Bayden Tehran həbsxanasındakı yanğına münasibət bildirib.

ABŞ Prezidenti Cozef Bayden İranın paytaxtı Tehranın “Evin” həbsxanasının ərazisində baş verən yanğını şərh edərkən rəsmi Tehranı “repressiv” adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

“İran hökuməti o qədər repressivdir ki, küçələrdə yürüş edən insanlara qarşı böyük sayğıdan başqa heç nə duya bilməzsiniz. Məni həmçinin küçələrə axışaraq yaylığını çıxaran qadınlar heyrətə gətirib. Demək istəyirəm ki, bu, həqiqətən də, inanılmazdır”.

Eyni zamanda, dövlət başçısı İran hökumətini “pis qruplaşma” adlandırıb.

Daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays öz tviter səhifəsində departamentin həbsxanadakı vəziyyətlə bağlı xəbərləri diqqətlə izlədiyini, eyni zamanda orada saxlanılan ABŞ vətəndaşlarının təhlükəsizliyinə İranı cavabdeh hesab etdiyini bildirib.

Xatırladaq ki, ötən gecə əsasən xarici vətəndaşlar və siyasi məhbusların saxlanıldığı “Evin” həbsxanasında personal və məhbuslar arasında qarşıdurma baş verib. Toqquşmada məhkumların tikiş sexinə od vurduğu bildirilib. İranın dövlət agentliyi olan İRNA qarşıdurmanın üsyan, ölkədə baş verən iğtişaşlarla bağlı olmadığını vurğulasa da, “Reuters” agentliyi toqquşmada atəş səslərinin də eşidildiyini qeyd edib.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda Güney Azərbaycan bölgəsi daxil olmaqla onlarla ostan və şəhərdə nümayişlər keçirilir. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

Hamısını Göstər

Related Articles

Back to top button