Biz AXC-nin varisiyik, sərhədlər də bu xəritə ilə çəkilsin!
Azərbaycan Cümhuriyyətinin ərazisini əhatə edən xəritə də var və bu xəritə Paris Sülh Konfransında böyük dövlətlərə təqdim edilib.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında sərhədlərin 1920-ci ilə aid olan xəritələrlə çəkilməsi haqda müzakirələrə münasibət bildirən tarix elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.
O bildirib ki, bolşevik işğalının ilk illərində Azərbaycan əraziləri çox böyük coğrafiyanı əhatə edirdi:
“Rusiya əsarəti altındakı Şimali Azərbaycanın sahəsi 130 min kv km idi. 1918-ci ildə ermənilərə 9 min kv km ərazisi olan İrəvan xanlığı verildi, 7 min kv km-lik ərazisi olan Dərbənd xanlığı isə Rusiyanın nəzarətinə keçdi. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi 114 min kv km-ə yaxın idi. 1920-ci ildə ADR-i işğal edən Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri bunlardır: Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalının ümumi sahəsi 27,3 min kv km-dir”.
Alimin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşməsi məsələsi gündəmə gəlirsə, onda 1918-20-ci illərdə mövcud olan xəritələr əsas götürülməlidir, çünki həmin zaman həm Azərbaycan, həm də Ermənistan müstəqil idi:
“Azərbaycan Rsepublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və hazırkı sərhədlərimizin AXC xəritəsi əsasında müəyyənləşdirilməsi bizim haqqımızdır. Çünki Rusiya 1920-ci ildə müstəqil respublikamızı işğal etdikdən sonra o vaxtkı ərazimizin xeyli hissəsini, o cümlədən Zəngəzuru heç bir qanuni əsas olmadan Ermənistana bağışlayıb. Burda diqqət ediləsi məsələ budur. Onu da nəzərə almaq lazımdır ki, sərhədlərin 1920-ci il xəritəsi əsasında müəyyənləşməsinə dair təklifi Azərbaycan tərəfi irəli sürməyib”.
Zaur Əliyev bildirib ki, Azərbaycana 1920-ci il xəritələri – yəni Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulduğu zaman mövcud olan ərazilərlə sərhədlərin müəyyənləşdirilməsi də sərf edir:
“Proses həmin xəritələr ilə aparılsa, Ermənistana qanunsuz verilən əkin və otlaq sahələri qaytarılmalıdır. Rəsmi İrəvanı narahat edən digər məsələ də Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qisminin Azərbaycan sərhədlərinə daxil ediləcəyidir. Çünki həmin vaxt Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən yol vardı”.