Azərbaycanın xilaskar missiyası: Bakıdan İrəvana mühüm siqnal
Rusiya qazı iki gündür Ermənistana Azərbaycan üzərindən ötürülür; regionda böyük və qalıcı sülhə doğru ilk real addımı qalib dövlət atdı; əhalisi azalmaqda olan məğlub ölkənin tək qurtuluşu Bakıya bağlıdır…
Martın 17-dən etibarən Rusiya qazı Azərbaycan üzərindən Ermənistana ötürülür. Xəbər verildiyi kimi, bununla bağlı Rusiyanın “Qazprom eksport” şirkəti SOCAR-la qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə əsasən, Ermənistana satılan Rusiya qazı təxminən 3 həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə çatdırılacaq. Şirkət bunu “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılan profilaktik təmir işləri ilə əlaqələndirib.
Siyasi müşahidəçilərə görə, anlaşma müvəqqəti də olsa, tarixi əhəmiyyətlidir. Çünki cəmi bir neçə ay əvvələdək Azərbaycan üzərindən Ermənistana qaz ötürülməsi heç kimin ağlına belə gəlməzdi. İndi isə 10 noyabr üçtərəfli razılaşmasına görə, tərəflər qarşılıqlı olaraq nəqliyyat kommunikasiyaların açılmasını müzakirə edir, o cümlədən digər region ölkələri üçün də strateji önəm daşıyan, “Zəngəzur dəhlizi” adlandırılan quru və dəmir yol kommunikasiyalarının açılmasına dair danışıqlar aparılır.
*****
Belə vaxtda Azərbaycan tərəfi Rusiya qazının Ermənistana tranzitinə icazə verməklə regionda böyük sülhə doğru ilk addımı atmış olur, İrəvandakı radikal-revanşist çağırışlara rəğmən, məğlub ölkəyə növbəti və rəmzi barışıq jesti edir – hansı barışıq ki, indi ən çox məhz Ermənistana və onun yoxsul əhalisinə lazımdır.
Bu addım həmçinin böhran içində çabalayan Ermənistana regionun gələcəyinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna dair mesajdır. Hər necə olmasa, Rusiyadan Gürcüstana uzanan qaz kəmərinin təmirə dayanması fonunda əgər rəsmi Bakı buna razılaşmasaydı, Ermənistan qazsız qala bilərdi. Çünki İrandan aldığı cüzi həcmdə qaz Ermənistanı 3 həftə təmin edə bilməz.
“Azərbaycanın istər Rusiyadan, istərsə də digər ölkədən Ermənistana sabit qaz tədarükünü dəstəkləməyə hazır olması İkinci Qarabağ müharibəsindən sonra ölkənin nə dərəcədə humanist fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir”.
Metyu Brayza
“Yeni Müsavat”ın məlumatına görə, bunu “Trend”ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. Brayza bildirib ki, belə bir addım Azərbaycanın Ermənistana öz qonşuları ilə reinteqrasiyasında və iqtisadi əməkdaşlıq yolu ilə müharibə yaralarının sağalmasında kömək etmək niyyətinin göstəricisidir.
“Ermənistan tərəfindən bu imkandan yararlanmaq müdrik addım olardı. Təəssüf ki, Ermənistandakı siyasi böhran psixoloji şoka yol açıb, nə ölkə rəhbərliyi, nə də sadə vətəndaşlar qarşılarında açılan gözəl imkanları başa düşə bilmir. Əlbəttə ki, 10 noyabr sazişi bu cür imkandır. Sənəddə regiondakı bütün kommunikasiyaların tam açılacağı qeyd olunub. İndi infrastruktur layihələri baxımından bir çox imkanlar mövcuddur və bunlar Ermənistana da fayda gətirəcək. Ümid edirəm ki, Ermənistan bu imkandan istifadə edəcək”, – Brayza bildirib.
İqor Korotçenko
“Azərbaycan Ermənistanı xilas edir. Bakı real olaraq sülhə və mehriban qonşuluğa köklənib. Bəs İrəvan?”
Bu sözləri isə rusiyalı tanınmış siyasi-hərbi ekspert İqor Korotçenko deyib.
*****
İrəvanda isə əfsuslar olsun ki, radikal-revanşist ünsürlər Azərbaycan və Türkiyənin bu kimi xoşməramlı jestlərinə də az qala, mikroskop altında baxır, onlara dərhal məkrlilik donu geydirməklə öz xalqını xəbiscəsinə aldadır, hələ də bütün qonşuları özlərinə borclu sayırlar. Ona görə ki, köhnə niyyətdən – qonşu dövlətlərə qarşı əsassız ərazi iddiasından qurtula bilmirlər. Nəticədə altını “bütün dolağı” ilə özləri çəkirlər.
“Həyəcan təbili çalmaq lazımdır. Çünki müvəqqəti də olsa, Bakı bizə qarşı çox güclü təzyiq rıçaqı əldə edib. Təsadüfdürmü? Əsla. Bu konkret mesajdır. Bunun mənası odur ki, hamımız Ermənistanın nə dərəcədə güclü asılılığa düşdüyünü görək və bilək ki, Kreml nəinki istənilən an qazın qiymətlərini artırmaqla ölkə iqtisadiyyatını dağıda bilər, həm də Ermənistan rəhbərliyini Bakı və Moskvanın ehtiyac duyduğu qərarlara məcbur etmək üçün ”mavi yanacaq”dan siyasi vasitə qismində yararlana bilər”.
Belə bir təxribatçı sitat Armenianreportsom-dakı dünənki redaksiya məqaləsində yer alıb. Nankorluq, yaxşılığa yamanlıqla cavab verməyin növbəti nümunəsi ortada!
Yazıda daha sonra deyilir: “Nədənsə, bununla bağlı çox sayda siyasətçimiz susur. Çox müxtəlif düşərgələrdən. Halbuki çox təhlükəli bir hadisə baş verib, president yaradılıb. Gözümüzün qarşısında Rusiya-Azərbaycan qəsdi baş verir – hansı qəsddə ki, heç kim Ermənistanın fikri ilə maraqlanmaq belə istəmir. Və buradaca özünüzə sual vermək lazımdır: sonra nə olacaq?”
Məqalə bu sözlərlə bitir: “Yalnız Qərb bizə kömək edə bilər. Ancaq Rusiyadan bunca asılılıq ola-ola, Qərbə doğru necə hərəkət etmək olar? Heç kimin bu suala cavabı yoxdur”.
Cavab isə var: Türkə nifrətin dərəcəsi təcili aşağı salınmayınca, Ermənistanı yaxşı heç nə gözləməyəcək. Erməni xalqının hazırkı acınacaqlı vəziyyəti görk olmalıdır…
*****
Bu arada məlum olub ki, “müstəqillik”dən keçən 29 ildə Ermənistan əhalisi 1992-ci ildəki 3 milyon 633 mindən 2020-ci ilin sonuna 2 milyon 967 minə düşüb (azalma təxminən 666 min nəfər təşkil edir). Ermənistan Statistika Xidmətinin açıqlamasında o da bildirilir ki, azalma ilbəil davam edib və əsasən emiqrasiya və doğum faizinin aşağı düşməsi ilə bağlı olub.
Ancaq məsələ ondadır ki, iş qabiliyyətli əhali öz xoşu ilə ölkəni tərk eləməyib, ən əvvəl blokada vəziyyətində olan Ermənistanda dolanışığın ağır olması üzündən xaricə köç edib. Doğum faizinin aşağı olması da xeyli dərəcədə eyni motivlə əlaqəlidir. O da bildirilir ki, ölkədə əksər ailələr adətən bir uşaqlıdır, ikinci övladı dünyaya gətirmək istəmirlər.
Xatırladaq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın əhalisi bu müddətdə artaraq, 10 milyon nəfərə çatıb.
Məhz Ermənistan üçün belə kritik göstəricilər fonunda regionda əməkdaşlığa, böyük və qalıcı sülhə doğru ilk addımı yenə Azərbaycan – qalib dövlət atdı. Halbuki, təkrar edirik, barışığa ən çox Ermənistanın ehtiyacı var, buna ilk növbədə o can atmalıdır.
Əslində bu, bölgənin açar dövləti kimi Azərbaycanın tarixi, xilaskar missiyasıdır. Ermənilər ağıl və məntiqlərini tam itirməyiblərsə, bu fürsətdən gen-bol istifadə edərlər. Əhalisi sürətlə azalan məğlub ölkənin tək qurtuluşu, həmişəki kimi, Azərbaycana bağlı olaraq qalır…