Azərbaycan XİN rəhbəri finlandiyalı həmkarına Qarabağdakı antiterror tədbirləri barədə məlumat verib
Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici və Avropa işləri naziri Elina Valtonen arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov tərəf müqabilini Ermənistanın ərazilərimizin 30 illik işğalı, Azərbaycan tərəfindən postmünaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan ardıcıl addımlar haqqında məlumatlandırıb.
Nazir, eyni zamanda finlandiyalı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barəsində məlumatlandırıb və bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb.
Vurğulayıb ki, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın dördüncü paraqrafını kobud şəkildə pozmaqla Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamasının, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı separatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsinin regionda gərginliyin əsas səbəbi olduğunu bildirib.
Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların, xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyini, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə irimiqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.
Son olaraq qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.
Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.
C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.
Nazir antiterror əməliyyatları nəticəsində erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması tədbirlərinin və erməni sakinlərin Azərbaycanın konstitusion quruluşu çərçivəsində reinteqrasiyası tədbirlərinin Ermənistanla sülh prosesinə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ iqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Konstitusiyamız və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Polise.az