Bəxtiyar Vahabzadə – Azərbaycan – Türkiyə, Yurd yad əlində

Azərbaycan – Türkiyə

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə    

Yurd yad əlində

Sabirin, M.Cəlilin divanəsi,
hüquqşünas Ə.Yaşara

Hər gün neçə şəhid dəfn edirik biz,
Ağacı torpağa basdıran kimi.
Üzlərdə qəzəbdən nə kölgə, nə iz,
Dəfn mərasimi ötür an kimi.
Niyə bu mərasim sarsıtmır bizi?
Necə gəlib çatdıq bu “məqama” biz?
Bu ki, faciədir… faciəmizi
Niyə çevirmirik intiqama biz?
Qəzəb zirvəsindən endik biz bu gün,
Yoxuşlar çevrilib enişə döndü.
Şəhid dəfn eləmək, yoxsa, bizimçün
Adicə qaydaya, vərdişə döndü?
Məzarm başında qanadlı sözlər,
Qanadlı cümlələr baş alıb gedir.
İntiqam hissimiz varsa bir qədər,
O da bu sözlərlə boşalıb gedir:
“Ədalət bizdədir… bizimdir zəfər,
Daim güvənmişik biz həqiqətə.
Vətənin yolunda ölən şəhidlər
Ölmür, qovuşurlar əbədiyyətə”.
Çox gözəl sözlərdir, hikmətli, kövrək
Amma çox uyuruq sözə, “hikmətə”.
Yoxmu mərasimdə bəs bu şəhid tək
Qovuşmaq istəyən əbədiyyətə?
Buyursun, bir nəfər irəli gəlsin.
Bu şəhid oğlana varmı bir əvəz?
Onun qatilinə hanı qəzəb, kin?
Onun qisasını kim alacaq bəs?
Verib Qarabağı Bakıya qaçdıq,
Bakıda “Qarabağ” kafesi açdıq.
Verib Qarabağı oxuduruq biz,
Toylarda “Qarabağ şikəstəsi”ni.
Heç demə, bizim də kişiliyimiz
Toylarda cırmaqmış minlik dəstini.
Çaldı, Qarabağı çaldı düşmənim
Bəs o şikəstəni oxuyan kimdir?
Düşmən əlindəykən Qarabağ,
mənim
Şikəstə deməyim şikəstliyimdir.
Biz bunu bacardıq, biz bunu yalnız,
Bizə qənim olmuş öz tamahımız.
Düşmənə yönəlmir qəzəb də, kin də,
Dərs ala bilmədik əcdadımızdan.
Özümüz bu kökdə, yurd yad əlində,
Haray Çələbi xan, haray Pənah xan! 

Torpaqdan pay olmaz

Biz yaxın olmuşuq qədimdən, yaxın.
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən.

Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı. ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də. Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr –
Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..

Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur… yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim…

Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə “hay” verim!

“Dığalar” yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!

Hamısını Göstər

Related Articles

Back to top button
Close