Baydenin Əliyev və Ərdoğana eyni gündə iki mesajı

ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ötən gün göndərdiyi Novruz təbriki cəmi 6-7 kiçik cümlədən ibarətdir. Ancaq həm zamanın seçilməsi, həm də bu qısa məktubda sözçülükdən kənar, lakonik diplomatik dillə verilən mesaj baxımından olduqca əhəmiyyətlidir.

Bu sözləri axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə təbrik məktubu haqda danışarkən deyib. O bildirib ki, hər şeydən öncə Prezident İlham Əliyevə bayram təbriki ilə Türkiyəyə AB sanksiyalarının bəzilərinin ləğvinin üst-üstə düşməsinə diqqət çəkmək lazım gəlir:

“Ötən gün AB-nin Türkiyəyə sanksiyalarının dərhal ardından “Röyters”ə danışan ABŞ administrasiyası rəsmisi bu sanksiyaların ləğv olunmasında Co Baydenin müstəsna rol oynadığını bildirdi. Deməli, Baydenin erməni diaspor və lobbiçilərin təsiri altında olduğu haqda təsəvvürlərin yaranmasında tələskənliyə ehtiyac yoxdur. ABŞ-ın öz dövlət maraqları var və bu maraqlar çərçivəsində də Co Baydenin addımlar atacağının mesajı verildi. Bayden isə məhz bu maraqlar çərçivəsində eyni gündə Ərdoğan və Əliyevə birgə işləmək niyyətini nümayiş etdirdi.

Türkiyəyə sanksiyaların ləğvində Yunanıstanla danışıqlar masasına oturmaq üçün Ankaranın əməli addımlar atması əsas götürülüb. Deməli, Bayden Şərqi Aralıqda NATO-dakı müttəfiqləri arasında olan problemləri aradan qaldırmaq və Şimali Atlantika blokunun ümumi maraqları istiqamətində birləşmək təşəbbüsünü ortaya qoyur.

Prezident İlham Əliyevə təbrik məktubu isə Cənubi Qafqazda Türkiyə varlığının dolayı yolla dəstəklənməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun qiymətləndirilməsi anlamına gəlməlidir. Bakı transmilli layihələrində hər zaman ABŞ-dan ciddi siyasi dəstək alıb. Bayden də bu dəstəyin geniş həcmdə davam edəcəyinə Azərbaycan liderini əmin etmək istədi. “Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır” – Baydenin kiçik məktubundakı bu sözlər təsadüfü seçilməyib”.

Politoloqun sözlərinə görə, Ərdoğan və Əliyevin regionumuzda yaratdığı yeni reallığı ABŞ-ın qəbul etməsi istiqamətində ilk addım kimi bu məktub çox önəmlidir:

“Əlbəttə, 44 günlük müharibə regionda yeni reallıq yaradıb və Azərbaycan hazırda bu reallığı beynəlxalq aləmdə qəbul etdirmək istiqamətində olduqca önəmli addımlar atır. Böyük dövlətlərin maraqları səbəbindən müəyyən maneələri də etiraf etməliyik. Təsəvvür edin ki, 30 ilə yaxın işğal müddətində ATƏT-in Minsk Qrupu üzvləri Azərbaycandan “faktiki reallıqla” – yəni Ermənistanın danışıqlarda “üstün mövqedə olması” ilə barışmağı və daha böyük güzəştləri tələb edirdilər. Ancaq Azərbaycan lideri ərazi bütövlüyü məsələsində qətiyyən güzəştə getməyəcəyini, münaqişənin isə hərbi yolu olduğunu deyirdi və bunu sübut da etdi.

İndi isə Azərbaycan yeni reallıq yaradıb və hamıdan bu reallıqla hesablaşmağı tələb edir. Bu haqlı, beynəlxalq hüquqa uyğun tələbimizə müəyyən müqavimətlərin olduğunu ATƏT sədri Ann Lindenin Bakı və İrəvan görüşlərindəki açıqlamalarında da müşahidə etdik. Əlbəttə, bu yeni reallıqların qəbulu dərhal ola bilməz və beynəlxalq güclərin hər reallıqdan öz maraqları istiqamətində istifadə istəklərini yaxşı anlayırıq. Ancaq məsələ də ondadır ki, bu reallıqların qəbulu prosesi getsin”.

A.Camalqızı ABŞ Prezidentinin məktubunun bizə diplomatik istiqamətdə ciddi işlər görməli olduğumuz barədə mesaj olduğunu da qeyd edib:

“Baydenin məktubunda qeyd etdiyi “Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq” mövqeyindən görünür ki, Vaşinqton “Dağlıq Qarabağ münaqişəsi”nin artıq tarixə çevrildiyini hələ qəbul etmək istəmir. Buna baxmayaraq, Azərbaycanla birgə çalışmağa, davamlı sülhə və Bakının meqalayihələrinə dəstək göstərməyə hazır olduğunu bildirir.

Hazırda Rusiya-ABŞ münasibətlərindəki gərginliyin şəxsi müstəviyə yüksəldiyini də əlavə etsək, görünür ki, ABŞ-da diaspor və lobbi təşkilatlarımızın geniş fəaliyyəti üçün imkanlar və meydan genişlənir. Bu məktubun ardınca ABŞ-dakı diplomatlarımızın yəhudi lobbi və diaspor təşkilatları ilə təmasları artırması haqda yayılan məlumat da təsdiqləyir ki, artıq Bakı bu prosesə çoxdan start verib. Bakının Türkiyə və İsrail arasında vasitəçiliyi ilə bağlı yayılan informasiyaları da bura əlavə etsək, müharibədən sonrakı Azərbaycan diplomatiyasının artıq ilkin uğurlarından bəhs etmək lazım gələr.

İnanıram ki, ən qısa müddətdə Zəfərimizin diplomatiyadakı təntənəsini də qeyd edəcəyik”.

Hamısını Göstər

Related Articles

Back to top button