Azərbaycan və Estoniya xarici işlər nazirləri arasında görüş olub.
20 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Görüş zamanı, Azərbaycan-Estoniya ikitərəfli əməkdaşlıq əlaqələri və Ermənistanın təxribatı nəticəsində bölgədə yaranmış gərginlik müzakirə edilib.
Nazir Ceyhun Bayramov Estoniyalı həmkarını Ermənistanın davam edən və sülh prosesinə mane olan təxribatçı addımlarının davamı olaraq, 12 sentyabrda Azərbaycanın mövqelərinə hücumları barədə məlumatlandırıb. Əldə edilmiş atəşkəsin Ermənistan tərəfindən pozulduğu və əlavə itkilərin yaşandığını vurğulayıb. Ölkəmizin post-münaqişə dövründə Ermənistan ilə mövcud problemlərin siyasi-diplomatik müstəvidə həllində maraqlı olduğunu qeyd edib.
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Estoniyanın Azərbaycanla ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Hal-hazırkı qeyri-sabit vəziyyətdən narahatlığını ifadə edən Estoniya xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb, problemlərin dialoq yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.