Belarus haqqında həqiqətlər və miflər – Lukaşenkonun ölkəsi Azərbaycandan nə ilə fərqlənir?

Azərbaycanda Belarus hadisələrinə yanaşma birmənalı deyil. Nədənsə Belarus bir çox insanların şüurunda Sovet İttifaqı ilə identifikasiya edilir, insanlar Belarusda sosializm olduğunu fikirləşirlər. Buna görə də, bəzi solçuların Lukaşenkonu niyə dəstəkləmədikləri insanlara təəccüblü gəlir.

Amma reallıq ondan ibarətdir ki, Belarusda sadə bazar iqtisadiyyatı hökm sürür. Sadəcə orada bazar iqtisadiyyatında dövlətin rolu bir qədər yüksəkdir. Digər sahələrdə isə vəziyyət Azərbaycandan qətiyyən fərqlənmir. Məsələn, bir müddət bizdə sosial şəbəkələrdə Belarusla bağlı faktların siyahısı dolaşırdı. O faktların bəziləri reallığın interpretasiyasından başqa bir şey deyildi. Sözügedən faktlardan üçünə diqqət yetirək:

– İşsizliyin olmadığı, hər kəsin normal maaşlı işlə təmin edildiyi ölkə;

– Demək olar ki, hər kəsin evə sahib olduğu ölkə;

– Dünya üzrə intiharların ən az olduğu ölkələrdən biri.

İşsizlik necə gizlədilir?

Birinci işsizlik məsələsi gəlir. SSRİ-də də işsizlik formal olaraq yox idi. Əksəriyyət belə hesab edir ki, sosializm şəraitində hamı hansısa işlə məşğul olub. Rəsmi məlumata görə, Belarusda işsizlik 0,2% təşkil edir. Bu məlumatı Belarus Əmək Nazirliyinin saytında tapa bilərsiniz. Belə vəziyyət Belarusda qanunvericiliklə bağlıdır. 2017-2018-ci illərdə ölkədə işsizliyin qarşısını almaqdan ötrü xüsusi qanun hazırlanmışdı. Sözügedən qanuna görə, işsiz insanlar xüsusi vergi ödəməli idilər. O zamankı etirazlar nəticəsində dövlət müvafiq qanundan imtina etdi, amma prezidentin xüsusi sərəncamı ilə “Əhali məşğulluğunun dəstəklənməsi” adlı dekret qəbul olundu. Bu dekretə görə, işsizlər üçün kommunal xidmətlərin qiyməti digər insanlarla müqayisədə 5,5 dəfə artırıldı. Nəticədə insanlar ən aşağı əməkhaqqı verən işlərdə çalışırlar (minimal əməkhaqqı isə 375 Belarus rubludur, bizim pulla 259 AZN), əks halda kommunal xidmətlərə görə ödənişləri artacaq. Başqa sözlə, Belarusda rəsmi işsizlik aşağıdır. Amma Azərbaycandan fərqli olaraq, yerli statistika komitəsi real işsizliyin nisbətini də müəyyənləşdirməyə çalışır. Ona görə hər rübdə ev təsərrüfatlarının həyat səviyyəsinə dair tədqiqatlar keçirir. Tədqiqatın subyektləri tam təsadüfi seçilir və müvafiq məlumata görə, ev təsərrüfatlarında olan insanlar arasında işsizlik 4,6% təşkil edir. Eyni zamanda əmək qabiliyyətli insanların yalnız 68%-i məşğuldur (digərləri ya ümumiyyətlə, əmək bazarında iştirak etmirlər, ya da işsiz olaraq iş axtarmırlar). Başqa sözlə, 4,6%-i rəsmi rəqəm kimi qəbul etmək olar. Bu da elə Azərbaycan səviyyəsindədir (ən azı, rəsmi rəqəmlərə görə). Reallıqda isə hər iki ölkədə işsizlik daha yüksəkdir.

Mənzil məsələsində vəziyyət nisbətən göstərildiyi kimidir (Sovet dövründən qalan mənzillərin 93%-i özəlləşdirilib). Belarus, adambaşına düşən kvadrat metrə görə MDB-də ikinci yerdədir. Amma nəzərə almaq lazımdır ki, sadəcə Minskdə 196 min insan (ya da 49 min ailə) mənzil növbəsində durur. Keçən il ərzində isə daha 2 min insan müvafiq növbəyə yazılmışdı. Ümumiyyətlə, orada mənzil almaq proseduru o qədər də asan deyil. Güzəştli yol üçün isə növbəyə durmaq lazımdır.

İntiharlara görə Avropada 5-cidir

Sadalanan faktlar arasında ən maraqlısı intiharlar məsələsidir. Bununla bağlı 2019-cu ilə dair beynəlxalq müqayisələr yoxdur. Amma 2018-ci ilin nəticələrinə əsasən, intiharların əhali sayına nisbətinə görə, Belarus Avropada üçüncü, dünyada beşinci yerdədir. Hətta bu ilin əvvəlindən ölkədə 400 intihar baş verib (ümumi olaraq, kənar səbəblərdən 850 nəfər ölüb. Belarusda intihardan ölüm sayı qətldən ölümlərdən 5-7 dəfə çoxdur). Rəsmi qurumlar ölüm faktlarının azaldılmasına çalışırlar, amma reallıq və rəsmi rəqəmlər tamamilə fərqli məfhumdur.

Özəlləşdirmə var, özü də Azərbaycansayağı…

Bundan başqa, özəlləşdirmə məsələsi də vacib yer tutur. Əslinə qalsa, Azərbaycanda da özəlləşdirmə normal keçirilməyib və bir çox müəssisələr hələ də dövlətə məxsusdur. Amma nədənsə bu məsələdə Belarusu fərqləndirirlər. Lukaşenko özəlləşdirmə barədə danışarkən daim “alacaqlar, sonra satacaqlar, müflis edəcəklər” və s. deyir və bu sözlərilə də özəlləşdirmənin “düşməni” qismində çıxış edir. Amma maraqlıdır ki, bu onun özəlləşdirməni həyata keçirməsinə mane olmur. Bu yaxınlarda Belarusun yerli KİV-lərindən biri belə bir özəlləşdirmə nümunəsi göstərmişdi. Deməli, Qomeldə hidravlik aparatura istehsalı ilə məşğul olan “Qidroprivod” adlı bir müəssisə varmış. O, dövlət mülkiyyətində olduğu dövrdə “Minsk Traktor Zavodu”nun (məşhur MTZ) tərkibində imiş. Amma 2014-cü ildə onu ayırıblar və açıq səhmdar cəmiyyətinə çeviriblər. Eyni ildə də Lukaşenkoya yaxın olan A. Şakutin adlı yerli oliqarxa satıblar. Özəlləşdirməyə qədər müəssisə mənfəət gətirirdi. Özəlləşdirmədən sonra müəssisəyə bir çox güzəştlər verilib (məsələn, idxal olunan xammal və avadanlıq gömrük rüsumlarından və ƏDV-dən azad olunub, əldə edilən valyutanı özündə saxlamaq imkanı yaradılıb və s.). Buna baxmayaraq, özəlləşdirmədən sonra müəssisə mənfəət göstərə bilməyib. Misal üçün, 2019-cu ilin nəticələrinə görə, şirkətin zərəri bizim pul ilə 5,2 milyon manat təşkil edib. Bu azmış kimi, müxtəlif kommunal şirkətlərə və banklara 73 milyon Belarus rublu məbləğində (təxminən, 60 milyon AZN) borcu var. Maraqlıdır ki, müəssisə özəlləşdirilərkən dövlət büdcəsinə tam ödəniş edilməyib və heç bir tələb də yerinə yetirilməyib.

Belə nümunələr çoxdur. Qomeldə bu şəkildə özəlləşdirilmiş bir neçə müəssisə var. Uzun sözün qısası, Lukaşenkoya “sosialist” deməzdən əvvəl, ən azı, yerli iqtisadiyyatı araşdırmaq lazımdır. Çünki orada sosializmə yaxın çox az şey var.

Gəlirsiz işləyən dövlət müəssisələri

Yaxşı, bəs dövlət müəssisələrinin fəaliyyəti necədir? Bu bənddə Lukaşenkonun vacib addımlarından biri kimi iri zavodların saxlanılması qeyd olunur. Amma burada da bir çox problemlər var. Məsələn, yerli DTK-nın rəhbəri hələ 2018-ci ildə ölkədə bütün səviyyələrdə və sahələrdə korrupsiya olduğunu elan etmişdi. Belə ki, dövlət müəssisələrinin fəaliyyəti daha çox korrupsiya və qeyri-formal münasibətlər üzərində qurulub.

Mənfəət barədə danışmaq isə daha da çətindir. Misal üçün, Belarusun ən məşhur müəssisələrindən biri “MAZ” zavodudur. 2019-cu ildə onun mənfəəti bizim pulla 22 min manat təşkil edib. Ondan bir il əvvəl isə şirkətin zərəri 60 milyon manatdan çox idi. Müəssisədə orta maaş, təqribən, 500 manatdır. Bir neçə iri zavoddan başqa, digər müəssisələrin fəaliyyəti faktiki dayandırılıb. Hətta rəsmi məlumata görə, yerli dəzgah istehsal zavodları sovet dövrü ilə müqayisədə 10 dəfə az istehsal edir. Eyni məsələ bir çox digər zavodlara da aiddir. Ölkə üzrə yalnız bir neçə müəssisənin fəaliyyəti qismən sovet dövrünə yaxındır.

Kənd təsərrüfatında da vəziyyət problemlidir. Müəssisələrin 65%-i zərərlə çalışır və yalnız dövlət büdcəsindən əldə olunan ödənişlər hesabına yaşayır.

Milyardlarla xarici borc, ÜDM-ə qatqı verə bilməyən zavodlar…

Belarusun kifayət qədər böyük xarici borcu mövcuddur. Məsələn, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 10,7 milyard dollar idisə, xarici borca görə ödənişlər 3,8 milyard dollardan yüksək idi. Yəni qeyd olunan müəssisələr ölkəyə iqtisadi fayda gətirmir. Onların əsas satış bazarı Rusiyadır və Rusiya uzun müddətdir ki, öz bazarını müdafiə etməyə çalışır. Nəticədə Belarusda xalis valyuta gətirən bir neçə sahə mövcuddur: “Belaruskaliy” şirkəti (il ərzində 3 milyard dollarlıq məhsul ixrac edir); 2 neft emalı zavodu; İT sahəsi (orada, ən azı, 600-dən çox şirkət var, onların 193-ü nisbətən iridir və demək olar ki, hamısı xariclə çalışır); nəqliyyat (əsasən tranzit). Son iki sahə ən çox valyuta gətirən sahələrdir. Misal üçün, İT sahəsi Belarusa birbaşa olaraq 2 milyard təmiz valyuta gətirib. Düzdür, bu, ölkənin tədiyə balansının bərabərləşdirilməsinə imkan vermir (hər il tədiyə balansı defisitlə bitir), amma nisbi olaraq ən yüksəkgəlirli sahədir. Maraqlıdır ki, İT sahəsi ölkə ÜDM-in 7%-ni təşkil edir. Bu isə məşhur “Belaz”, MAZ, MTZ və digər maşınqayırma müəssisələrinin verdiyi payla, demək olar ki, bərabərdir – onların payı 11%-dir. Əlavə dəyər cəhətindən isə daha yüksəkdir.

Yəni məşğul əhalinin 43%-nin çalışdığı dövlət müəssisələrindən yalnız 3-ü ölkəni normal valyuta təmin edir. Dövlət müəssisələrin sayı isə 15 mindən çoxdur. Hətta bu 3 müəssisədən 2-si, yəni neft emalı zavodları 2024-cü ildən sonra artıq indiki kimi fəaliyyət göstərə bilməyəcək. O zamana qədər Rusiya Belarusa verdiyi güzəşti ləğv edəcək. Dövlətin yalnız güzəştlərlə iştirak etdiyi sahələr isə daha çox iqtisadi fayda gətirir. Burada problem dövlət və ya özəl idarəçilikdə deyil. Problem ondadır ki, Belarusun iqtisadiyyatı bizimki kimi neftdən asılı deyil, amma yenə də bir-iki resursdan asılıdır. Belaruslar Rusiya ilə gömrük güzəştləri hesabına neft emal edib daha ucuz qiymətə Ukrayna və ya Avropaya sata bilirlər. Eyni zamanda “Belaruskaliy” şirkəti də gübrə satışında lider şirkətlərdən biridir. Başqa sözlərlə, çoxsaylı maşınqayırma zavodlarının heç bir xeyri yoxdur, dövlət isə neft məhsullarından əldə etdiyi pulu bu sahələrə yatırır.

İqtisadiyyat böhran keçirir

Bu tip iqtisadi quruluş bir neçə müddət fəaliyyət göstərə bilər, amma tədricən dəyişikliklər edilməli, müvafiq məhsullar dünya bazarına çıxarılmalıdır və s. Belarus uzun müddət Rusiya ilə bağlılığından istifadə edirdi. Ancaq son zamanlar Rusiya öz bazarını müəyyən qədər bağlamağa başlayıb (məsələn, MAZ-ın ucuz işçi qüvvəsinə görə üstünlüyü vardı, amma Rusiyada idxal olunan nəqliyyat vasitələrinə əlavə yığımın tətbiq edilməsi nəticəsində öz üstünlüyünü itirdi).

Bütün bunların nəticəsində hazırda Belarus iqtisadiyyatı böhran keçirir. Böhrandan çıxmaq üçün isə ya kifayət qədər vəsait, ya da iqtisadi quruluşu dəyişdirmək tələb olunur. Birinci üçün pul, ikinci üçün Lukaşenkonun getməsi lazımdır. İndi Belarusda pul yoxdur (avqust ayı ərzində Belarus rublunu saxlamağa sərf olunan valyuta ehtiyatları 1 milyard azalıb. Hərçənd elə də çox deyildi – 9 milyard). Odur ki, yalnız ikinci variant qalır. Əks halda Belarus daha da ciddi böhranla üzləşəcək. Bu isə daha ciddi fəsadlarla nəticələnə bilər.

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button