“Bandotdel”dən əməliyyat: Saxlanılanlar var

Üzərində qanunsuz olaraq silah-sursat saxlayan, paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadəni Suraxanı rayonu ərazisində saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı 1 ədəd “Beretta” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqca və 4 ədəd patron aşkar olunub.

Digər bir əməliyyat nəticəsində isə qanunsuz olaraq üzərlərində və yaşadıqları evlərdə odlu silah-sursat saxlayan 4 nəfər saxlanılıb.

Əməliyyat zamanı Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1 və 221.1 ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb. Bu şəxslərdən 2 ədəd “TT” markalı tapança, 3 ədəd sandıqça, 3 ədəd əl qumbarası, 1 ədəd “Sayqa” markalı avtomat silah, 1 ədəd avtomat darağı, 1 ədəd ov tüfəngi və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı isə Xızı rayonu, Giləzi qəsəbə sakini əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Azər Rəhimov saxlanılıb.

Onun Giləzi qəsəbəsində yaşadığı evin həyətindən aqrotexniki qaydada əkib-becərdiyi ümumi çəkisi 448 kiloqram olan 301 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində satmaq məqsədi ilə əkdiyini bildirib.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Ülvi Məmmədov saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən satış üçün nəzərdə tutularaq qablaşdırılan 157 büküm narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma və təyin edilən ekspertizalar zamanı müəyyən olunub ki, Ülvi Məmmədovdan aşkar olunan narkotik vasitələrin bir qismi  insan orqanizmi üçün olduqca təhlükəli hesab edilən “Psilosibin” göbələklər qrupuna aiddir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button