Bakının Zəngəzur dəhlizinə alternativ həmləsi… – “İndi Laçın dəhlizinin bağlanması, separatçıların tərksilah edilməsi gündəmdədir”

Fərhad Məmmədov: “Azərbaycan nümayiş etdirir ki, çox gözləmək fikrində deyil… İrəvanın şıltaqlığı və inadkarlığı Ermənistana baha başa gəldi”

“Rusiya 10 noyabr üçtərəfli bəyanatının bəndlərinin icrasını təmin edə bilməyib… Moskva bəyannaməsində göstərildiyi kimi Azərbaycanın dövlət sərhədlərinə nəzarəti məsələsinə hörmət etməlidir”

Dünən Bakıda Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumu İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya bağlantısının yaradılmasını nəzərdə tutur.

Sənədin məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Beləliklə, Azərbaycan 44 günlük müharibənin yekunu olaraq imzalanmış 10 noyabr bəyanatında yer alan Zəngəzur vasitəsi ilə Naxçıvana çıxış məsələsini fərqli qaydada həll etməyə nail oldu.

Sözügedən sənədin 9-cu maddəsində yazılmışdı: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Lakin Ermənistan ötən təxminən ilyarım ərzində bu razılaşmanın icra olunmasına imkan verməyib və müxtəlif şərtlər irəli sürüb.

Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə irəli sürdüyü Zəngəzur və Laçın dəhlizinə bərabər statusun tətbiq edilməsi təklifindən də imtina edib. Söhbət hər iki dəhlizdə maneəsiz hərəkətin təşkilindən gedirdi.

Nikol Paşinyan bu məsələdə topu Rusiya və Azərbaycanın meydanına ataraq, Bakını Laçın dəhlizi məsələsini Moskva ilə həll etməyə yönəltməyə cəhd etdi. 22 fevralda Azərbaycan və Rusiya arasında imzalanmış Moskva bəyannaməsində isə bu məsələnin prinsipial həlli ilə bağlı iradə nümayiş etdirilib. Sənəddə göstərildiyi kimi Azərbaycanın dövlət sərhədlərinə nəzarəti məsələsinə Rusiya hörmət etməlidir.

Hazırda Rusiya Ukrayna böhranında bataqlığa düşüb, iş o yerə çatıb ki, Qarabağdakı sülhməramlıların Ukrayna cəbhəsinə göndərilməsi zərurətə çevrilib.

Bir tərəfdən Ermənistanın mənasız və ilk növbədə özünə ziyan vuran inadkarlığı, digər yandan Qərbin tam izolyasiyasında qalan Moskvanın Zəngəzur dəhlizinə nəzarət etməsi artıq bölgə dövlətlərinin, o cümlədən Azərbaycanın maraqlarına cavab vermir.

Bu səbəbdən Bakı alternativ çıxış yolu tapdı. Türkiyə ilə razılaşdıraraq İranla yuxarıda haqqında bəhs olunan Anlaşma Memorandumunu imzaladı.

Bundan sonra proseslər hansı istiqamətdə cərəyan edəcək? Laçın dəhlizində dövlət sərhədinə nəzarət, erməni silahlılarının bölgədən çıxarılması məsələsi həll ediləcəkmi?

Politoloq Fərhad Məmmədov bu mövzuyla bağlı “AzPolitika.info”-ya şərhində bildirib ki, Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarından İrana, oradan isə Naxçıvana və Türkiyəyə nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı İran və Azərbaycan arasında imzalanmış Memorandum Azərbaycanın regionda öz maraqlarını həyata keçirdiyinin göstəricisidir.

Onun sözlərinə görə, bunun üçün Bakının həm maliyyə, həm də təşkilati resursları var, üstəlik ölkəmizin öz milli maraqlarını qonşu ölkələrin maraqları ilə uzlaşdırmaq bacarığını xüsusi qeyd etmək vacibdir: “Prezident İlham Əliyev regionda praqmatizmə və qarşılıqlı faydaya əsaslanan fəaliyyət mühiti yaradır. Azərbaycan ilyarımdır ki, səbrlə Ermənistana kommunikasiyaların açılması ilə bağlı verdiyi təkliflərə cavab gözləyir. Amma Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin adından yapışaraq, erməni cəmiyyətində emosional əhval-ruhiyyəni yüksəldir. Daha sonra dəmir yolu və magistral yolları ilə bağlı müxtəlif manevrlər etdi. Nəhayət, üçtərəfli hökumətlərarası komissiyaya məhəl qoymadan birtərəfli qaydada dəmir yolunun tikintisi üçün komissiya yaratdı. Bütn bunlardan sonra nəticədə Azərbaycan özü üçün fundamental məsələni həll etdi – Ermənistana kommunikasiyalar açmaq öhdəliyi olmadan Naxçıvana və daha sonra Türkiyəyə qurudan çıxış yolu əldə etdi. Bu, çox vacib elementdir. Çünki kommunikasiyaların açılması Ermənistan üçün də bütün yolların açılması demək idi. Amma indi Bakının belə bir öhdəliyi yoxdur və İrəvan Bakıdan öz ərazisi ilə İran və Rusiyaya dəmir yolu xətlərinin açılmasını xahiş etməli olacaq. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək imkanı istəyəcək”.

Politoloq daha bir vacib məqama diqqət çəkib: “Bununla yanaşı, Azərbaycan və Türkiyə prezidentləri Ankarada Naxçıvandan Qarsa dəmir yolunun tikintisini sürətləndirmək barədə razılığa gəliblər. Bu da Ermənistanın Gümrüdən Qarsa çıxışını Türkiyə üçün mənasız və ikinci dərəcəli edir. Beləliklə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin dayanması gündəmə gəlir. Bu məsələ artıq Ermənistanın Azərbaycanın tələblərinə çevik razılıq verməsindən asılı olacaq. Əgər əvvəllər Ermənistan üçün bütün kommunikasiyaların açılması Zəngəzur dəhlizinin açılması şərti müqabilində idisə, indi şərtlər başqa olacaq. Sözsüz ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsi burada prioritet məsələ olacaq”.

Politoloq xatırladır ki, Ermənistan öz inadkarlığı ilə Rusiyanı da çətin vəziyyətə salıb: “Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsində və regionda beynəlxalq dəmir yolu şəbəkəsinin yaranmasında Rusiyanın iştirakı nəzərdə tutlmuşdu. Belə çıxır ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatının bəndlərinin icrasını təmin edə bilməyib”.

F.Məmmədovun sözlərinə görə, Zəngəzur dəhlizinə ehtiyac aradan qalxdığından Laçın dəhlizi məsələsi də yenilənir. Ekspert qeyd edib ki, bu məsələ çox güman ki, yaxın zamanlarda Azərbaycan-Rusiya formatında öz həllini tapacaq: “Bununla da Azərbaycan nümayiş etdirir ki, çox gözləmək fikrində deyil. İrəvanın şıltaqlığı və inadkarlığı Ermənistana baha başa gəldi. İndiki çətin şəraitdə Bakı qərarlar verməyə tələsəcək, İrəvan isə nəzakətlə hərəkət etməlidir. Əks halda, kommunikasiya və sərhəd mövzusunda olduğu kimi, Azərbaycan öz mülahizələrinə uyğun olaraq birtərəfli addımlar atacaq”.

F.Məmmədov xatırlatdı ki, Prezident İlham Əliyev Rusiya prezidenti ilə görüşündə prioritet gözləntilərini açıqlamışdı: “Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması və kommunikasiyaların açılması. İkinci mövzuda artıq Azərbaycan fundamental məsələni həll edib, yalnız qoşunların çıxarılması qalıb. Burada seçim Ermənistanındır – könüllü olaraq və ya zorla bu problem həllini tapmalıdır. Bu məsələdə Bakı çox gözləməyəcək. Ermənistan ənənəvi olaraq xarici siyasətini ziddiyyətlər üzərində oynamaq, Azərbaycan isə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın formalaşdırılması üzərində qurur. Bu, iki ölkə arasındakı əsas fərqdir.

Türkiyə, Rusiya, İran və Çin yeni nəqliyyat dəhlizinin formalaşdırılmasında maraqlıdır. İndi Ermənistanın bu prosesdə iştirakı sual altına düşür. Ermənistan liderləri regiondakı indiki reallıqları qəbul etməlidirlər. Azərbaycan və Türkiyənin tələblərinin ödənilməsi yeganə ağlabatan addımdır və yola düşən qatarın son vaqonuna tullanmaq imkanı hələ də var. Vaxt daralır.”

Hamısını Göstər

Related Articles

Back to top button