Bakı İrəvanı cəbhəyanı kəndləri fosfor mərmiləri ilə atəşə tutmaqda ittiham etdi

Azərbaycan istehkamçıları cəbhəyanı kəndlərdə qadağan olunmuş kasset sursatından istifadə edən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış ağ fosforlu bir neçə top mərmisi müəyyən ediblər.

Bu sözləri “RİA Novosti”yə müsahibəsi zamanı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.

“Əks-hücum əməliyyatının başlandığı 27 sentyabrdan 3 noyabr tarixinədək yalnız mülki əhalinin yaşadığı yaşayış məntəqələri, şəhər və kəndlərə 945 əməliyyat səfəri həyata keçirildi. 317-dən çox partlamamış döyüş sursatı, 750-dən çox partlamış sursat, 1627 piyada əleyhinə mina, 200-dən çox tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib”, – deyə Q.Əhmədov bildirib.

Q.Əhmədov qeyd edib ki, sözügedən döyüş sursatları döyüş bölgəsindən kənarda və təmas xəttindən uzaq yaşayış məntəqələri ərazisində tapılıb.

ANAMA direktoru həmçinin agentliyin 13 “Elbrus”/SCUD tipli ballistik raketin qalıqlarını tapdığını bildirib. Həmin raketlərlə Gəncə, Mingəçevir, Qəbələ, Kürdəmir və digər şəhərlərə zərbələr endirilib.

“Həmçinin Azərbaycanın mülki əhalisinə qarşı istifadə edilmiş ağ fosfor tərkibli D-4 top mərmiləri tapılıb. Biz 8 oktyabrda Füzuli rayonunun Arayatlı kəndində mərmi tapdıq, dünən Tərtər rayonunda Əskipara kəndi yaxınlığında yaşayış evindən 150 metr məsafədə iki mərmi tapdıq. Həmçinin bu gün 122 mm-lik top mərmisi də tapılıb, mərmi yaşayış evinin həyətinə düşüb”, – Q.Əhmədov məlumat verib.

“Təəssüf ki, raketin döyüş başlığı zədələnib, bu isə onu məhv etmək üçün poliqona aparmağı mümkünsüz edir, buna görə də bu obyektin yerindəcə məhv edilməsi üçün operativ qərar verildi”, – ANAMA direktoru izah edib.

O, jurnalistlərin obyektin zərərsizləşdirildiyi əraziyə dəvət olunduqlarını və təhlükəsiz məsafədə dayanaraq bu barədə reportaj hazırladıqlarını təsdiqləyib.

“Düşmən, BMT-nin qətnamələri ilə mülki əhaliyə qarşı istifadəsi qadağan edilmiş kasset mərmilərindən istifadə edir. Bu, ilk hadisə deyil – eyni mərmilər Goranboy və Ağcabədi rayonlarında da tapılıb. Bu gün Goranboy rayonunun Meşəli kəndində yenidən mərmi parçaları tapılıb, bu gün-sabah jurnalistlər onları qeydə alacaqlar”, – Q.Əhmədov bildirib.

ANAMA direktoru söyləyib ki, sentyabrın 27-dən bu yana qurumun iki əməkdaşı vəzifə öhdəliklərini yerinə yetirərkən yaralanıb.

“Əməkdaşlardan biri Füzuli rayonunun Horadiz şəhəri artilleriya atəşinə tutulduğu zaman mərminin partlaması nəticəsində üç qəlpə yarası alıb və təcili şəkildə xəstəxanaya çatdırılıb. İki əməliyyatdan sonra vəziyyəti orta-ağır, lakin stabildir və sağalmağa doğru gedir.

İki gün əvvəl Cəbrayıl rayonunda bir əməkdaşımız Ermənistan istehsalı xarakterik qara rəngli tələ-minaya düşərək xəsarət alıb. Sol ayağı diz hissədən amputasiya edilib”, – deyə Q.Əhmədov qeyd edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button