“Bakı sözünü küləyə atmır!..” – Ermənistan yenə “Dəmir yumruq”’ istəyirsə, yeyəcək!

Bakının “izqoy” dövlətə xəbərdarlıqları bitir; köhnə iddialarından əl çəkməyən kapitulyant ölkə sülh şanslarını bir-bir itirir; rusiyalı politoloq: “Azərbaycan müharibəni hər an davam etdirə bilər…”

Ermənistanda 20 iyun parlament seçkiləri çoxdan arxada qalsa da, ölkə rəsmilərinin dilindən Azərbaycanla sülhə və anlaşmaya yönəlik çağırışlar əvəzinə, hələ də destruktiv və sərsəm bəyanatlar səslənir. Yenə köhnə, əsassız ərazi iddialarına söykənən ritorikaya, qəbulolunmaz və təkəbbürlü mövqeyə şahidlik eləməkdəyik.

Ermənistan rəhbərliyi o sırada  dəridən-qabıqdan çıxır ki, tarixin arxivinə verilmiş ATƏT-in ermənipərəst Minsk Qrupunu təzədən aktivləşdirsin və artıq həllini tapmış “Dağlıq Qarabağ konflikti”nə, “status” məsələsinə cəlb eləməklə həm hərbi baxımdan təzədən toparlanmaq fürsəti qazansın, vaxt udsun, həm də 10 noyabr kapitulyasiya sənədinin icrasını ləngitsin. “İzqoy” ölkə rəsmiləri hətta özlərində cəsarət tapıb Bakı ilə şərt dilində danışır, Azərbaycana böhtan atırlar. Yalnız iki təzə fakt. 

*****

Srağagün Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan absurd bir iddia irəli sürüb ki, guya Azərbaycan sülh prosesini pozmağa çalışır. “Onların (Azərbaycanın – red.) məqsədi Ermənistanın blokadasını davam etdirməkdir. Lakin biz üçtərəfli qrupda işimizi davam etdirəcəyik ki, blokadanı yaraq, rusiyalı və beynəlxalq tərəfdaşlarımızın köməyi ilə əlaqələrin açılmasına nail olaq”, – deyə Paşinyan çərənləyib.

Halbuki bölgədə kommunikasiyaların açılmasında, blokadanın götürülməsində müharibə bitəndən dərhal sonra məhz Azərbaycan israr edir. Hərçənd blokadanın aradan qalxması, yolların açılması ən əvvəl böhran içində çabalayan Ermənistana lazımdır. Lakin erməni rəsmiləri Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirməklə, – bunu xarici diplomatların Şuşaya səfəri ilə bağlı Ermənistan XİN-in yersiz və həyasız bəyanatı bir daha təsdiqləyir, – faktiki Azərbaycanla anlaşmanı süni surətdə ləngidir, beləcə, sülh prosesinə ard-arda zərbə vururlar. Demək ki, bunun qarşılığını da gec-tez alacaqlar. Necə ki, işğalçılığa görə ağır şəkildə cəzalandılar.

***** 

Baş nazirin müavini Tiqran Avinyan da sarsaqlama yarışında öz şefindən geri qalmır. Ovinyan “Qarabağın statusu məsələsi çözülməyənədək Azərbaycanla sülh müqaviləsi olmayacaq” deyib. Yəni yenə köhnə bayatı. Sanki kapitulyasiya edən Ermənistan yox, Azərbaycandır.

“Görünür, Avinyan unudub ki, artıq seçkilər geridə qalıb. İndi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır”.

Leyla Abdullayeva: The fact that the aggressor country speaks about peace in its statements is the highest degree of hypocrisy - AZERTAC - Azerbaijan State News Agency

Leyla Abdullayeva

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O, haqlı olaraq vurğulayıb ki, bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunmasının ən yaxşı yolu əlaqələrin normallaşmasıdır: “Bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir”.

XİN sözçüsü Ermənistanın “status” mövzusundan istifadə etməklə, xüsusilə də Qərbi, Minsk Qrupunu prosesə cəlb etməklə, Azərbaycandan ərazi qoparmaq xülyasına da toxunub: “Qondarma ”status” məsələsinə istinadlara gəldikdə xatırlatmaq istərdik ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixdə səsləndirdiyi çıxışında bir daha vurğuladı: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”. Eyni zamanda biz bəzi xarici nümayəndələr tərəfindən də oxşar fikirlərin irəli sürüldüyünü müşahidə edirik. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk  etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır”.

*****

Ermənistan və onun iqtidarı, müxalifəti, cəmiyyəti isə nəinki nəticə çıxarmağa tələsmir, hətta onu son anda “ipdən almış” Rusiyanı belə bəyənmir, Moskvanın bunca yaxşılığına, köməyinə rəğmən, onu hələ də satqınlıqda ittiham edirlər. Bu nankor topluma əsas maddi, hərbi dəstəyi Rusiya verdiyi halda, gözü yenə Qərbdədir.  

“Rusiya Ermənistanı tam süquta uğramaqdan qurtardı. ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələr olmadan danışıqların rədd edilməsi nə cəfəngiyatdır? Qarabağın hansı statusundan söhbət gedə bilər? Bu, Azərbaycanın bir hissəsidir!”

Евгений Михайлов обратился к армянам – Для Азербайджана это отечественная война (ВИДЕО)

 Yevgeni Mixaylov

Bu sözləri beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Caliber.Az-a deyib.

Ekspert bildirib ki, Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır: “Ermənistan yalnız qonşuları ilə sülh şəraitində olduğu təqdirdə özünün iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər”.

Öz növbəsində digər rusiyalı tanınmış ekspert İqor Korotçenko haqlı olaraq hesab edir ki, Ermənistan darmadağın olduqdan sonra yaradıcı, normal, konstruktiv qarşılıqlı fəaliyyət və ehtiyatlı, ağıllı davranış əvəzinə təxribatlar, atəşə tutma və düşmənçilik taktikası yürüdür. “Bu – köhnə, kobud və çeynənmiş üsul Azərbaycanı yeni qarşıdurmalar burulğanına çəkmək və Ermənistanı Azərbaycanın aqressiyasının qurbanı kimi təqdim etmək məqsədilə həyata keçirilir. Sonu olmayan bu yol tarixi dalana, eyni səhvlərin təkrarlanmasına aparır. Ermənistan bu yolu seçirsə, buna yalnız heyfslənmək qalır”, – deyə İ. Korotçenko bildirib.

Korotçenkoya görə, Ermənistanın təxribatçı hərəkətləri dünyanın və geosiyasi vəziyyətin dəyişməsini başa düşməməyin nəticəsidir. Onun fikrincə, Azərbaycanla sülh müqaviləsinin bağlanması, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, Zəngəzur dəhlizinin tezliklə açılması Ermənistan iqtisadiyyatının inkişafı və bərpası baxımından yeganə şansdır:

“Ermənistan Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə öz-özünü iqtisadi blokadaya salıb. Rusiya Ermənistanın inkişafını təmin etməyəcək və dotasiya ayırmayacaq. Bu, suveren ölkədir”.

*****

“Müharibə hər an davam etdirilə bilər. Bakı artıq gələcək strategiyasını əvvəlcədən müəyyənləşdirib. Bu, ciddi bir xəbərdarlıqdır (Prezident İlham Əliyevin son çıxışı nəzərdə tutulur – red.), çünki çoxlarının artıq əmin olduğu kimi, Bakı sözləri küləyə atmır”.

Qriqori Trofimçuk: “Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir” | Alpaninfo

Qriqori Trofimçuk 

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı politoloq Qriqori Trofimçuk Minval.az-a müsahibəsində söyləyib.

Politoloqa görə, hər kəsə aydındır ki, Azərbaycan bu xüsusda tamamilə konkret ovqata köklənib: “Qarabağ yaxın zamanda həm hüquqi, həm də faktiki olaraq Bakının tam nəzarətinə keçməlidir”.

İrəvanda, onu dəstəkləyən paytaxtlarda hansı “hava”nın çalınmasından asılı olmayaraq, yekun elə belə də olacaq. Çünki zaman Azərbaycana işləyir… 

Hamısını Göstər

Related Articles

Back to top button