Bakı nöqtəni NİDA etdi: “Vasitəçi olmayacaq!”
İrəvana və havadarlarına xəbərdarlıq; politoloq deyir ki, Ermənistan müstəqil mövqe nümayiş etdirmək imkanında deyil, asılıdır, ona görə də…
Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, sülh müqaviləsi layihəsində preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. “İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki, razılığa gəlmək mümkün olmayıb”, – XİN başçısı qeyd edib.
Nazir həmçinin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu xatırladıb: “Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz”.
Eyni gündə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, üçüncü ölkəyə ehtiyac yoxdur: “Əksinə, üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər verir”.
H.Hacıyev bildirib ki, Ermənistanın silahlanmasının arxasında dayanan qüvvə Fransadır: “Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Fransa tərəfindən verilmir”.
Prezident köməkçisi habelə iki ölkənin sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsini “narahatedici məsələ” adlandırıb. “Ermənistan-Azərbaycan sərhədində Avropa Birliyi missiyasının yerləşdirilməsinə lüzum yoxdur. Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır”, – deyə o əlavə edib.
Beləcə, Bakı nöqtəni nida işarəsinə çevirib: Ermənistanla danışıqlarda vasitəçi olmayacaq, İrəvanın silahlanmasına və havadar axtarışına göz yumulmayacaq. Bu ayın əvvəlində Azərbaycanın Maltada ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə XİN rəhbərləri səviyyəsində görüş təklifindən imtinası bunun növbəti bariz sübutu sayıla bilər.
Yeri gəlmişkən, Bakıdan fərqli olaraq, İrəvan Blinkenin təşəbbüsünə “hə” demişdi. Odur ki, məntiqli sual ortaya çıxır: Ermənistan sona qədər ikitərəfli formata sadiq qala biləcəkmi, yoxsa hansısa mərhələdə yenə “vasitəçi” qismində havadar axtaracaq?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ümumiyyətlə davranışları qeyri-sabit, qeyri-konstruktiv davranışlar kimi səciyyələnir. O ki qaldı Ermənistanın bundan sonra sülh danışıqları ilə bağlı davranışlarının necə olacağına, Ermənistanın davranışları daha çox xaotik xarakter daşıyır: “Ermənistan gah özünü kənar vasitəçi olmadan Azərbaycanla sülh danışıqlarının aparılmasının tərəfdarı kimi göstərir, gah kənar vasitəçinin, məsələn, Fransanın, yaxud da ATƏT-in Minsk Qrupu həmsədrlərinin dirildilərək onların vasitəçiliyi ilə sülh danışıqlarına getmək istəyini ortaya qoyur. Bununla İrəvan prosesi əngəlləməyə, mümkün olduğu qədər yubatmağa çalışır. Ermənistanı bu ziqzaqlı siyasət yürütməyə məhz elə vasitəçi görmək istədiyi ölkələr, təşkilatlar sövq edir. Ermənistan müstəqil mövqe nümayiş etdirmək imkanında deyil, asılıdır. Ermənistan özü də əslində ikitərəfli danışıqlar formatında çox da maraqlı deyil. Çünki Ermənistan siyasi elitası hesab edir ki, onlar vasitəçilərsiz danışıqlarda guya Azərbaycanın daha çox təzyiqinə məruz qalıb daha çox güzəştə gedə bilərlər. Ona görə də mümkün qədər daha çox vasitəçi, xüsusilə də Ermənistanın himayədarı rolunda çıxış eləyən tərəfdaşlarını bu prosesdə görmək istəyirlər. Amma Azərbaycan son bir ildə Ermənistanı da artıq bu gerçəkliyi qəbul eləməyə vadar edib ki, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar nəticəli olmur. Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişlər məhz ikitərəfli danışıqların nəticəsində əldə edilib. Bu baxımdan Ermənistanın ziddiyyətli və xaotik davranışlarına baxmayaraq hesab edirəm ki, sülh danışıqları prosesini sonda ikitərəfli formatda yekunlaşdırmaq mümkün olacaq”.
\Etibar SEYİDAĞA “Yeni Müsavat”\
Polise.az