Boris Conson istefa verməyəcək: Nazirlərsə bir-bir ərizə yazırlar
Böyük Britaniya hökumətində istefalar davam edir.
Ailə məsələləri üzrə nazir Uill Kuins və Nəqliyyat Nazirliyinin xüsusi parlament katibi Lora Trott da istefa veriblər.
“Bazar ertəsi günü indi həqiqətə uyğun olmadığı anlaşılan bəyanatları qəbul etdim və bunları mediaya təkrarladıqdan sonra bu səhər böyük kədər və təəssüf hissi ilə baş nazirə istefa ərizəmi təqdim etdim”, – deyə Kuins “Twitter” hesabında qeyd edib.
O, Britaniyanın Baş naziri Boris Consona ünvanladığı mesaja istefa məktubunu da əlavə edib.
Sözügedən bəyanatlara Consonun 2019-cu ildə parlamentin keçmiş təşkilatçısı Kris Pinçerə qarşı başladılan cinsi təcavüz təhqiqatından xəbərsiz olması ilə bağlı iddialar daxildir. Çərşənbə axşamı məlum olub ki, baş nazirin bundan xəbəri olub, lakin buna baxmayaraq Pinçeri bu vəzifəyə təyin edib.
Trott isə istefa məktubunu “Facebook” səhifəsində dərc edib. O bildirib ki, “siyasətə inam həmişə böyük əhəmiyyət kəsb edir və bu belə olmalıdır, lakin təəssüf ki, son aylarda bu inam itirilib”.
Beləliklə, Kuins və Trott istefa verən Britaniya siyasətçiləri siyahısına əlavə olunublar. Çərşənbə günü İngiltərənin səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak da daxil olmaqla 10 nəfər oxşar qərarlar qəbul edib.
Pinçer keçən həftə iki kişiyə cinsi təcavüzdə günahlandırılıb və bundan sonra istefa verib. Sonradan məlum olub ki, Pinçerə qarşı bu cür ittihamlar ilk dəfə deyil və 2019-cu ildə onun barəsində istintaq işi aparılıb. Lakin buna baxmayaraq, Conson onu 2022-ci ilin fevralında parlament təşkilatçısı vəzifəsinə təyin edib.