Biləsuvarda iki nəfərdən 8 kq-dan artıq narkotik vasitə götürülüb.
Ölkə ərazisinə gizli yolla gətirilən külli miqdarda narkotik vasitə və həblərin satışını təşkil etmək istəyən şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. Cənub bürosu xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan həmin şəxslərdən 8 kiloqramdan artıq narkotik vasitə və 2200 ədəd yüksək təsiredici xassəyə malik həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Şöbə əməkdaşlarının daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunan Neftçala rayon sakini Fizuli Hüseynov və Salyan Rayon sakini Ayaz Əliyev saxlanılıblar.
Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bükümlərdə qablaşdırılmış 5 kiloqram 710 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin, 470 qram heroin, 500 qram marixuana və 2200 ədəd narkotik metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxslər sözügedən narkotik vasitələri xaricdə yaşayan narkotik vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.
Faktla bağlı Biləsuvar RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.