Baş Siyasi İdarənin “N” saylı məzarı – 5-ci yazı

Əvvəli burada

Davamı

Xüsusi arayışına imza atan Əbdülsamadov bunu da qeyd edirdi ki, belə sakit məhbuslarla işləmək onun üçün çox rahatdır.

   M.Ə.İsmayılzadənin (Mikayıl Müşfiqin) həbs olunmasının 10-cu günü Əbdülsamadov adəti üzrə işini başa vurduqdan sonra arayışını yazır. Bu dəfə arayışını Qriqoryanın adına yazır… Qriqoryan arayışda qeyd olunmuş  “o, özünü çox alicənab aparır” ifadəsinin üstündən qırmızı xətt çəkir və soruşur: Əsgər Əbdülsamadov yəni sözə qulaq asmır?.. Əbdülsamadov deyir ki, o, çox nəcib adamdır… Bundan sonra Atakişiyev axşama qədər Əbdülsamadovu başqa kameraya nəzarəti tapşırır və ertəsi gün… 1937-ci il iyunun 15-də Azərbaycanın başçısı M.C.Bağırova müraciət edir. Müraciətdə Atakişiyev bildirir ki, məhbus kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında Sizi və dövləti söyür. Yaxşı olardı ki, məhbus İsmayılzadəni ciddi məhbus hesab edərək, onu Baş Kəşfiyyat İdarəsinin Xüsusi Şöbəsinin sərəncamına verək. Bu məsələ baş tutur. 1937-ci ilin iyunun 27-də Təhlükəsizlik Komitəsinin kapitanı Çinmanın tərtib etdiyi arayışa yenidən baxılır və şəxsən Atakişiyevin əlavələrilə məhbus M.Ə.İsmayılzadə daha ciddi və təhlükəli cinayətkar kimi “Xüsusi İdarə”nin sərəncamına verilir.(O vaxt Xüsusi İdarə “Xüsusi Şöbə” adlandırılırdı və bir baş Baş Kəşfiyyat İdarəsinə tabe idi. Onun tərtib etdiyi istintaq arayışının icrası üçün müəyyən vaxt verilirdi və bu beş gün ərzində müttəhim kimliyindən asılı olmayaraq güllələnirdi). Bu idarə rəsmi sənədlərdə 6-cı idarə kimi gedirdi və bilavasitə ölkənin elm, incəsənət, ədəbiyyat, səhiyyə və təhsil, maarif sistemində çalışanlara nəzarət edir, amansız mövqeyilə fərqlənirdi.

   1937-ci ilin iyunun 27-də müttəhim M.Ə.İsmaylzadənin əks-inqilabçı gənclər təşkilatının müsəlman ölkələri üzrə ideoloji koordinatoru kimi istintaq işi Mərkəzi İcraiyyə Komitəsinin sədri təhlükəsizlik zabiti İ.İ.Şevçenkonun imzası ilə Xüsusi Şöbəyə göndərilir.

   Həmin vaxt şöbənin əksər əməkdaşları rus və qeyri-azərbaycanlı olduğundan istintaq materialları düzgün tərtib olunmurdu. Materiallar tamamlanmırdı. Həmçinin kameralara nəzarət edənlər də başqa millətdən olduğundan müttəhimlərlə əlaqələrin çoxu anlaşılmırdı. Nəticədə 1937-ci ilin noyabrın 26-da Xüsusi İdarəyə vaxtilə 4-cü kameraya baxan Əli adlı bir nəzarətçi ayrılır.

   Qısa arayış: Serjant Əli Mərdan oğlu Əlistan1909-cu ildə Naxçıvanda indiki Babək rayonunun Nehrəm kəndində anadan olub. 1937-ci ilin mayında Bakıya göndərilir, Xüsusi İdarədə işə başlayır. O, 4-cü kameraya 1109 saylı məhbusa nəzarət edir. Əli rus dilini bidiyinə görə kameradakı məhbus  M.İsmayılzadə ilə sorğu-sual tez də tərcümə olunurdu. Müstəntiq Çinman Baş Kəşfiyyat İdarəsinin istintaq qrupuna verdiyi arayışda göstərir ki, 1109 saylı məhbusun kamerasına Əli Mərdan oğlu Əlistanın təyin olunması işləri xeyli dəyişmişdi.

   Şübhəsiz istintaq materiallarının düzgün tərtib olunması vacib idi. Çünki bundan sonra heç kəs müdaxilə edə bilmirdi.

   Müstəntiq Çinman daha sonra Baş Kəşfiyyat İdarəsinin müstəntiqi A.A.Rıbkinə verdiyi-cavabda qeyd edir: “…Mən 1109 saylı məhkumdan razı idim. Məni yormurdu. Bəzən mənə məktub gətirirdilər ki, istintaq zamanı bəzi-bəzi adamların adlarını çəksin… canını qurtarsın. Amma mən bu yolu seçmirdim. 1938-ci ilin yanvarın 4-də gündüz mənə Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa et… Mən anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyuldu. Başımı qaldırıb, məndən bir az aralı duran Əli Əlistana nəzər saldım. Hiss etdim ki, qatarın getdiyini o da bildi. Birdən heç kimin gözləmədiyi bir halda serjant Əli Əlistan dedi:-şair, bu bizim sonuncu görüşümüzdür. Müstəntiq fikrini cəmləyib, dedi:- Mirzə, sonuncu arzunu de – pıçıldadı. Sabah gecə saat birə işləmiş sərəncam icra olunacaq… Kimə nə çatdıracaqsansa, de…

   O, susurdu. Allah – dedi, hamınıza can sağlığı arzulayıram. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?..

   Mən onu aldatmaq istəmədim. Yox dedim. Mən bunu bacarmaram, səni aldatmaq istəmirəm…

    Serjant Əli Əlistan dayanmadı. Qapıya doğru addımladı…

   Araşdırma materiallarında: 1109 saylı məhkumu – şair Mikayıl Müşfiqi tək buraxdıq. Onu kameraya ötürdük.

   Hadisələr məni yaman üzmüşdü… Mən bu hadisələrdən sonra Əli Mərdan oğlu Əlistanı axtardım.

   1938-ci ilin 5 yanvar tarixində gecə saat 12 radələrində 1109 saylı məhkum özünü asaraq öldürdü. Onu tələm-tələsik palaza büküb, bir tərəfə qoyurlar. 1938-ci ilin yanvarın 6-da DTK-nın serjantları, ölüm hökmünün icraçıları hokumü yerinə yetirirlər… Meyidi palaza bükülmüş 1109 saylı məhkuma əlavə üç güllə vurulur. Bundan sonra serjant Əli Əlistan 4 saylı kamerada sübh namazında hansı vasitə iləsə (bilinmir) 1109 saylı məhkumun meyidini palaza bükülmüş halda təcili kameradan çıxararaq aparır. Kapitan Çinman BKİ-nin istintaq idarəsinə verdiyi ifadədə göstərir ki, 1109 saylı məhkumun meyidinin tələm-tələsik çıxarılmasını MK-də “Sehirli Qala”da bilirdilər. İstintaq idarəsinin rəisi general Ağasəlim Atakişiyev verdiyi ifadələrin birində qeyd edirdi ki, Bağırov şairin ölümündən xəbərsiz idi… Hadisəni biləndən sonra Əli Əlistanla görüşüb və şairi dəfn etməyi ona tapşırır. İstintaq materiallarından öyrəndiyimizə görə Əli Əlistan 1109 saylı məhkumun meyidini – Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəni Bayıl qəbristanlığına doğru aparır. Orada adsız qəbirlərin birində dəfn edir.

   Mən Əli Mərdan oğlu Əlistanla təqribən 1994-cü ilin may ayının 27-də Prezident Yanında Xüsusi İdarədə görüşdüm. Bizim görüşümüz idarənin keçmiş rəisi, müəmmalı şəkildə qətlə yetirilmiş general Şəmsi Rəhimovun otağında oldu. Görüşdə Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, fəxri çekist mərhum Kamal Əlisəttar oğlu Əliyev də iştirak edirdi. Uzun söhbətdən sonra mayın 27-də saat 17:30-da DTK-nin keçmiş əməkdaşı Əli Mərdan oğlu Əlistan bizi, daha doğrusu məni və polkovnik Kamal Əliyevi dar bir cığırla Bayıl qəbristanlığına apardı. Neçə yerdən çapılıb tökülmüş, dağılmış, viranə qalmış başdaşısı olan bir qəbir göstərdi. Əli kişi çox qıvraq, cəld, çevik addımlarla yarısı torpağa batmış başdaşını qucaqladı, hönkürtü çəkdi. Nə isə dedi, anlamadım. O, başdaşının üstündəki neçə illərdən bəri döyülmüş Əli sözünü nişan verdi. Bu sözü mən yazmışam dedi. Qəbir itməsin deyə, onun da üstündə Allah sözü yazdım. İki gün mən bu sözlərdən ötrü əlləşdim, amma yazdım.

   Biz ertəsi gün özümüz şairin ziyarətinə getdik. Polkovnik Kamal Əliyev qəbrin şəklini çəkib götürdü…

   İndi bu məzardan 80 il keçir. 80 yaşlı məzarla üz-üzə qalmaq, şairin ruhunu dinləmək çətindir. 1109 saylı məhkumu görmək istədim, görə bilmədim. Əli Əlistan bunu da dedi ki, şairin məzarı ətrafında Azərbaycanın onlarla tanınmış, sevilən insanları yatır. Bu adsız məzarlar Sumbatovun, Qriqoryan Xoren İvanoviçlin, Markaryan Ruben Ambarsumoviçin, Borşevlərin, Yemelyanovların hokum ilə qazılıb. Ayrılarkən Əli kişi dağılmış, batmış məzarlardan, adı, ünvanı bilinməyən məzarlardan birini nişan verib dedi: – Quranı Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş 83 yaşlı Seyid Mirəli Məhəmmədini də sürüyə-sürüyə ora atdılar. Onu Nargin adasında öldürüldüyü deyilirdi, amma yalandır. Onu burda başına döyə-döyə öldürdülər.  Ölüm hokumü isə ertəsi gün çıxdı.

   Nə qədər ağır olsa da mən bunları yaşadım və bu gün də yaşayıram.

Rövşən Novruzoğlu:
“Beynəlxalq Terrora və Korrupsiyaya

Qarşı Mübarizə” Strateji Araşdırmalar
Mərkəzinin direktoru.

Hamısını Göstər

Related Articles

Back to top button
Close