Baş Siyasi İdarənin “N” saylı məzarı

Araşdırma materiallarında hələ də 1937-38 ci illərdə repressiya olunmuş, haqsız və günahsız güllələnmiş insanların məzarlarının harada olması barədə cəmiyyətin səhih məlumatlara ehtiyacı var.Siyasi İdarənin məxvi sənədlərinə görə keçmiş ittifaqda güllələnmiş yazıçı və şairlərin,alimlərin,elm xadimlərinin basdırıldıqları ərazilər “Территория” (ərazi) adlandırılıb. Belə ərazilərin sayı Azərbaycanda yeddi yerdə-Naxçıvan, Bakı, Gəncədə dəfn olunan qələm sahiblərinin sayı 1000 (min) nəfəri keçib. Qələm sahiblərinin güllələndiyi və “dəfn olunduğu” ərazilər tam məxvi saxlanılıb. Baş Kəşfiyyat İdarəsinin – bu istiqamətdə fəaliyyət göstərən arxivləri 1956, 1959 və 1963-cü illərdə açılıb və bir həftədən sonra bağlanılıb.

   Azərbaycan NKVD-nin yeddi belə qəbristanlığının üçü Bakının ərazisinə düşür. Bu ərazilərdə heç bir axtarış olmayıb. Hamı öz axtarışına Nargin adasında başlamağa üstünlük verib. Lakin bu dumanlı və qaranlıq Nargin adasına heç bir yerdən gediş-gəliş mümkün olmadığından axtarış baş tutmayıb.Məsələn,Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə  tərcümə edən 83 yaşlı Mir Məhəmməd Kərimağanı 1938-ci il yanvarın 3-də başına döyə-döyə oldürüb dərəyə atıblar… Əsas məlumatlardan biri də odur ki,repressiya dövründə Azərbaycanda 32616 (otuz iki min altı yüz on altı) nəfər repressiyanın qurbanına çevrilmiş,onun dörd yüz dörd (404) nəfəri gənc şairlər və yazıçılar olmuşdur.Xüsusi amansızlıqla qətlə yetirilənlərin yaş həddi 16 – 24 yaşda olanlardır.Belə gənc və yeniyetmələr dərs gedə-gedə sinifdən və auditoriyadan çıxarılıb. 380 nəfəri Azərbaycanın ayrı-ayrı qoşun kontingentlərində çalışan,vətənə xidmət edən ali rütbə sahibləri olub. Bir gecədə Astara və Lənkərandan, Cəlilabad və Biləsuvardan 847 nəfər həbs olunub və sorğusuz-sualsız güllələniblər.Bu repressiyalarda Kremlin əsas məqsədi Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərini pozmaq, dağıtmaq, əlaqələri sarsıtmaq,şair və yazıçılarımıza divan tutmaqdan ibarət olub.

Məzarını axtardığımız, lakin hələ tapmadığımız şair Mikayıl Müfiqin dindirilməsində, ittiham olunmasında İran faktoru az rol oynamamışdır. Onun İranda çap olunan şerləri və kitabları Baş Siyasi İdarənin həmişə diqqət mərkəzində olub…”araşdırılıb,təhlil edilib”…

   Şübhəsiz, həmin vaxt Azərbaycanın xüsusi xidmət orqanlarında İrana qarşı olan 34 kiçik hazırlıq kursları uzun müddət Kremlin nəzarəti altında fəaliyyət göstərib.Lakin,1985-ci ildə xüsusi xidmət sahələrinə, İran və Türkiyə əleyhinə məxvi məktəblərin bağlanmasına dair sənədlərə M.Qorbaçov imza atmaqdan imtina etmişdir.Sovetlər ittifaqı tamam süquta yetdikdən sonra,Heydər Əliyevin cəsarətli addımı ilə Azərbaycanda İran və Türkiyə əleyhinə aparılan təbliğat ocağı söndürüldü. Çünki, Kreml və Azərbaycanı sevməyənlər xalqın, millətin namuslu,vicdanlı qələm sahiblərini ləkələmək üçün həmin məktəblərdən istifadə edirdilər.
Yenə qayıdıram itkin məzarlara,Mikayıl Müşfiqin soyuq məzarına. O məzarın bu gün də mehriban qəlblərin ziyarətinə və isti əllərin sığalına ehtiyacı var. Hər tapılan sümüyün “DNK”sını axrarmaqla çox zaman istənilən nəticəni vermir. Fərziyyələri,illuziyaları bir yana qoyub düşünmək lazımdır. Bəlkə o məzar bizim on addımlığımızdadır. Və biz onu həmişə görürük!?…Məni,həmişə bir sual düşündürür:-1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının plenumunda (əslində səyyar məhkəməsində) Mikayıl Müşfiqlə bağlı Baş Siyasi İdarənin çəkdirdiyi məxvi kino lenti hardadır? Onu kimlər və nə üçünaldı? Bəlli deyil…

Dr.Rövşən Novruzoğlu
Milli təhlükəsizlik məsələləri üzrə
eksport professor, politoloq

“Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var!”

M.Müşfiq

Azərbaycanda xalqımızın mədəniyyətinə, elminə, incəsənətinə, ədəbiyyatıına dövlət tərəfindən hər zaman böyük qayğı göstərilir. Odur ki, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş Mikayıl Müşfiqin cəsədinin qalıqlarının tapılması barədə son günlərdə kütləvi informasiya vasitələrində yayılmış materiallar dərhal möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqətini cəlb edib. Bu barədə yayılan açıqlamada bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunmasına dair yayılan məlumatlar dövlət başçısının nəzarətindədir və Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında  artıq, Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.  1919-cu il Noyabrın 1-də  işçi qrupun ilk iclası keçirilmiş,KİV-lərdə dərc edilən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların DNT analizinin aparılması və digər zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir. 
Böyük şairimiz Hüseyn Cavid Müşfiqi “gələcək şeirimizin tacidarı” kimi öyür, Səməd Vurğun isə “məni poeziya sahəsində yalnız Müşfiq keçəcək” deyirdi. Bəs yaradıcılığına bu qədər yüksək dəyər verilən Müşfiq hansı günahın sahibi idi ki, donosçular dəstəsi onu ləkələmək, məhv etmək məqsədilə dəridən-qabıqdan çıxır, iclaslarda onu haqsızlıqla tənqid edir, böhtan atırdılar. Yazdıqları donosların mürəkkəbi qurumamış yenidən qələmə sarılırdılar. Donosçular ən qəddar düşməndən intiqam alırmışlar kimi, onu xalq düşməni, müsavatçı, pantürkist, əksinqilabçı, sovet quruluşunun əleyhdarı, gəncliyi düz yoldan sapdıran təxribatçı adlandırırdılar. Yazılan məktublarda Müşfiqin ünvanına söylənilən təhqirlərin, hədyanların, uydurmaların həddi-hüdudu yox idi. Heç şübhəsiz ki, donosçular dəstəsi, o cümlədən bu şərəfsiz kampaniyaya qoşulan Məmməd Rahim, Ə.Əkbər, Mikayıl Rzaquluzadə, Seyfulla Şamilov, Əsəd Əyyubi, Mirmehdi Seyidzadə, Məmmədkazım Ələkbərli və başqaları yaxşı bilirdilər ki, yazılan donoslar, Müşfiqin əleyhinə yönələn ifadələr gec-tez bu böyük şairi ölümün pəncəsinə verəcək. Mənfur repressiya maşını artıq hərəkətə gəlmişdi, millətin öncülləri, düşünən beyinləri ölüm təhlükəsi ilə üz-üzə qalmışdılar.
Bəzi məlumatlara görə, 1937-ci ilin yazında Müşfiqə təklif edilir ki, Hüseyn Cavidin məsələsi artıq həll olunub, bu gün-sabah tutacaqlar, sən özünü xilas etmək üçün onun əleyhinə bir-iki yazı çap elətdir. Müşfiq təklifi rədd edərək deyir ki, mənim sağ əlim Cavidin əleyhinə bir yazı yazsa, sol əlimlə onu baltalayaram. Bəli, bu nakam şair qeyrət, kişilik mücəssəməsi idi. Təəssüf ki, donosçular dəstəsi bu keyfiyyətlərdən xali idi.
Müşfiq incə hisslər, kövrək duyğular, məhəbbət və bəşəri ideallar şairi idi. Onun poeziyası insanın qəlbinin dərinliklərinə nüfuz edərək, beyinlərə hakim kəsilir, gəncliyi yüksək dəyərlər ruhunda tərbiyə edir, bəşəri amallar uğrunda mübarizəyə səsləyirdi. İlk şeiri 1926-cı ildə çap edilən gənc şair ədəbiyyata və həyata böyük amallarla qədəm qoymuşdu, özünəgüvənik, gənclik enerjisi sərhəd tanımırdı:

Hər tərəfdə qurulan toy-büsat mənəm,
Ulduzlarla edən ixtilat mənəm,
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm!

Gənc və istedadlı şairin bu qədər böyük cəsarətlə ədəbiyyata gəlişi bəzi paxıl qafiyəbazları qorxuya salmışdı:

Dünən bir şairin keçdim yanından,
İldə bir söz çıxmaz xəsis canından.
Eşqi, ehtirası olmayan, yetər,
Çıxsın birdəfəlik söz meydanından!

Paxıllar, istedadsızlar isə söz meydanını tərk etmək fikrində deyildilər, birləşib fitnə-fəsadla, məkrlə quyu qazırdılar Müşfiqə. “Gənc işçi” qəzeti 1932-ci ilin 20 iyul tarixli sayında yazırdı: “Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, qəzet idarəsinə gələrək onu Cavidin “Ay qoduq” sərlövhəli şeirini yaymaqda tənqid edən və haqqında yazan komsomolçu müəllim Yusif Şirvanı adam yerinə qoymur, Süleyman Rüstəmi heç bir şey hesab edir və qəzetimizin 17 iyul tarixli nömrəsində “Düşmən ağzına bolşevik yumruğu” sərlövhəli məqalə yazan və onun Cavadçılığını, Cavad quyruğunda süründüyünü isbat edən Əsəd Əyyubiyə nümayişkaranə bir surətdə “Əsəd xuliqandır” deyə təhqir edir”.
Bu, həmin Əsəd Əyyubidir ki, yazırdı: “Biz bu cəbhədə qəti vuruş, döyüş hərbinə keçməliyik. Bu, Müsavata da, Cavada da, Cavada quyruqluq edənlərə də zərbə, fəqət bizim üçün əzici, qurtarıcı bir zərbədir. Çünki biz bu zərbə ilə Müşfiqi sapqınlığından qorumasaq belə, Müşfiqləri qurtarırız”.
Beləliklə, Xalq Daxili İşlər Komissarlığının əlinə özümüzünkülər qədərindən artıq dəstavüz vermişdilər. Repressiya maşınının sükanı arxasında duran Dövlət Təhlükəsizliyi İdarəsində heç kim Müşfiqin yaradıcılığı ilə maraqlanmırdı. Əks halda anlayardılar ki, “Ölkəm” şeirində: 

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm coşuyor dillər pək nəşəli səslərlə.
Baxdım doludur yerlər şən qəlbli kəslərlə.
Pək şad olaraq güldüm abad olan ölkəmdə,
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

yazan Müşfiq “əksinqilabçı, faşist ovqatlı insan”, “qudurğan millətçi”, “alçaq xəyanətkar”, “Vətən xaini” ola bilməz! Bəzi qələm sahiblərinin qəlbiqaralığı, özünüqoruma instinkti Müşfiqi güdaza verdi.

Ardı var…

Hamısını Göstər

Related Articles

Back to top button
Close