Bayden Qarabağ dosyesini açır: “Putin təminat istəyəcək ki…”

“İkinci Qarabağ Müharibəsindən sonra Rusiyanın bölgədə daha da möhkəmlənməsi ABŞ-ı narahat etməyə bilməz. Burada hər iki tərəfin zəif nöqtələri ilə yanaşı, güclü arqumentləri də var. Bir tərəfdən Rusiya Qarabağa silahlı qüvvələrini yeridib, digər tərəfdən isə onların heç bir hüquqi statusu yoxdur. ABŞ-ın bölgədə güclə təmsil olunmamaq kimi zəif tərəfi varsa da, Tehranla apardığı nüvə danışıqları onu Rusiya ilə əməkdaşlıqdan çəkindirə bilər”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Yaxın günlərdə Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Co Bayden görüşəcək. Bu görüşündən gözləntiniz nədir, hansı məsələlər razılaşdırıla bilər? Məsələn, Rusiyada Putin-Bayden görüşünə “dünyanın bölüşdürülməsinin rəsmiləşdirilməsi” kimi baxanların sayı çoxdur.

– Baydenlə Putinin görüşündə yəqin ki, ilk növbədə, ciddi gərginlik mərhələsini yaşayan ABŞ-Rusiya münasibətlərinin müxtəlif aspektləri müzakirə olunacaq və tərəflərin, xüsusilə də Rusiyanın həmin görüş ərəfəsində “əzələ” nümayiş etdirməsi müzakirələrin yüngül olmayacağına işarədir. Bir tərəfdən iqtisadi və texnoloji inkişafdan geri qalmasını geosiyasi demarşlarla kompensasiya etməyə çalışan Rusiya, digər tərəfdən də daxili siyasəti ifrat dərəcədə qütbləşmiş və geosiyasi mövqeləri əldən vermiş ABŞ ortaq məxrəc axtarmağa çalışacaqlar. Rusiya onun iqtisadiyyatına neqativ təsir edən sanksiyaların qaldırılmasına çalışacaq, ABŞ isə bunun əvəzində Moskvadan indikindən fərqli, daha qaydalı davranış tələb edəcək.

Şübhəsiz ki, Yaxın Şərq, Ukrayna ətrafı, Qarabağ və Belarusdakı vəziyyət mütləq müzakirə olunacaq. Bundan başqa, kibercinayətkarlıq və Arktikanın hərbiləşdirilməsi tendensiyaları da gündəmdə ola bilər. ABŞ maksimal dərəcədə Rusiyanı Çindən uzaqlaşdırmağa çalışacaq ki, Putin də bunun qarşılığında hansısa təminatlar istəyəcək.

Bu gün Vaşinqton üçün onun Çin siyasəti daha önəmlidir, nəinki Rusiya ilə çəkişmələr. Əlbəttə, bunlar mənim ehtimallarım və hesablamalarımdır, amma “dünyanın bölüşdürülməsi”nin baş verəcəyini düşünmürəm. Bunun da çox sadə səbəbi var: çağdaş dünya geosiyasi konturlar baxımından nəinki 10 il, hətta 5 il əvvəlkindən də xeyli fərqlidir.

Artıq qlobal meydanda supergüc olan Çin və yerləşdikləri bölgələrə dair müstəqil siyasət yürütməyə çalışan regional dövlətlər var ki, onların da hamısını obrazlı desək, bir masa üzərinə toplayıb bölüşdürmək mümkünsüz görünür.

– Liderlərin görüşündə Cənubi Qafqazdakı son durumun müzakirə olunacağı gözlənilənilir. Sizcə, Qarabağ ətrafındakı son gəlişmələr fonunda hansı məsələlər müzakirə edilə bilər?

– Cənubi Qafqazla və özəlliklə də Qarabağla bağlı vəziyyətin müzakirə olunacağı ehtimalının yüksək olduğunu artıq qeyd etdim və bu da yəqin ki, “Böyük Yaxın Şərq” kontekstində aparılacaq, çünki Cənubi Qafqaz təkcə Rusiya üçün Yaxın Şərqə çıxış kimi yox, həm də “Şimal-Cənub” və “Şərq-Qərb” iki mühüm qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişdiyi region kimi önəmlidir.

İkinci Qarabağ Müharibəsindən sonra Rusiyanın bölgədə daha da möhkəmlənməsi ABŞ-ı narahat etməyə bilməz. Burada hər iki tərəfin zəif nöqtələri ilə yanaşı, güclü arqumentləri də var. Bir tərəfdən Rusiya Qarabağa silahlı qüvvələrini yeridib, digər tərəfdən isə onların heç bir hüquqi statusu yoxdur. ABŞ-ın bölgədə güclə təmsil olunmamaq kimi zəif tərəfi varsa da, Tehranla apardığı nüvə danışıqları onu Rusiya ilə əməkdaşlıqdan çəkindirə bilər. Bir çox məqmları qeyd etmək olar, amma düşünürəm ki, əsas müzakirələr bu istiqamətlərdə gedə bilər.

– İrəvanda keçirilən son sorğuda “Ermənistanın üzləşdiyi ən kəskin problem nədir?” sualına respondentlərin cəmi 0.7 faizi “Dağlıq Qarabağın statusu” olduğunu deyib. Yəni ermənilər Qarabağ unutmağa başlayıb və ya unudacaqmı?

– Mən bunun müvəqqəti tendensiya olduğunu və Ermənistanın hərbi məğlubiyyətindən qaynaqlandığını düşünürəm, odur ki, biz eyforiyaya düşməməliyik. Bəli, bu gün Ermənistan əhalisi üçün sosial-iqtisadi vəziyyət, qarşıdan gələn seçkilər, ölkədən əhali axını və digər məsələlər daha aktualdır, amma əminəm ki, zaman keçəcək və Qarabağın dağlıq hissəsinə iddialar öz əvvəlki məcrasına qayıdacaq.

Unutmayaq ki, erməni dövlətinin motivasiyasının təməlləri arasında əsas yerlərdən birini “qədim xəritələr”ə söykənən qonşulara qarşı ərazi iddiaları tutur. Birdəfəlik bilməliyik ki, bu xülyalar əbədidir və bunlara da daim hazır olmalıyıq. Necə hazır olmağın yolunu isə arxada qalan iki dövr əyani göstərdi: 26 il və 44 gün. Bir sözlə, müasir dünyanın real siyasət meyarlarına uyğun siyasət yürütməliyik.

– Son sorğular həm də onu göstərir ki, Baş nazir Nikol Paşinyanın reytinqi düşdüyü halda eks-prezident Robert Köçəryanın reytinqi artır. Bunu nə ilə əlaqələndirmək olar, prosesə sabiq prezidentin baş nazir postuna gedən yolunun açılması kimi baxmaq olarmı?

– Hələlik mən proqnoz verməyə tələsməzdim, çünki Paşinyanla Köçəryan arasında gedən yarışma Ermənistan və onun ətrafında gedən dərin siyasi mübarizənin görünən çox cüzi bir hissəsidir. Bu mübarizənin arxa planında Qərb və Rusiya ilə yanaşı, həmin qütblərdə təmsil olunan erməni diaspor təşkilatlarının çəkişmələri də var. Bu anda görünən budur ki, Kreml Köçəryanın qələbəsini təmin etmək üçün Rusiyadakı erməni diasporunu da işə cəlb edib. Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın Ermənistandakı parlament seçkilərinə qatılması buna işarədir ki, Moskvaya Paşinyanın siyasi hakimiyyətdən getməsi son dərəcə vacibdir və bu da anlaşılandır.

Paşinyanın təkrar seçiləcəyi halda Ermənistandakı Rusiya hərbi bazalarının taleyi sual altına düşəcək ki, bu da Moskva üçün təkcə Cənubi Qafqazı itirmək deyil, həm də bütövlükdə onun Yaxın Şərq siyasətinin iflası demək olardı. Rusiya indiki mürəkkəb dövrdə belə bir şeyi özünə rəva görə bilməz, ona görə də qarşıdan gələn seçkilərin Ermənistana nələri vəd etdiyini təxmin etmək çox çətindir.

Görünən əsas əlamət erməni cəmiyyətinin parçalanması və qütbləşməsidir ki, bu da davamlı qeyri-sabitlikdən tutmuş vətəndaş müharibəsinədək səbəb ola biləcək siyasi reallıqdır.

– Bəs İranda keçiriləcək prezident seçkisindən gözləntiniz nədir?

– Bu dəfəki seçkilərdən sonra İranda yəqin ki, prezident mühafizəkarların təmsilçisi olacaq. Bir sözlə, ölkənin dini rəhbəri ayətullah Əli Xameneyinin mövqeyi bir qədər də güclənəcək. Bir tərəfdən İranda kimin prezident olması ümumi siyasi xəttə əsaslı təsir etməsə də, digər tərəfdən bunun ölkənin xarici siyasətinə təsirləri daim özünü siyasi ritorikada göstərir ki, bu da son nəticədə bölgədəki vəziyyətə təsirsiz ötüşmür. Xüsusilə İran-Səudiyyə Ərəbistanı və İran-İsrail münasibətlərinə…

Bundan başqa, bölgədə İranın da bu və ya digər şəkildə iştirak etdiyi aktiv münaqişələr var, onların hər biri özündə müəyyən risk yükü daşıyır. Xüsusilə Suriya münaqişəsi və Yəməndəki ağır müharibə…

Bura Tehranın nüvə proqramı və ABŞ-Rusiya-Çin üçlüyünün hər birinin Yaxın Şərq siyasətində İran amilinin də dayanmasını əlavə etdikdə, çox mürəkkəb bir düyün alınır. Əsas sual budur ki, İranın yeni prezidenti və onun iş başına gələcək komandası həmin düyünü aça biləcəkmi, yoxsa göstərdiyim üçlükdən kimsə həmin düyünü kəsməli olacaq?

Nəhayət, İranın siyasətini, xüsusilə də nüvə silahı əldə etmək istəyini öz mövcudluğuna təhdid kimi görən İsrailin bölgəyə təsirini nəzərə almamaq düzgün olmazdı. Hər bir halda, mən azı yaxın 5 ildə İran ətrafında gərginliyin azalacağını düşünmürəm.

Hamısını Göstər

Related Articles

Back to top button