Azadlıq alınar, umulmaz!

Hər bir insan daxili aləminin əksidir. ( Siseron Mark Tuliy)

Cumhuriyyət günü Türkiyənin Adana şəhərində “Kitab anımı”nı ehtiva edən bir  abidə ucaldılıb. Abidədə  XX əsrin dahi şəxsiyyətlərinin adları var.Dühası geniş, “İstiqlal” ordenli xalq şairi Bəxtiyar Vahabzadənin adı bu abidədə 5-cidir.

Abidənin postamentində  Mustafa Kamal Atatürkün məşhur bir kəlamı  həkk olunub:”Mən uşaq ikən fəqir idim.İki quruş əlimə düşüncə, onun bir quruşunu kitaba verirdim. Əgər belə etməsəydim, istədiklərimin heç birini edə bilməzdim”

Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz rolu olan,dünya ədəbiyyatının xəzinəsinə töhfə verən İstiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli  qələm və kəlam sahibidir. Bəxtiyar Vahabzadə lirikasının mövzu genişliyi və rəngarəngliyi onun böyük mütaliəsindən, İlahi fəhmindən xəbər verir. O, hansı mövzuda yazırsa yazsın, orada vətəndaşlıq və vətənpərvərlik, millilik, türkçülük və turançılıq, böyük şairin ölçüsüz istedadının təcəllası, müdrik yaradıcılığının ehtişamı var.

Bəxtiyarın yaradıcılığı ilə tanış olan oxucu özünü rahat hiss edir,ürəkdən gələn fəlsəfi sətirlərdə öz dünyasını tapa, həyacanına sahib çıxa bilir.

Qırğızıstan respublikasının həmişəyaşar şairi Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin poetik fikirlərinə yaxşı bələd olduğu üçün deyir: “Bəxtiyar poeziyasında lirizmlə vətəndaşlğın vəhdəti ayrılmaz qoşa simlərdir”. Bəli, bu qoşa simlər səsləndikcə haray qoparır, onun erudisiyalı dünyagörüşünə şəhadət verir.

Bəxtiyar Vahabzadə lirikasının vurğunu olan, sonralar İslam dinini qəbul edən Ahmed Şmide(Hanspeter Şmide) şairin “Ana dili”şeirini alman dilində tərcüməsini oxuyandan sonra onu Vətən və ana dilinin mücahidi kimi rəğbətləndirir. O, ”Mən, vətənə və dilimə olan məhəbbətimi Bəxtiyarın “Ana dili” şeirini oxuyandan sonra anladım!”-qənaətinə gəlir.

Bu canlı abidə Bəxtiyar yaradıcılığının unikal lirikasıdır.

Dil açanda ilk dəfə,ana söyləyirik biz.
Ana dili adlanır bizim ilk dərsliyimiz.
Bu dil-bizim ruhumuz,
Eşqimiz,amalımızdır,
Bu dil bir-birimizlə
Əhdi-peymanımızdır…

1967-ci ildə Kasablankada qələmə aldığı “Latın dili” şeiri də həssas məsələ tək göz bəbəyi kimi qorunmasını hamıya tövsiyə edir. Amma bu dildə “ana”, ”vətən”, ”torpaq” deyən olmasa da, yenə  yaşayır. Şair bu dili Azərbaycan dili ilə müqayisə edir. ”Vətən ola-ola dilimiz niyə korlanıb ?”-deyir. Mütəşabeh fikirə baxın, əziz oxucular!

İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,Millət varkən,
Kiçik,yoxsul komalarda
Dustaq olan bir diləmi?..

Sovet dönəmində  ədəbi davranışla bir araya sığmayan belə ifadələri yalnız Bəxti yar olan şairlər- Bəxtiyar Vahabzadə yaza bilərdi. Başqa heç kim!

Bəxtiyar Vahabzadə coğrafiyası geniş  lirikası ilə həmişə oxucularının nəbzini tuta bilib. Əslində bu bacarıq və qabiliyyət şairin liderliyə xas böyük xarizmasından xəbər verir. Müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Günter Qrass özünün Nobel nitqində belə bir sitat gətirir: ”Zati Aliləri! Osventsimdən (Polşada  kiçik şəhər adıdır. İkinçi dünya müharibəsində alman nasistlərinin nəzarətində olub. Nasistlərin amansızlığını nəzərdə tutur. Osventsum düşərgəsindəki yəhudilərin demək olar ki, hamısı – 600 min adam amansızcasına məhv edilib. Çox təəssüf ki, dünyada belə bölgələr çoxdur. Nasistlik indi müasirləşib, başqa şineldə missiyasını davam etdirir) sonra şeir yazmaq barbarlıqdır. Bu həm də, onu deməyə əsas verir ki, şeir yazmaq bu gün çox çətindir.”

Qənaətimə görə Bəxtiyarin dövründə yaşayıb yaradan nəslin yaradıcılığında bir güc varıydı, partlayışa və şimşəyə bənzər bir güc. Zamanın böyüdücü  şüşəsi altında o güc səlnamədə Nobel mükafatının bünövrəsini qoyan dinamitin kəşfinə bənzər  böyük görünür… Səməd Vurğun, Süleyman Rüstəm,Bəxtiyar Vahabzadə, Rəsul Rza,Əli Kərim, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd Araz, Vahid Əziz və başqaları o səhnədə şəfəqli simada görünürlər. İndi zamanın defisiti sayılan və ictimai ruhu oxşayacaq yaradıcılıq yox dərəcəsindədir. Ara şairlər və bəstəkarlar gündəmi zəbt edib. İndi zövq də dəyişib. Zamanın  zövqü oxşayacaq ədəbiyyatı geri qaytarmağa gücü yetərincə deyil! Günter Qrassın dediyi kimi, bu vəziyyət ədəbiyyatın istirahətə getməyindən xəbər verir! (?) Yaradıcılıq fəhmli davamçılar bədii meydandan çox, internet məkanına-virtual meydançalara üz tuturlar (üstünlük verənlərdir). Burada oxucular da “Yad planetdən” enənlərə oxşayır. Ədəbiyyatda bir hərəkətsizlik, istedadların kallapsını – yaradıcılıq (ürəyin dayanması) fəaliyyətinin duracaq qorxusu var.

Təbii, indi düşünmək və yazmaq da çox çətindir. Ya çox yaxşı yazmalısan, ya da O, nəhəhənglərin ruhu qarşısında baş əyməlisən! Yaxud da, Alber Kamünün yazdığı kimi müqəddəs, əfsanəvi Sizifin ömrünün sonuna qədər aşağı dığırlanan daşı təkrar-təkrar yuxarı qaldırmalı, bu məşəqqətə tab gətirməlisən…

Beyinlər də artıq ixtira və kəşflərdən yorulub. Ağrıyan ürəyi vecsiz bir əşya kimi kənara tullayıb, yenisi ilə əvəz edirlər… Amma, hətta Nobel mükafatına layiq görülmüş elmi kəşflər, nailiyyətlər bəşəriyyətin aclığına məlhım qoymağa yaramır, işsizlik girdabından qurtulmaq üçün doğma yurdlarını tərk edənlərə, münaqişələrin həll olunmasına yardımlar edilmir… Sürətlə artan kasıblıq dilənçiliyin də müqyasını böyüdür, insanın əmtəəyə xas alğı-satqısını gerçəkləşdirir.

Bəxtiyar Vahabzadə yaradıcılığına görə  dünya yazarlarının ponaptikumunda (Qədimdə mumdan hazırlanmış heykəllər və əntiq əşyalar mezeyi) özünə məxsus fəaliyyəti artıq əbədiləşmişdir.

Çingiz Aytmatovun fikrinə hörmətlə yanaşaraq – “Keçmişə  və ötüb keçənlərə görə əzab çəkib, ona bu günün gözüylə baxmaq Bəxtiyar Vahabzadənin mövzu dairəsinin genişliyindən, fəlsəfəsindən və bir az da mürəkkəbliyindən xəbər verir.”

Çeytanlar milləti qorxuda bildi,
Doğru danışanı asdılar dardan
Qızıl saraylarda fərman verildi
Tarix gəlib keçdi ac komalardan…

 (“Topqapı sarayı”)

Tarix çoxdan ötüb və keçib. İndi nə haqlılar var, nə də haqsızlar… Haqlı danışan şair Bəxtiyar Vahabzadə bu günün gözüylə qopqoca tarixi  poetik dili ilə mühakimə edir. Oxucunu inandırır ki, bu günün taleyi keçmişdən asılıdır…

Kitab rəfimdə Ulu şairin seçilmiş əsərləri var. 1999-cu ildə çapdan çıxmış “İstiqlal” əsəri şairin öz dəsti-xətti ilə mənə ərməğan  edilib. ”Qeyrət,təmizlik, təvazökarlıq nümunəsi əzizim Şəmsəddin üçün B.Vahabzadə 26.03.2003”. Ruhuna Aləmlərin Rəbbi məlhəm çiləsin!

Ulu Şair üçün “Azadlıq” bir rəngdə olmayıb. O,”Azadlıq var özgəsinə yamaq kimidir, azadlıq da var, qollarda qandala bənzər”-deyir. Şair azadlığı ali dəyərlər sırasında görür. İnsan azadlığı olmayan məmləkətlərdə fəlakətlər baş verər, beyinlər kütləşər, həqiqət riyakar, ədalət boyaya çevriləcək!

Azadlıq!
Azadlıq əldən getdimi…
Gedər ağızlardan dad da ,ləzzət də
Ağıl da,ürəkdə də gülər arzuya.
Azadlıq olmayan bir məmləkətdə.
Həqiqət bir riya,ədalət boya…
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar,əyri düz olar….

“Azadlıq alınar, yaddan umulmaz”- deyir Şair. Bu sətirləri yazdıqca 1989-cu ilin mitinqləri kino pərdəsi kimi gözlərimin önündə canlanır. Mən onda polis sıralarında xidmətdə idim. Hökumət evinin qarşısındakı meydana toplaşan  milyonlarla vətənsevərlərin əllərində Bəxtiyar Vahabzadə meydana gətirilirdi… Biz, bu unudulmaz seyrangahı seyr etdikcə qürrələnərdik ki, millətimizin belə bir oğulu var.

Şərəfdir ölmək də azadlıq üçün,
Bu məslək dəyməzmi bütün dinlərə?
Deyirəm eşq olsun  dünən və bu gün
Azadlıq yolunda can verənlərə!…

Ruhu bir daha şad olsun. Şair bundan artıq sözünü necə ifadə etməliydi? Heç kimin şübhəsi yoxdur ki, yaşasaydı, 44 günlük zəfərlə bağlı daşı dəlib keçən poetik sətirlərinin də şahidi olardıq. Eşq olsun Vətən yolunda canını fəda edənlərə! Döyüşdə və qələbədə xidməti olanları Allah qorusun!

Rusiyanın tanınmış şairi K.Simonov Bəxtiyarı”Müstəsna istedada malik və qeyri-adi şair”,Türkiyənin nüfuzlu şairi Yavuz Bülənd “Azərbaycanın dərdlərini hayqıran şairi”adlandırmışlar.

…İnsan,insan olur öz hünəriylə,
Millət ,millət olur xeyri, şərilə
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər…

“Şəhidlər”.

Bəxtiyar Vahabzadənin yaradıcılığı təkrarolunmaz “hadisələr”lə zəngindir. Onun poetik meydanında ardıcıllıq olduğundan oxucunun ekstessi baş vermir, yəni oxucu mütaliə niyyətindən-qarşısında olan kitabı oxumadan kənara çəkilə bilmir.

Məşhur İngilis yazıçısı və dramaturqu,Nobel mükafatına layiq görülən Con Qolsiorsi zamanında dini ehkamlara qarşı barışmaz mövqedə olduğuna görə keşişlər onu qəbul etmirdi. 1933-cü ildə lauerat dünyasını dəyişəndən sonra keşişlərin əlinə fürsət düşdü. İngiltərə yazıçılar cəmiyyəti Qolsiorsini Vestminser qıbristanlığında dəfn olunması ilə bağlı müvafiq qərar versə də, keşiç bu təklifi rədd edir. Nə yaxşı ki, şairin “Mənim külümü səpin…” şeiri varıymış, Gediş-gəliş yoldan kənar bir təpədən şairin külünü səpib vəsiyyətinə əməl edilir. Şairin qəbri yer üzündə qalmasa da, qəlbə hopan əsərləri və əməlləri yaşayır və yaşayacaq…

Taleyə baxın! Yazıçının uzaqgörənliyinə heyrətlənməmək olmur. Onun nə vaxtsa yazdığı “Alma çiçəkləri” povestində sevgilisinin aldatdığı qızın özünü çaya atıb intihar etməsi şairə nəcib bir mövzu bəxş etmişdi və ”Mənim külümü səpin…”canlı bir əsər ərsəyə gəlmişdi. Kilsə həmin nakam xanımı da qəbristanlıqda dəfn etməyə icazə vermədiyindən yandırıb külünü sıpmişdilər…

Yəni, məsələ təkcə kimin harada dəfn edilməsindən,baş daşının qoyulmasından və yaxud qoyulmamasından getmir. İnsanı yaşadan unudulmayan əməlidir. Abidə insanların ürəyində ucaldılmalı, yaddaşlarda və xatirələrdə dəfn olunmalıdır. İnsanların ürəyində dəfn olunub, abidələri ucaldılanlar həmişəyaşar və pakdırlar, onlar müqəddəs qələm sahibləridir. Xoş hallarına. Belə, uca zirvələrdə uyuyan sənətkarların heç birinin titula ehtiyacı yoxdur. Nə dövlət, nə də, hətta Nobel mükafatına belə möhtac olmazlar.

Siyasi burulğanlardan şərəflə və üzü ağ çıxan BƏXTİYAR VAHABZADƏ ürəklərdə abidəsi ucaldılan belə sənətkarlardandır… Tanrı məqami Mahmudda ona bir köşk ehsan etsin!Amin!

Şəmsəddin Əliyev
Hüquqşünas-publisist

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button