Bakıda sirli danışıqlar: ABŞ-İsrail-Türkiyə üçbucağında Azərbaycan – TƏHLİL

Netanyahu Trampa qaçdı, nümayəndəsi Bakıya gəldi – Abdullah Ağar Azərbaycan görüşünün pərdəarxasını anladır
Yaxın Şərqdə sürətlə dərinləşən yeni bir gərginlik yaşanır. Lakin bu dəfə tərəflər bir araya gəlib, danışmağa qərar verdilər.
Musavat.com bildirir ki, Azərbaycanın vasitəçiliyi ilə danışıqlara Bakı şəhəri məkan seçildi və Türkiyə – İsrail arasında ölkəmizdə təmas gerçəkləşdi.
Gündəmə bomba kimi düşən bu sirli görüşün mahiyyəti, pərdəarxası bəlli deyil. Bu gün Antalya Diplomatiya Forumunda mətbuat konfransı keçirən Türkiyə Xarici İşlər naziri Hakan Fidan bu mövzuda sual verən azərbaycanlı jurnalistlərin suallarına cavab verib. Çox təfsilat vermədən, mövzunu detallara bağlamadan deyib ki, bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı…
Hazırda Türkiyə mediası, ekspert cameəsi Bakıda keçirilən bu görüş, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində verdiyi məlum açıqlama (Türkiyə və İsrailin münasibətlərini normallaşdırması üçün Azərbaycanın keçmişdə olan və indi də davam edən vasitəçiliyi) üzərində geniş müzakirə açıb.
Tanınmış türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağarın Musavat.com-a yolladığı açıqlamaya görə, Suriya ərazisində Türkiyə və İsrail arasında yaşanan hərbi gərginlikdən sonra tərəflər arasında “çatışmasızlıq mexanizmi” adlanan danışıqlar Bakıda keçirilib və bu görüşlərin davamı da gözlənilir.
Onun fikrincə, bu danışıqlar sadəcə texniki deyil, həm də bölgənin gələcək xəritəsinə təsir edəcək strateji nəticələr doğura biləcək səviyyədədir.
Abdullah Ağarın düşüncəsinə görə, İsrailin Türkiyənin Suriyada mövcud və mövcud ola biləcək bəzi hərbi mövqelərini – xüsusilə Palmira (Tiyas/T4) və Hama bölgələrini bombalaması bu danışıqlara səbəb olan əsas hadisədir. Eyni zamanda, Suriya hava məkanında Türkiyə və İsrail təyyarələrinin bir-birinə təhlükəli dərəcədə yaxınlaşması, münasibətləri gərginləşdirən əsas məqamlar sırasındadır.
Bu hadisələrdən sonra İsrail və Türkiyə nümayəndə heyətləri Azərbaycanın vasitəçilik etdiyi danışıqlar üçün Bakıda bir araya gəliblər. Bu, həm də Azərbaycanın getdikcə artan diplomatik çəkisini göstərir.
Netanyahu-Tramp xətti: ABŞ-İsrail-Türkiyə üçbucağında Bakı
Abdullah Ağarın təhlilinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun qəfil ABŞ-a səfəri və Donald Trampla görüşü, bu proseslərlə birbaşa bağlı ola bilər. Ağar iddia edir ki, Tramp Netanyahuya belə bir mesaj verib: “Makul (ağıllı) olarsansa, bu məsələni həll edə bilərəm.” Bu isə o deməkdir ki, Netanyahu ABŞ-dan müəyyən istəklərlə çıxış edib və bu istəklər Trampın planlarına uyğun gəlməyib.
Ən maraqlı detal isə odur ki, Netanyahunun ABŞ səfərində onu müşayiət edən İsrail Ordusunun müstəşarı Roman Qofman, ABŞ-dan qayıtdıqdan dərhal sonra təyyarə dəyişdirərək Bakıya uçub. Bu, danışıqların nə qədər ciddi və yüksək səviyyəli olduğunu göstərən önəmli bir detal kimi dəyərləndirilir.
İsrailin “Palmira xətti” – yalnız hava məkanı məsələsi deyil
İsrail bu danışıqlarda Palmira bölgəsini “qırmızı xətt” elan edib və bu məsələdə geri çəkilməyəcəyini vurğulayıb. Lakin Abdullah Ağarın fikrincə, məsələ təkcə hava məkanında üstünlük əldə etmək deyil. İsrailin Palmira ilə bağlı həssaslığı daha böyük bir strateji xəritəyə bağlanır:
• Suriya və İraq arasında “Davut Dəhlizi” deyilən bir keçidin açılması;
• YPG/PKK və Dürzi qrupları ilə əlaqəli manevr imkanlarının artırılması;
• Fərat çayı və onun şərqindəki coğrafiyalara – Mezopotamiyaya çıxış imkanlarının yaradılması.
Bu iddialar bölgədə ideoloji, coğrafi və demoqrafik mühəndisliyin yenidən dizayn edildiyindən xəbər verir.
Bakı faktoru – Azərbaycanın artan geosiyasi çəkisi
Danışıqların məhz Azərbaycanın paytaxtında baş tutması təsadüfi deyil. Azərbaycan həm Türkiyənin, həm də İsrailin yaxın tərəfdaşıdır. Bununla yanaşı, son illər ərzində Azərbaycan regionda diplomatik vasitəçilik missiyasını uğurla yerinə yetirən ölkəyə çevrilib.
Bakı bu görüşlərin mərkəzinə çevrilməklə, Yaxın Şərq və Cənubi Qafqaz arasında körpü rolunu oynayır. Bu, Azərbaycanın yalnız enerji və təhlükəsizlik baxımından deyil, beynəlxalq diplomatiya səhnəsində də mühüm aktora çevrildiyini sübut edir.
Redaksiya qeydi:
Abdullah Ağarın paylaşdığı bu təhlil bölgədə açıq görünməyən, lakin dərin strateji qarşıdurmaların mövcud olduğunu göstərir. Azərbaycan bu qarşıdurmaların dialoq yolu ilə həllinə töhfə verən neytral platforma kimi çıxış edir. Lakin məsələ təkcə danışıqlar deyil – burada yeni diplomatik güc mərkəzlərinin formalaşması, hərbi-siyasi cəbhələrin yenidən çəkilməsi və güclərin balans oyunu gedir.
Musavat.com