Azərbaycanın və Türkiyənin XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Sentyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barədə məlumatlandırıb, bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, beynəlxalq hüququ və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı separatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə irimiqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi diqqətə çatdırılıb.

Son olaraq sentyabrın 19-da qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.

Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

C.Bayramov vurğulayıb ki, antiterror tədbirlərinin gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb. Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ iqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Azərbaycanlı nazir vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərk-silah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür.

Hakan Fidan hər zaman olduğu kimi, Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button