“Boz kardinal”ın süqutu, yaxud 16 ildən sonra bəraət alan məqalə…

Vaxtilə yasaq olunmuş bir yazının izi ilə…

“Boz kardinal”ın dövrü bitdi… Onun dövrünün bitməsi üçün ilk qığılcım, ilk çağırış hələ 16 il öncə hakim partiyanın orqanı olan “Yeni Azərbaycan” qəzetində yer almışdı. Qəzetin 15.06.2004-cü il tarixli 116-cı sayında dərc edilmiş “Ramiz Mehdiyev nə vaxtdan bəri “dörümüzün mahir tədqiqatçısı və görkəmli filosofu” olub?” “Prezident Administrasiyasının rəhbəri vəzifə səlahiyyətlərini aşır” adlı məqalədə Administrasiya rəhbərini tutduğu postdan istifadə edib informasiya resurslarını öz xeyrinə işlətməkdə tənqid etmiş, məddahlığı və özünütərifi dövlət maraqlarına zidd addım kimi qiymətləndirilmişdi. Əslində burada qeyri-adi görünəcək bir şey yoxdur – dövrünün ictimai şüura birbaşa təsiretmə gücünə malik olan “Yeni Azərbaycan” qəzeti məddahlığı rədd edir, dövlətçiliyimizdən öz maraqlarına uyğun istifadə edənləri ifşa etmişdi. Qeyri-adi olanı isə belə bir məqalənin Ramiz Ənvəroviçin mətbuatda “at oynatdığı” bir vaxtda, özü də YAP-ın rəsmi orqanında dərc edilməsi idi. Və elə bu yazı da iqtidar mətbuatında demokratik dönüşü, dövlətin müdafiəsində durduğu söz və fikir azadlığını məhv etmək üçün fürsət axtaran Mehdiyev və onun əlaltılarına şans vermişdi. Sonda “qalib” tərəf Ramiz Mehdiyev və onun komandası olmuşdu. Qəzetə rəhbərlik edən Alqış Həsənoğlu (Alqış Musayev) işdən kənarlaşdırılmış, peşəkar kollektiv pərən-pərən düşmüşdü… Amma bu, yalnız qəzetin və kollektivin faciəsi oldumu? Xeyir! “Yeni Azərbaycan” qəzetində gedən səs-küylü yazıdan sonra “Boz kardinal” özünə təriflər söylədən “filosofdan” dövlətin birinci şəxsi olmaq iddiaçısına çevrildi… “Haqq nazilər, amma üzülməz” deyiblər. Sonda özü də ətrafı da dövlət üçün qazdığı quyuya yuvarlandılar.

Bu gün Ramiz Mehdiyevin əleyhinə söz deməyən yoxdur. Vaxtilə Mehdiyevə ibadət edənlər belə bu gün onun ziddiyyətli əməllərini “ifşa” edənlər gecikiblər… Düz 16 il!

KONKRET.az thebusinesstimes.az-a istinadən sözügedən MƏQALƏni təqdim edir:

Ramiz Mehdiyev nə vaxtdan bəri “dörümüzün mahir tədqiqatçısı və görkəmli filosofu” olub?

Prezident Administrasiyasının rəhbəri vəzifə səlahiyyətlərini aşır

Məddahlıq bütün dövrlərdə ikrah hissi doğurub. Mədh olunan obyektin keyfiyyətləri ilə onun ünvanına yağdırılan təriflər üst-üstə düşmədikdə isə hər iki tərəf biabır olur. Nədənsə son vaxtlar mediada, xüsusən də rəsmi dövlət qəzetlərində belə biabırçıqların ənənəyə çevrildiyinin şahidi oluruq. Nə sovet mətbuatında, nə də müasir dövürmüzdə indiki kimi əndazəsini aşmış bayağı təriflərin analoqunu tapmaq mümkün deyil. Bəlkə də, bütün bunlara susmaq, göz yummaq da olardı, lakin dövlətin informasiya resurslarından belə səriştəsizcəsinə sui-istifadə xroniki hal aldığı üçün bəzi məqamlara toxunmaq yerinə düşərdi. Hər şey Ramiz Mehdiyevin “Dünyanı heyran qoyan insan” adlı kitab yazdığı ön sözün təntənəli müzakirəsindən sonra başladı. Daha doğrusu, əndazəsini aşdı. Kitabda ümummilli liderimiz Heydər Əliyev haqqında dünyanın görkəmli dövlət və siyasi xadimlərin fikirləri, xatirə şəkilləri toplanıb. Nəfis formada tərtib olunmuş kitab xatirə-albom üslubundadır və ümummilli liderimizin fəaliyyəti haqqında dolğun təsəvvür yaradır. Kitabın müəyyən hissəsini əhatə edən ön söz isə Heydər Əliyev haqqında yazılmış ən adi yazılardan biri kimi qiymətləndirilə bilər. Ancaq məsələnin “qeyri-adiliyi” ondadır ki, həmin məqalənin müəllifi Ramiz Mehdiyevdir. Xüsusi vurğulamaq lazımdır ki, nə bu kitabın, nə də təqdimat mərasimində səslənən fikirlərin Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Əksinə o, qəzetlərdə dəfələrlə dərc olunmuş yazısını ümummilli liderimiz haqqında kitaba daxil etməklə həmişə olduğu kimi, bu dəfə də böyük şəxsiyyətin adı ətrafında manipulyasiya etdiyini bir daha göstərmiş olur. Elə kitabın təqdimat mərasimində də mahiyyəti bir kənara qoyan natiqlər Mehdiyev qələminin “rəngarəngliyindən” ağız dolusu danışdılar. Ramiz Mehdiyev “ön sözü”nün müzakirəsində müasir dövrümüzdə mədhiyyə janrının yeni elementləri özünü göstərdi. Biz də “dərin məzmunlu” çıxışların qəribə statistikasını apardıq. Məlum oldu ki, natiqlər 33 dəfə R.Mehdiyevin adını çəkmələrinə baxmayaraq, cəmi 4 yerdə Azərbaycan Prezidenti İlham Əliyevdən bəhs ediblər. Mehdiyevin “uğurlu” təqdimat kampaniyasından sonra “Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası” adlı məqaləsinin “Bakinskiy raboçi” qəzetindən tərcüməsinin bütün dövlət mətbuatında dərc olunması ilə məsələlər bir az da aydınlaşdı. Artıq məqsədyönlü şəkildə kampaniyaya başlayan Prezident Administrasiyasının rəhbəri vəzifə səlahiyyətlərini aşaraq, daha doğrusu, ondan sui-istifadə edərək dövlətin informasiya resurslarını öz xeyrinə işlətməkdədir. Vəzifə səlahiyyətlərini aşmaq qanunları kobud şəkildə pozmaq deməkdir və buna görə Cinayət Məcəlləsinin müvafiq maddələri mövcuddur. Sovet inzibati-amirlik sisteminin şablon ifadələrinə əsaslanan primitiv düşüncə tərzinin məhsulu olan yazını “AzərTAc” Dövlət Teleqraf Agentliyi olmasına baxmayaraq, sanki dövlət sənədi kimi bütün rəsmi qəzetlərə yayıb. Məqalənin dərcindən sonra dil pəhləvanları qələmlərini itiləyib vəsf etmə kampaniyasına başlayıblar. Ən qəribəsi də odur ki, yazılmış mədhiyyələr Mehdiyevin məqaləsindən on dəfələrlə böyükdür. Bu istiqamətdə rekordlardan birini də “Azərbaycan” qəzeti vurub.

Qəzetin 11 iyun tarixli sayında “Qloballaşan dünya sivil mübarizəni qəbul edir” başlıqlı yazıda qeyd olunur ki, “müasir dövrün mahir tadqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri tadqiq və izah edən, dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi-fəlsəfi əsərlərin müəllifidir”. Fikrimizcə, bu əttökən və ümumiyyətlə, mətləbə dəxli olmayan təqdimatdan sonra əlavə izahata ehtiyac yoxdur. Azərbaycanın istər tarixən, istərsə də müasir dövrdə kifayət qədər sanballı filosofları olub. Bəhmənyarın, Heydər Hüseynovun adları bu gün də dərin hörmət hissi ilə anılır. Azərbaycanın milli təfəkkürünün formalaşmasında müstəsna əhəmiyyəti olan belə kişilərdən sonra hansısa məmura “görkəmli filosof” demək xalqımızın fəlsəfi irsinə həqarətdir, böyük dühalarımızın ruhunu təhqir etməkdir və ən əsası ayıbdır. Mədhiyyəçiliyin bayağı forma və metodlarını özündə birləşdirən bu cümlələri oxuduqdan sonra müəllifin qarşısına hansı məqsədlər qoyduğu aydınlaşır. Əvvəla “mahir tədqiqatçı və görkəmli filosof” olmaq üçün hansısa yüksək dövlət postunu tutmağa lüzum yoxdur.

Qloballaşmanın mahiyyətindən qatmaqarışıq şəkildə bəhs edən məqaləni ideoloji silah və ya rupor kimi təqdim etmək, artıq çoxdan başa çatmış “soyuq müharibə”dən qalmış mirasdır. Dünyada ictimai-siyasi formasiyaların bir-birini əvəzləməsinə, dinamik dəyişikliklərə rəğmən köhnə, heç nəyə yaramayan kommunist təfəkküründən əl çəkilmir. Demokratiyanın mahiyyəti ilə daban-dabana zidd olan ideologiyanı yenidən proseslərin fövqünə qaldırmaq məgər qloballaşmadır?

Uşaqdan böyüyə qədər hər bir vətəndaşımız yaxşı bilir ki, azərbaycançılıq ideologiyasının ideoloqu müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevdir. Belə olan şəraitdə hansısa dövlət məmurunu ideoloq kimi qələmə vermək səriştəsizlik deyil, məqsədyönlü addımdır. Bir məqalə ilə dövlət strategiyasını müəyyənləşdirmək, dövlətçilik konsepsiyasını əsaslandırmaq mümkün deyil. Başqa sözlə desək, dövlət qəzet məqaləsi ilə idarə olunmur. Belə olan halda hansı mahir tədqiqatdan və ideologiyadan söhbət gedə bilər? Rəsmi qəzetlərinin məqalə haqqında məqalələrini oxuduqda adamın yadına L.İ.Brejnevin “Kiçik Torpaq” əsəri haqqında yayılan məşhur lətifə düşür. Siyasi Büronun üzvləri “Kiçik Torpağı” o qədər tərifləyir ki, Brejnev özünü saxlaya bilməyib deyir: “Deyəsən yaxşı əsərdir, gərək özüm də oxuyam”…

Prezident Administrasiyasının rəhbəri məqaləsini, hətta “beynəlxalq” miqyasda da təbliğ etməkdən belə çəkinməyib. Qətiyyən təsadüfi deyildir ki, məqalə dərc olunduqdan dərhal sonra “Azad Avropa” radiosunun şərhçisi məqaləyə münasibət bildirib. Həmin şərhi “Boz kardinal müxalifəti tənqid edir” başlığı ilə AzərTAc operativ surətdə bütün qəzetlərə yaymışdı.

Ümumiyyətlə, sözügedən məqalənin işıq üzü görməsindən sonra baş verən proseslərdə qəribə sinxronluq özünü göstərir. Dövlət qəzetlərinin təbliğat kampaniyası ilə yanaşı, müxalifətin də bu mövzuya geniş yer ayırması göz önündədir. Bundan dərhal sonra 15-16 oktyabr iğtişaşlarının təşkilatçılarından heç bir əsas göstərmədən R.Mehdiyevi məhkəməyə vermək niyyətlərini bildirməklə imic reklamına öz töhfələrini vermiş oldular. Digər incəliklərə toxunmadan nəzərdən keçirdiyimiz faktların təhlili göstərir ki, tərif kampaniyasının aparılması təsadüfi xarakter daşımır. Burada hansı maraqların önə çəkildiyi, hansı niyyətlərin hədəfləndiyi hələlik pərdə arxasında qalıb. Ancaq o da sirr deyil ki, bu maraqlar dövlət maraqları deyildir və Prezidentə sədaqətdən irəli gəlmir.

Dövlət aparatı daim gərgin iş rejimində fəaliyyət göstərən idarəetmə strukturdur. Bu struktur çərçivəsində məsuliyyətli postda çalışan şəxs, görəsən, elmlər doktoru və professor olmağa “mahir tədqiqatçılıq” etməyə haradan vaxt tapır? Hələ onu demirik ki, R.Mehdiyev Dövlət İdarəetmə Akademiyasında kafedra müdiridir. Belə təəssürat yaranır ki, dövlət işi o qədər asandır ki, burada çalışanlar doktor, professor, tədqiqatçı və hətta ideoloq da ola bilərmiş. Əgər Mehdiyevin fəlsəfi tədqiqatlar sahəsində belə istedadı varsa, nə üçün inzibati aparatda öz “istedadını” korlayır. Qoy Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərsin və yaxud da neçə illərdir “bron” saxladığı kafedra müdiri vəzifəsinin icrasına başlasın.

Bir daha məddahlıq və məddahlar mövzusuna qayıtmaq istəməzdik. Nəzərə alaq ki, ümummilli liderimiz dəfələrlə yaltaqlara, simasızlara qarşı barışmaz olub, ikiüzlü və siyasi simasını itirmiş riyakarlara qarşı mübarizə aparıb. Təvazökar düşüncəli insan olan cənab Prezident İlham Əliyev də öz növbəsində dəfələrlə bəyan edib ki, “mən üzərimə böyük məsuliyyət götürmüş adi azərbaycanlıyam. Məni tərifləmək lazım deyil”. Əgər hansısa məmur özünü heç bir məsuliyyət daşımayan “qeyri-adi” azərbaycanlı sayırsa, o kökündən yanılır və bu davranışına görə cavab verməlidir.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close