə birinci sırada olmağı arzu edirik. Prezidentlərin də bu istiqamətdə təlimatları var.

İki ölkə əlaqələrinin genişləndirilməsi istiqamətində bir hədəf də var. Azərbaycanla Türkiyə arasında ticarət münasibətləri bundan sonra bu ilin martın 1-dən qüvvəyə minmiş Preferensial Ticarət Sazişi çərçivəsində tənzimlənəcək. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Növbəti 3 il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Heyətlər arasında təşkil edilən görüşlərinin mahiyyətində bu hədəf müzakirə edilir.

Keçən həftə Türk Şurasının iqtisadiyyat nazirlərinin iclası gerçəkləşdi. Toplantıda da bu mövzular dərinliklə müzakirə olundu. Şuşa Bəyannaməsi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü qorumaq istiqamətində Türkiyənin strateji tərəfdaşlıq əlaqəsi üçün təsis edilib. Digər tərəfdən də əlaqələri hər ölçüdə birləşdirmək, inkişaf etdirmək, dərinləşdimək məqsədi ilə ərsəyə gəlib.

– Türkiyə Azərbaycandakı komandanlığına 4 ən seçkin generalını göndərdi. Bu təyinatlar nəyə hesablanıb?

– Bizim əməkdaşlıqlarımız artır, bir çox yeni təmsilçiliklər açılır. Hazırda hərbi, müdafiə sənayesi, kənd təsərrüfatı, hərbi attaşe müşavirlikləri fəaliyyət göstərir. Hərbi əməkdaşlığımız olduqca dərindir. Onsuz da sülhü müşahidə edən bir generalımız var və o, missiyasını davam etdirir. Digər bir generalımız da burada işləyirdi, onun da vəzifə müddəti uzadıldı. Hazırda vəzifədə olan iki polkovnik də general rütbəsinə yüksəldi. Yəni onlar Türkiyədən gəlmir. Hazırda Azərbaycanda polkovnik statusunda vəzifədə olan iki general da Türkiyədə son hərbi şurada rütbə almışdı. Onlar hələ də buradadır. Dolayısilə bu, fövqəladə bir hal deyil.

Hərbi sahədəki əməkdaşlıqları irəli səviyyəyə çatdırmaq üçün səy göstərilir. Digər tərəfdən də monitorinq işləri həyata keçirilir. Laçın koridoru və Xankəndi bölgəsindəki sərhəddə pozulma varsa, bunlarla bağlı vəzifələrini icra edirlər. Onsuz da məhdud sayda bir fəaliyyət icra edilir.

– Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə müzakirələrə hazır olduğunu bildirir. Ankaranın buna münasibət nədir: münasibətlər hansı halda normallaşa bilər?

– Əslində, cənab prezidentimizin ifadələrində bu, aydın şəkildə var. Əlavə söz söyləməyə də lüzum yoxdur. Rəcəb Tayyib Ərdoğan açıq olaraq bəyan etdi ki, bölgədə normallaşmaya gedən yol əməkdaşlıqdan keçir. Bir sözlə, Ermənistan normallaşma arzu edirsə, əməkdaşlığa yanaşmalıdır. Ermənistan konstruktiv addımlar atmalıdır və Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Türkiyənin cəhdi heç şübhəsiz bu yöndədir. Amma Ermənistan konkret addım atmasa, normallaşma müddətində görüşməyin mənası olmayacaq. Çünki atəşkəs müqaviləsinin içərisində konkret bir məsələ var, Zəngəzur dəhlizi. Bu məsələ ilə bağlı konstruktiv addımlar atılmalıdır.

Mövzu sadəcə Zəngəzur, Azərbaycan, Türkiyə və Ermənistan məsələsi deyil. Bu, Gürcüstanı, Rusiyanı, İranı da maraqlandırır. Şərqdən qərbə bütün ölkələrin xeyrinədir. Məsələyə bu istiqamətdə baxmaq lazımdır. Türkiyə bu məsələnin həlli istiqamətində cəhd göstərir. Müşahidə etdiyimiz qədəri ilə Gürcüstanın da bəzi səyləri var. Məlumdur ki, Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək məqsədilə regional əməkdaşlıq formatının yaradılması üçün işlər aparılır. Məsələnin həlli yönündə cənab prezidentimiz də ortaya iradə qoyub.

– Açılması gözlənilən Zəngəzur dəhlizinin region dövlətlərinə qazandıracağı iqtisadi üstünlüklər nələrdir?

– Bir nümunə çəkim. Keçən aylarda içərisində maska, dezinfeksiya və sair məhsullar daşıyan bir gəmi Çindən Avropaya gedərkən Süveyş kanalını bağladı. Bir gəmi ucbatından dünya iqtisadiyyatı alt-üst oldu. Aralıq və Qırmızı dənizdə minlərlə gəminin hərəkəti məhdudlaşdı, mallarını son nöqtəyə çatdıra bilmədilər. Buyurun, sizə alternativ koridor təklif edirik. Bu, daha qısa və ortaq koridordur, hər kəsin də xeyrinə olan yoldur.

Təbii ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti var, amma bu marşrutdan Ermənistan, Gürcüstan və İranın faydalana biləcəyi əlavə və daha qısa bir koridordan söhbət gedir. Bu məsələyə ikili əlaqələrin inkişafına, ticarətə töhfə veriləcəyi mənasında baxmaq lazımdır.

Bu bölgədə hüzur və sabitliyi, sülhü qorumaq səylərini davam etdirdiyimiz müddətcə, ikili əlaqələr inkişaf edəcək və Körfəz ölkələri kimi önəmli bir nöqtəyə gələcək. Körfəz ölkələrində neftlə qaz xaricində ən vacib şey Süveyş kanalına yaxın bir tranzit nöqtəsidir. Bu, şərqdən qərbə gedən yüklərin köçürülməsi üçün hazırlanmış keçid nöqtəsidir və uzun bir koridordur.

Pekindən çıxan bir qatar 15 gündə Londona, 45 günə də London limanlarına çatır. Halbuki ortada daha qısa zamanda və daha az maliyyə vəsaiti tələb edən bir koridor var. Bu koridorun mərkəzi də Xəzər hövzəsidir. Burada Türkmənbaşı limanı da, Qazaxıstan da, Türkmənistan da və ən önəmlisi Bakı da dəhlizin üstünlüklərindən yararlanacaq. Bu koridor ticarətin inkişafına, istehsalın Xəzərə axmasına qatqı təmin edəcək. Bir sözlə, hər kəsin maraqlarını təmin edir.

– 30 ilə yaxın erməni işğalına məruz qalan torpaqlarımızda vandalizm izləri böyükdür. Amma buna baxmayaraq biz tezliklə Qarabağda canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Türkiyə şirkətlərinin azad olunmuş torpaqların inkişafına dəstək verməyə hazır olduqlarını hər zaman bəyan edib. Təsadüfi deyil ki, ilk müqavilələr də qardaş Türkiyənin şirkətləri ilə imzalanıb. Onlar artıq ermənilərin dağıtdığı şəhər və kəndlərimizin bərpasında iştirak edirlər, yol çəkirlər. Bu mənada iki ölkənin strateji əməkdaşlığı yeni müstəvidə inkişaf edir. Maraqlıdır, Türkiyə şirkətləri bölgədə daha hansı sahələrə investisiya yatırmaq istəyər?

– Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin son zirvə toplantısında bu məsələ müzakirə olundu. Qarabağda sadəcə Türkiyə deyil, bütün türk dünyasına yönəlmiş imkanlar və fürsətlər var. Azərbaycan tərəfindən qardaş ölkələrə kənd təsərrüfat, enerji, sənaye və yaşayış sahələrində işlərin olacağı elan edildi. Bu sahələrə töhfə vermək istəyən ölkələrə şirkətlərini Qarabağa yönləndirmək təklif olundu.

Heç şübhəsiz, türk şirkətləri dünyada ən sürətli və keyfiyyətli iş görən şirkətlərdir. Bunu hər kəs bilir. Cənab prezidentin təlimatı hər şeyin zirvəsindədir. Zəfər yolu 6 ayda başa gəldi, bundan əlavə, Füzuli Beynəlxalq Hava Limanının inşası 1 il olmadan başa çatdı. Ötən həftə Füzuli Beynəlxalq Hava Limanını ziyarət etdim, ərazidə olan bir təyyarənin yerlə əlaqələri yoxlanılırdı. Demək olar ki, təyyarə uçuşa hazırdır, terminal binasında da işlər bitib, uzağı iki həftəlik xırda-para işləri qalıb.

Dünyanın harasında bir hava limanı 9 aya başa gəlib?! Belə bir nümunə yoxdur, amma Azərbaycan bunu bacardı. Əl əməyi ilə 24 saat işlər görüldü. Türk şirkətləri ilə bərabər Azərbaycan şirkətləri də var. Bu baxımdan dəmiryolu, magistral yol, enerji, sənaye bölgələri, yaşayış sahələri, infrastruktur, smart işlər kimi layihələrdə türk şirkətləri işləməyə hazırdır.

Hamısını Göstər

Related Articles

Back to top button