“Bayraktar”a rəqib tapılıb? – İran dronları rusların dadına çatacaqmı…

Dünyanın “ikinci ordusu”na malik olması ilə öyünən Rusiya Ukraynada girdiyi bataqlıqdan yəqin ki, tezliklə çıxa bilməyəcək. Çıxmaq üçünsə belə görünür, hətta İran silahlarına ehtiyac olacaq. Belə ki, sanksiyalar səbəbindən Rusiyada dron istehsalında ciddi problemlər yaranıb.

İran istehsalı olan dronların Rusiyaya təhvil verilməsinə gəlincə, bəzi silahların artıq yolda ola biləcəyi və ya hətta gəlib çatdığı barədə fərziyyələr var. Bir neçə təhlilçi son bir neçə ayda İrandan Rusiyaya ən azı 30 yük təyyarəsinin uçduğunu və dronların da həmin yük təyyarələrində olduğunu iddia edirlər. Ancaq İran dronlarını hələlik Ukrayna səmasında görən olmayıb.

İran dronları nə dərəcədə Rusiyanın dadına yetişə, işinə yaraya bilər? “Bayraktar”larla müqayisədə onların hansısa üstünlüyü varmı?

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Rusiyanın İran PUA-larını alması Ukraynada vəziyyəti ciddi şəkildə Rusiyanın xeyrinə dəyişə bilər: “İran son illərdə bu sahədə kifayət qədər ciddi irəliləyişlərə nail olub. Bu gün İran Silahlı Qüvvələri müxtəlif təyinatlı və fərqli PUA modellərinə malikdir. İslam İnqilabı Keşikçiləri Korpusu Suriyada və İraqda baş verən hərbi qarşıdurmada iştirak etməklə həm bu vasitələri döyüş şəraitində istifadə edərək sınaqdan keçirib və əldə olunan nəticələrə əsasən təkmilləşdirmə aparıb.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

İran istehsalçıları İraq, Livan, Liviya və Suriyadakı hərbi əməliyyatlarda qazanılan təcrübədən hazırda geniş istifadə edir. Döyüş əməliyyatlarında sınaqların aparılması İran PUA-larının bazarda rəqabət qabiliyyətini artırıb. İran müasir texnologiyalara malik kəşfiyyat və zərbə PUA-larının bir neçə modelini istehsal edir. Almaniya və Fransadan əldə edilən mühərriklərin bazasında yerli güc qurğuları hazırlanır. İrlandiya və Cənubi Afrikadan ehtiyat hissələrin tədarükü həyata keçirilir. Bəzi yeni PUA-lar artıq yerli gecəgörmə vasitələri və termal kameralarla təchiz edilir”.

Hərbi ekspert deyir ki, İran İsrail və ABŞ-da inkişaf etdirilən PUA texnologiyalarını əldə etməklə faktiki olaraq bu imkanları tam təkrarlaya bilər: “İran mühəndislərinin əlinə keçən İsrail və ABŞ texnologiyasının konstruksiyası və imkanları hərtərəfli araşdırılır və bu vasitələrin bazasında yerli istehsal sahələri təşkil edilir. Bəzi mütəxəssislərin burada İranın Rusiya mütəxəssislərinin xidmətlərindən yararlanması barədə iddiaları isə bir az inandırıcı görünmür. Çünki Rusiyanın özü hələ də həm bəzi vacib PUA hissələrinin hazırlanmasında, həm bu vasitələrin fərqli versiyalarının çeşidlərinin artırılmasında, həm də İranın əldə etdiyi texnoloji səviyyənin fəth edilməsində çətinlik çəkir. Çin mütəxəssislərinin iştirak ehtimalı daha yüksəkdir”.

Hərbi ekspert deyir ki, İranın təbliğat məqsədilə bəzi məhsullarının daha geniş imkanlara malik olduğunu nümayiş etdirmək cəhdləri də var: “Məsələn, 18 kiloqram kütlə ilə 20 saat havada qala bilən ”Yasir” PUA-sının xələfi “ScanEagle”dən daha üstün olduğu görünür, bu isə bir az reallıqdan kənar iddia kimi qəbul edilir. Uzaqmənzilli vasitələrin 100 km-lərlə məsafədə idarəetməsini təmin edən avadanlıqlar barədə isə məlumatlara rast gəlinmir. Bu gün İranın HESA, İAİO, RTS, “Sarad Group”, “Shahbal Group” və “Şhahed” kimi təşkilat və şirkətlərin çalışmaları ciddi nəticələr verməkdədir. Artıq İranın bəzi PUA-ları 900 km/saat sürət, 2000 km uçuş məsafəsi, 14000 metr uçuş yüksəkliyi və ya 30 saat havada qalmaq imkanını təmin edən avadanlıqları əldə edib. 2019-cu ildən İranın artıq stels xüsusiyyətlərə malik PUA-lardan istifadə etdiyi barədə məlumatlara rast gəlinir. İran İslam Keşikçiləri Korpusu Aerokosmik Qüvvələrinin briqada generalı Əmir-Əli Hacızadənin sözlərinə görə, İran hazırda ən qabaqcıl pilotsuz texnologiyalara malik dörd ölkədən biridir. Bu, bir az qabardılan informasiyaya bənzəyə bilər, lakin İranın 1980-ci illərin sonlarından bəri PUA istehsal etdiyini də unutmaq olmaz. İsrail kimi əzəli rəqibi belə İranın bu sahədə texniki imkanlarını yüksək qiymətləndirir.

Əslində uzaqmənzilli ballistik raket istehsalını mənimsəyən İranın fərqli fəaliyyət radiusuna malik müxtəlif təyinatlı PUA-lar hazırlaması təəccüblü olmamalıdır. İdarəetmə sahəsində bəzi çatışmazlıqlar ola bilər, lakin digər sahələr üzrə İran artıq müəyyən nailiyyətlər əldə edərək idxaldan həm azad olub, həm də PUA ilə bərabər texnologiya ixracatçısına çevrilib. Sanksiyalar səbəbindən bu bazarda real mövqeyini əldə edə bilməyən İran, demək olar ki, son illər ərzində mütəmadi olaraq, bəzən isə eyni il ərzində bir neçə yeni PUA təqdimatı həyata keçirir. 2018-ci ilin mayında Antalyada baş tutan “Eurasia Airshow” aviasiya sərgisində İranın PUA-lar üzrə ixtisaslaşan “Sairan” şirkətinin Türkiyəni aviasiya avadanlıqları ilə təchiz etməsi barədə razılıq əldə etməsi də Tehranın bu sahədə əldə etdiyi nailiyyətlərin göstəricisidir. Xatırladıram ki, müqavilə Türkiyəyə PUA-ların tərkib hissələri üçün detalları ilə birlikdə “Toloue-4″ və ”Serat-1″ mühərriklərinin ixracını nəzərdə tuturdu. Bu mühərriklər Fransanın “Microturbo TRI 60″ turboreaktiv mühərrikinin İranda istehsal olunan yerli nüsxəsidir.

Bütün bu məlumatları bir yerə topladıqda məlum olur ki, pilotsuz vasitələrin inkişafı artıq İran Aerokosmik Qüvvələrinin prioritet vəzifələrindən birinə çevrilib. Bu isə şərt sanksiya şərtləri altında fəaliyyət göstərən İranda səbəbsiz ola bilməz. İran müasir döyüş təyyarələrinin inkişafı və istehsalına çalışsa da, bu sahədə bəzi texnologiyaları əldə edə bilməməsi səbəbindən son nəticəni əldə edə bilmir, əvəzində isə üstünlüyü PUA istehsalına yönəldir. Kəşfiyyat və zərbə məqsədləri üçün pilotsuz uçuş sistemlərinin hazırlanmasında əhəmiyyətli və texnoloji irəliləyişlər əldə edilir, bir çox PUA-lar kütləvi istehsal edilib. İxrac edilənlərin də sayı artmaqdadır. Hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında “Mohajer” və “Abibil” ailəsi ilə bərabər “Karrar”, “Hazem”, “Fotros”, “Saegheh”, “Qasef-1″, ”Sarad”, “Şahbal”, “Shahed 129″, ”Simorgh”, “Sofreh Mahi”, “Yasir” və s. kimi fərqli təyinatlı PUA-lar yer alır. Onların bəziləri bir-biri ilə bənzər funksiya və imkanlara malik olsa da, əksəriyyəti İranın qırıcı və hücum aviasiya sahəsindəki modernləşmənin ləngiməsini kompensasiya etmək məqsədi daşıyır. “Saegheh”lə “Shahed 129″ aparatlarının ən azı növbəti on il ərzində İranın yüksək səviyyəli PUA parkının onurğa sütununu təşkil edəcəyi gözlənilir”.

Hərbi ekspert deyir ki, Rusiyanın İran PUA-larını əldə etməsi ilə paralel olaraq Ukraynaya anti-PUA sistemləri də verilib: “Hər bir texnologiya insan amilinə söykənir. Yəni PUA-nı da, anti-PUA-nı mütəxəssis idarə edir. Əgər mütəxəssis yoxdursa, idarəedici kadr yoxdursa, PUA-lar da, anti-PUA-lar da əhəmiyyətini itirir”.

Hamısını Göstər

Related Articles

Back to top button